Qarabağ münaqişəsi yenidən hərb müstəvisinə daşınır

11 May 2018 07:00 (UTC+04:00)

Ermənistanda baş nazir seçilən Nikol Paşinyanın Azərbaycanın işğal altındakı ərazilərinə gəlişi, Xankəndində çoxsaylı jurnalistlərin iştirakı ilə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər Dağlıq Qarabağ münaqişəsinin hərbi həll ehtimalını artırır.  O, Azərbaycan qarşısında qəbuledilməz  şərt irəli sürüb: “Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı Azərbaycan rəhbərliyi ilə danışıqlar aparmağa hazıram. Lakin qeyd etmək istəyirəm ki, münaqişədə Dağlıq Qarabağ tərəf kimi çıxış etməyənə qədər danışıqların heç bir effekti olmayacaq”. Paşinyanın açıqlamaları Dağlıq Qarabağda münaqişəni alovlandıra biləcək başlıca faktorlardan sayılır.
Milli Məclisin deputatı Elman Məmmədovun fikrincə, Paşinyanın Qarabağ məsələsində sərgilədiyi son mövqeyi konfliktin yenidən alovlanmasına gətirib çıxara bilər: “Ermənistanın yeni rəhbərliyinin də əvvəlki Sarkisyan rejiminin Qarabağla bağlı siyasətini davam etdirəcəyi təqdirdə, təbii ki, münaqişə yenidən alovlanacaq. Onu qeyd edim ki, Paşinyan çox böyük səhvə yol verir. Çünki Dağlıq Qarabağ Azərbaycanın bölünməz tərkib hissəsidir. Orada yaradılan hər hansı bir separatçı, qondarma qurum Azərbaycan qanunlarının əleyhinədir. Azərbaycan ərazisində yaradılan qeyri-qanuni cinayətkar qurumdur. Azərbaycan da təbii ki, həmin qurumun ləğv olunması və cinayətkarların cəzalandırılması üçün ordumuzun gücü ilə lazım olan tədbirləri görəcək. 
Paşinyan Ermənistan vətəndaşıdır. Bu dövlətin baş naziridir. O, bütün beynəlxalq qanunları ayaq altına ataraq qeyri-qanuni şəkildə Azərbaycan sərhədini, hava məkanımızı pozub. Fikrimcə, Paşinyan hava məkanımızı pozduğu yerdə onu gətirən vertolyot onunla birlikdə vurulmalı idi.  Paşinyanın bu hərəkəti beynəlxalq hüquq və qanunlara, BMT qərarlarına və Azərbaycan qanunlarına hörmətsizlikdir. 
İkinci bir tərəfdən, Dağlıq Qarabağdakı separatçı rejimin də danışıqlara cəlb edilməsini tək Paşinyan deməyib. Bu söhbətlər hələ keçən əsrin 90-cı illərin əvvəllərindən gedir. Ermənilər separatçı qurumu yaradan vaxtdan bəyan edirlər ki, həmin cinayətkar qurum da danışıqlarda tərəf kimi iştirak etməlidir. Azərbaycan buna heç zaman inkan verməyib və bundan sonra da verməyəcək. Çünki ərazi Azərbaycanın ərazisidir. Oradakı cinayətkar qurum heç zaman tərəf ola bilməz. Çünki cinayətkardırlar və onları məhz edərək cinayətkarların cəzasını verəcəyik. Burada tərəf kimi ancaq Ermənistan iştirak edə bilər. Çünki Azərbaycan ərazisini Dağlıq Qarabağdakı separatçılar işğal etməyib, Ermənistan dövləti tərəfindən işğal edilib. Ona görə də danışıqlar Ermənistanla aparılmalıdır. 
Digər tərəfdən, Ermənistan müstəqil dövlət və bu məsələdə müstəqil söz sahibi olmadığından hesab edirəm ki, ən yaxşı məqsədyönlü mövqeyimiz Dağlıq Qarabağla bağlı danışığı Rusiya ilə aparmağımız olardı, nəinki İrəvanla. Çünki faktiki olaraq, İrəvan heç nə həll etmir. Məsələni həll edən işğala qədər, işğal dövründə və bu günün özündə də Rusiyadır”.
Politoloq Fikrət Sadıxov düşünür ki, Paşinyan bir çox həqiqətləri dərk etməsə, konflikt ətrafında vəziyyət daha da gərginləşəcək: “Paşinyanın Dağlıq Qarabağdakı separatçıların tərəf kimi danışıqlar prosesinə cəlb edilməsini tələb etməsi  o deməkdir ki, yeni baş nazir daha radikal mövqedən çıxış edir. Bəlkə xəbəri yoxdur, bəlkə də qəsdən edir. Keçən əsrin 90-cı illərin əvvəlində ATƏT-in Minsk qrupu yarananda sənədlərdə münaqişə tərəfləri qismində Azərbaycanla Ermənistan qeyd olunmuşdu. Orada Dağlıq Qarabağdakı separatçı rejimin adı yox idi. Bunu yeni baş nazir dərk etməli, başa düşməlidir. Başa düşmürsə, götürüb həmin sənədlərlə tanış olsun. 
Separatçı rejim danışıqlarda iştirak etmək istəyirsə, Dağlıq Qarabağda iki icma yaşayır. Çünki orada tək ermənilər yaşamayıb, azərbaycanlılar da yaşayır. Onlar bir-birilə danışıqlar aparmalıdır.  Həqiqət budur. Bu mənada Paşinyan  Qarabağ məsələsində sərt danışmaqla onu oradakı ermənilərə xoş gəlmək üçün edirsə, öz işidir. Amma real vəziyyəti nəzərə alaraq Paşinyan Azərbaycanla konstruktiv dialoqa getmək istəyirsə, bir sıra həqiqətləri dərk etməli, başa düşməlidir. Əks halda sözsüz ki, münaqişə ətrafında vəziyyət çox kəskinləşə bilər”.
Rüfət NADİROĞLU