ABŞ-İran qarşıdurması nefti sürətlə bahalaşdırır

11 May 2018 09:00 (UTC+04:00)

ABŞ-ın İrana qarşı son addımları neftin qiymətini sürətlə yüksəldir. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İranla “altılıq” dövlətlərinin 2015-ci ildə, əvvəlki prezident Barak Obama dövründə bağlanan nüvə sazişi müqaviləsindən Vaşinqtonun çıxdığını bəyan edib. Bunun ardınca ABŞ İrana münasibətdə növbəti addım olaraq sanksiyalar tətbiq edəcəyini bildirib. Yaranmış situasiyada isə neftin qiyməti daha da bahalaşır. Hazırda bir barrel neft 77 dollara satılır və yaxın zamanlarda onun qiymətinin  80 dolları adlayacağı proqnozlaşdırılır.

 Neft və qaz məsələləri üzrə ekspert İlham Şaban qeyd etdi ki, yaxın dövrdə neft yenidən ucuzlaşa bilər: “Neftin qiymətinin artması gözlənilən idi. Çünki ABŞ hakimiyyətinin İranla vaxtilə imzalanan sazişdən çıxacağı barədə məlumatlar hələ cari ilin aprelindən mətbuatda gedən yazılarda yer almışdı. Yəni, neftin qiymətində baş verən bu son artımlar da məhz İran faktoru ilə bağlı idi. İranla bağlı Vaşintonun mayın 12-də qərar verəcəyi gözlənilirdi, amma gördüyümüz kimi bu bir qədər tez baş verdi. Nəticədə neftin qiymətində yaranan təlatüm da daha tez baş verdi. Ancaq belə bir şok effekti bir an yaşanandan sonra, onun yenidən öz məcrasına qayıdacağını düşünürəm. 
Hazırkı qiymət mövcud reallığı əks etdirmir və bundan sonra neftin qiymətində daha yeni artımların olması üçün İran tərəfindən ABŞ-ın atdığı addıma güclü reaksiya olmalı idi. Amma bunu müşahidə etmirik. İran sadəcə bildirdi ki, ABŞ olmadan da saziş ətrafında fəaliyyətini davam etdirəcək. Digər tərəfdən, Avropa ölkələri, Çin və Rusiya İranla saziş əsasında münasibətlərin qurulmasına tərəfdar olduqlarını qeyd ediblər. Hətta belə fikirlər səslənir ki, AB-ABŞ sammitində Avropa ölkələri Trampı öz fikrindən vaz keçməyə çağıracaqlar. Ancaq Trampın buna gedəcəyi az inandırıcıdır. Ancaq istənilən halda məsələnin gərginliyə doğru inkişaf edəcəyini görmürəm. Netanyahu-Putin görüşü, İsrailin Rusiyadan əlavə qarant kimi istifadə etməsi ona dəlalət edir ki, Yaxın Şərqdə gərginliyin azaldılmasına doğru da kifayət qədər addımlar atılır. Bu isə yaxın dövrlərdə neftin qiymətinə öz təsirini göstərəcək və qiymət yenidən 70 dollar və daha aşağı məcraya qayıda bilər”. 
Digər mütəxəssis Zəfər Vəliyev isə bu qənaətdədir ki, son qiymət artımı fonunda neft bazarlarında ciddi defisit yaranacaq, tarazlıq bərpa olunmayacaq: “Son aylar qlobal neft bazarında müşahidə olunan dinamika, neftə olan tələbatın artması, Vyana sazişinin şərtlərinə əməl olunması və Venesuelada siyasi və iqtisadi krizisin dərinləşməsi ümumu bazar şərtlərinin sərtləşməsinə gətirib çıxarır. Həmçinin son bir neçə gündə neftin qiymətində baş verən ciddi sıçrayış ABŞ-ın İrana bağlanan nüvə sazişindən birtərəfli qaydada imtina etməsilə bağlıdır. İran hazırda dünyada 5-ci potensial neft ixrac edən ölkədir. Bu ölkənin son həftələr gündəlik ixrac həcmi artıq 2,5 milyon barreli keçib. Bu isə elə də yaxşı hadisə deyil. Çünki İrana tətbiq olunan sanksiyalar bazarlarda tarazlığın bərpa olunmasına neqativ təsir edəcək və qlobal neft bazarları bunun fəsadlarını qarşıdakı aylarda hiss edəcək. İrana tətbiq olunan sanksiyalar qarşıdakı aylarda bir qədər də sərtləşəcək. Bunun konturları hələ bəlli deyil. Amma ABŞ adminstrasiyasından verilən məlumata görə, İran çox ciddi və hərtəfərli sanksiyalarla üz-üzə qalacaq. Bunun baş verməsi isə qlobal neft bazarlarında tarazlığın bərpa olunmasına ciddi şəkildə mənfi təsir edəcək.Çünki hazırda OPEK-in sərbəst ehtiyat gücləri yoxdur. 
İrana tətbiq olunan sanksiyalar bir qədər də sərtləşəcəyi təqdirdə, qlobal neft bazarında ciddi defisit müşahidə olunacaq. Bu qarşıdakı bir neçə ayda deyil, bir qədər sonra baş verəcək. Çünki İran ilin əvvəlindən Çin, Yaponiya, Cənubi Koreya, Hindistan, habelə İtaliya, Yunanıstan, İspaniya və Fransa kimi Avropa Birliyi ölkələrinə neft ixrac edir. Ona görə də ilk aylarda son proseslərlə bağlı olaraq ciddi defisit müşahidə olunmasa da, 2018-ci ilin dördüncü rübünün əvvəlində neft bazarında defisit yaranacaq. 
İran gündəlik ixrac həcmini 500 min barreldən də çox həcmdə azaltmağa məcbur olacaq. ABŞ sanksiyaları fonunda İranın neft daşıyan gəmiləri artıq dünyanın istənilən neft terminallarına yan ala bilməyəcək. Çünki bu terminalların əksəriyyəti ABŞ və Avropa ilə bağlıdır. Neftin qiymətində belə dalğalanmanın olması da özlüyündə yaxşı deyil. Çünki neftin qiyməti neft bazarlarında daim konyuktur tərəddüdə səbəb olmamalıdır. Bu qiymət tələbat və bazar şərtlərinə uyğun formalaşmalıdır. Neftin qiymətində olan artım bir tərəfdən fundamental faktorlarla bağlı idisə, əsasən birbaşa siyasi amillərlə bağlı olub. Bunun da nəticəsini artıq görürük. Təbii ki, İrana tətbiq olunan sanksiyalar neftin bahalaşmasına gətirib çıxaracaq. Amma ilin sonuna qədər bu artımın 80 dollar civarında olub-olmayacağını indidən söyləyə bilmərik. Çünki qlobal bazarda tarazlığın olması üçün neft ixrac edən ölkələr kifayət qədər sdabit neft həcmlərini bazara çıxarmalıdırlar. İndilikdə isə bu müşahidə olunmur. Qarşıdakı aylarda proses ABŞ-da çıxarılan neftin həcmindən də asılı olacaq. Artıq ABŞ-da sutkalıq neft hasilatı 10,7 milyon barreli keçib. Bu artım ilin sonuna qədər davam edərsə, tezliklə ABŞ-da gündəlik neft hasilatı 11 milyon barreli keçəcək. Lakin məsələ ondadır ki, ABŞ-ın ixrac imkanları elə də yüksək deyil. Çünki böyük həcmdə neft məhsulunu dünya bazarına çıxarmaq üçün ABŞ-da ona hesablanmış infrastruktur yoxdur. Bu ölkə ən yaxşı halda 2,5 milyon barrel gündəlik neft ixrac etmək iqtidarındadır. Amma ABŞ-da hasilatın artması neft ixracatının trayektoriyasını dəyişəcək. Ona görə də son qiymət bahalaşması fonunda bazarlarda böyük təlatumlər yaranacaq. Bu isə qlobal neft bazarında tarazlığın bərpa olunmasına ciddi əngəl yaradacaq. Yaxşı tərəfi isə ol ola bilər ki, bahalaşma fonunda Azərbaycan kimi  neft ixrac edən ölkələrin gəlirləri artacaq”. 
Rüfət NADİROĞLU