5-ci kolonu zərərli həşərata çevirmiş amil

11 May 2018 09:30 (UTC+04:00)

Azərbaycanda müxalifətçilik edən savadlı iqtisadçılardan birini çalışdığı QHT-də baş verən vergi fırıldaqçılığı ucbatından keçən il bir neçə aylığa həbs etmişdilər. Həmin şəxs tez-tez qəzetlərə müxtəlif mövzular üzrə şərh verirdi. Həbsə düşəndə işdə yol verdiyi nöqsanları etiraf etmiş, günahsızlığının alibi kimi mənimsənilən vəsaitin xarici qrant olmasını göstərmişdi. O vaxt onun bu hərəkətinin mənfi çalarları barədə qəzetlərdə materialların getməsinə münasibət bildirən həmin şəxs demişdi ki, lazım olanda məndən şərh istəyən mətbuat orqanları indi haqqımda tənqid yazır. Biz onun bu iradına diqqət edərək bildirmişdik ki, müxalifətçilik edib hökumətin ünvanına hər gün dörd bir yana tənqid yağdıran şəxs gərək elə bir səviyyədə həyat tərzi sürsün ki, onun işində nöqsan tapılmasın. Əks halda onun fəaliyyəti nəticəsiz qalacaq. Təəssüf ki, Azərbaycan müxalifəti bu meyardan xalidir və bu da onun özünü məhvə sürükləyir. 

Ölkədə müxalifətçilik indi öz mahiyyətini itirərək kommersiya məqsədlərinə xidmət edir. Yerli hakimiyyət orqanlarını aldatmağa gücü çatmayanlar müxalifətçiyəm deyib Qərbə üz tutur və onların agenti statusunda yüz minlərlə vəsaiti qrant şəklində alıb mənimsəyirlər. 
Bu günlərdə qrant pullarının bölüşdürülməsində dil tapa bilməyənlərin yeni qovğası başlayıb və bu dəfə artıq beynəlxalq aləmdə gündəmi zəbt edib. İki il əvvəl klounluq edib xarici səfirliklərdən birinin köməyi ilə Avropaya sığınan Emin Hüseynov adlı qrant biznesmeni digər qrant ustası Xədicə İsmayılovanı ifşa etmək məqsədilə newsland.com saytında Amerikanın nüfuzlu “Freedom House” təşkilatına açıq müraciət ünvanlayıb. E.Hüseynov Amerika təşkilatını sözünü tutmamaqda, yəni söz verilən pul vədini pozmaqda ittiham edib. Bildirib ki, bu səbəbdən Azərbaycandakı inqilabi proses yarımçıq qalıb. Bu ittihamlar “Freedom House”un döşünə yatmayıb açıq-aydın bildiriblər ki, bu tənqidlərin əsası yoxdur, ona görə ki, amerikalıların Eminlə heç bir razılığı olmayıb. Yəni, müxalifətçi sayılan Emin Hüseynov yalan danışır. 
Eminin “vurulması” Xədicənin işinə yarayır və dərhal keçmiş həmfikrini tənqid atəşinə tutur, ona “ictimai korrupsiya”, qrant pullarının mənimsənilməsi ittihamlarını yağdırır. Bununla da Qərbin mühacir müxalifət biznesinin daxılına Xədicə sahiblik etməyə başlayır. Eminin əli boşda qalır. 
Məsələ burasındadır ki, cəmiyyətdə həyata keçirilən layihələrin pulu ilə yanaşı, Qərb «siyasi məhbusların» ailələrinə yardım üçün də ayrıca vəsait göndərib. Bu pulun ətrafında isə elə məhbus ailələrinin üzvlərinin adı iqtisadi cinayətlərdə hallanır. Məsələn, məhkum Seymur Həzinin həyat yoldaşı və məhkumluq yaşamış Tofiq Yaqublunun qızı Nigar Yaqublu müxalifətçilərin obyektivindədir. Çünki, bu məqsədlə xaricdən göndərilmiş 20 min dolların taleyini həll edən Nigarda və Xədicədə bu vəsaitin necə xərclənməsi barədə hesabat adına heç nə yoxdur. Təbii ki, məhbus ailələrinin də bu puldan xəbərləri olmayıb. 
Amma bu işdən xəbəri olan Emin Hüseynov od püskürür.  Pul, pul yenə də pul! Guya Emin qrantyeyən olmayıb. Xədicənin ona hücumu məsələyə aydınlıq gətirməsə də onu qızışdırır. Almaniyadan Emin Milli də bu işə qoşulur, bəs necə, ortada pul söhbəti getsin, o, kənarda qalsın?! Axı, bir neçə il uğurla çiçəklənən qrant biznesi bata bilər. Bu gizlinlərin açılması göstərir ki, müxalifət adı altında adları çəkilən şəxslər əslində, Qərbin aləti kimi Azərbaycana qarşı işləyirlər. Məhkumların siyasiləşdirilməsi, ölkədə gedən demokratik quruculuq prosesinin nailiyyətlərinin şübhə altına alınması, ayrı-ayrı adamların şərlənməsi biznes müxalifətinin başlıca fəaliyyət sferasıdır. Bu açılımlar Qərb donorlarının Azərbaycana qarşı sərgilədikləri kəşfiyyat fəaliyyətinin də üstünü açan faktdır.
N.NOVRUZ