Xocavəndli məcburi köçkünlər uzun illərdən sonra baramaçılıqla məşğul olurlar

11 May 2018 11:43 (UTC+04:00)

Beyləqan rayonu ərazisində məskunlaşan xocavəndli məcburi köçkünlər uzun illərdən sonra ilk dəfə baramaçılıqla məşğul olurlar.

Movqe.az xəbər verir ki, Xocavənd rayon Kənd Təsərrüfatı İdarəsinin sektor müdiri Akif Abdullayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ölkəmizdə baramaçılığın inkişafına göstərilən dövlət qayğısı bu sahəyə marağı xeyli artırıb. Çünki baramaçılığın inkişafı əhalinin məşğulluğunun artırılmasına, sosial rifahın yüksəldilməsinə xidmət edir.

A.Abdullayev qeyd edib ki, baramaçılıq vaxtilə Xocavənd rayonunda əhalinin əsas məşğuliyyət sahələrindən olub. Odur ki, xocavəndli məcburi köçkünlər də baramaçılığın inkişafı ilə bağlı təşəbbüslərə həvəslə qoşulublar. Məcburi köçkünlərin bu sahədə təcrübəsini nəzərə alaraq, ötən il 15 min 500 ədəd tut tingi əkilib. Bu il isə Qax Damazlıq İpəkçilik Stansiyasından 26 qutu (494 qram) ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olmaq istəyən ailələrə paylanılıb. Yem ehtiyatı kifayət qədərdir. Cari mövsümdə bir tondan artıq barama istehsalı nəzərdə tutulub.

Yeni Xocavənd qəsəbəsində ipəkqurdu bəsləyən məcburi köçkünlərdən biri də Əmralılar kənd sakini Nəsimi Tahirovdur. O, AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyib: “Ailəmiz doğma kəndimizdə baramaçılıqla məşğul olub. İndi mən bu ənənəni davam etdirirəm. İpəkqurdunu bəsləmək üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Baramaçılıqla məşğul olaraq əlavə gəlir götürəcəyik”.

Qeyd edək ki, Beyləqan rayonu ərazisində məskunlaşan xocavəndli məcburi köçkünlər əsasən heyvandarlıq və taxılçılıqla məşğuldurlar.