Rusiya Azərbaycan və Ermənistana baxışını dəyişir

12 May 2018 10:00 (UTC+04:00)

“Rusiya Azərbaycanı etibarlı müttəfiq və tərəfdaş kimi görür, Ermənistanı isə saxlamaq niyyətində deyil”. Bunu rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert, Yevgeni Mixaylov Nikol Paşinyanın Ermənistanın baş naziri seçilməsini şərh edərkən deyib: “Möcüzələr olmur: ya siz bizimləsiniz, ya da bizə qarşısınız. İndiki vəziyyətdə Rusiyadan başqa Ermənistanı dəstəkləyən olmayacaq. Bu, tarixən belə olub. Bəlkə də tarixi tərəfdaşlığı təkrar nəzərdən keçirmək vaxtı çatıb”.

Onun sözlərinə görə, Rusiya bundan nəticələr çıxarmalıdır və digər siyasi qərarlar, o cümlədən Azərbaycanla əlaqələrin dərinləşməsinə xidmət edən qərarlar verməlidir. Siyasilərin fikrincə, hadisələrin bu səpkidə inkişafı real görünmür, lakin istisna da edilmir.  Ekspert İlqar Vəlizadə qeyd edir: “Əslində,  Yevgeni Mixaylov kimi insanların Azərbaycanla əlaqələri olduğundan onlar bilirlər ki, Azərbaycanın bütün sahələdəki potensialı Ermənistandan dəfələrlə çoxdur. Həmçinin regional təhlükəsizlik məsələlərinin öhdəsindən daha yaxşı gəlir. Ona görə də Azərbaycan kimi ölkə ilə sıx təmas qurmaq hər bir ölkə üçün fayda gətirə bilər. 
Nəzərə alaq ki, Rusiya da regionda irimiqyaslı layihələr həyata keçirir. Ölkəmizlə sıx təmasda olan insanlar Ermənistanla Azərbaycanın fərqini çox yaxşı görürlər. Odur ki, politoloqların, mütəxissislərin ölkəmizə tez-tez gəlməsi vacibdir ki, real vəziyyəti görsünlər. Lakin Azərbaycanın Rusiya ilə ittifaqda, koalisiyada iştirak etməsi Azərbaycanın xarici siyasətinin təbiətindən irəli gəlmir. Azərbaycan əsasən iki, üçtərəfli münasibətlərin inkişafına üstünlük verir. Yaxın zamanlarda da Azərbaycanın bu strategiyası dəyişməyəcək. Ona görə də hazırda Rusiya ilə münasibətlərdə ən münasib format MDB, Xəzər dənizi ölkələri və Rusiya-İran-Azərbaycan formatlarıdır. Ola bilər ki, yaxın illərdə Rusiya-Türkiyə-Azərbaycan, həmçinin Rusiya-Qazaxıstan-Azərbaycan üçbucağı da yaransın”.
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistanda baş verən məxməri inqilab ilk növbədə Rusiyaya bağlı olan “Qarabağ klanı”nı hakmiyyətdən saldı: “Serj Sarkisyan rejimi birbaşa Rusiyaya bağlı idi və Kremldən idarə olunurdu. Təbii ki, Ermənistanda baş verən etiraz aksiyaları Rusiyanı narahat etməyə bilməzdi. Çünki, bu ölkə onun forpostudur. Bundan əlavə yeni qüvvələrin hakmiyyəti isə Kremllə siyasi fikir ayrılıqlarına səbəb olardı. Amma göründüyü kimi, Nikol Paşinyan Rusiya ilə konfontrasiyaya getmədi, bu ölkə ilə bundan sonra əlaqələri inkişaf etdirəcəyini qeyd etdi. Amma istənilən situasiyada Paşinyan Kremllə siyasi qalmaqla gedə bilər. 
Rusiyaya qarşı ABŞ-ın sanksiyaları bu ölkənin iqtisadi inkişafına ciddi zərbə vurub. Rusiya Ermənistanın əsas maliyyə donorudur və təhlükəsizliyinə cavabdehdir. Amma bu tezliklə Rusiya Ermənistandan üz döndərə bilməz. Bizim də hazırda Rusiya ilə siyasi-iqtisadi əlaqlərimiz normaldır. Moskva çalışır ki, ölkəmizi öz orbitində görsün. Amma Kremlin Qarabağ münqişəsinin həllində tutduğu siyasi mövqe, işğalçını dəstəkləməsi Azərbaycanı bir qədər fərqli siyasət aparmağa sövq edib. Rusiya ölkəmizlə sıx əlaqləri inkişaf etdirməyi istəyirsə, Qarabağ münaqişədinin həllində neytrallığını qorumalıdır. Biz bundan sonra Ermənistanda proseslərin hansı istiqamətdə cərəyan edəcəyinə diqqət etməliyik və buna uyğun Moskva ilə diplomatik kanallarla Qarabağ konfliktini danışmalıyıq. İlk növbədə Rusiya addım atmalıdır. Rusiya Qarabağ münaqişəsində ədalətli mövqe tutarsa, bu, Ermənistanın dərhal münaqişənin həllində kompromis həll variantına razılaşmasına səbəb olacaq”.
Mübariz BAYRAMOV