Banklar kredit vermək üçün daha çox müştəri axtarışına start verirlər

12 May 2018 09:00 (UTC+04:00)

Banklar yenidən aktiv kredit kampaniyalarına başlayıblar. Müştəriləri cəlb etmək üçün çoxsaylı müxtəlfi aksiyalar keçirirlər. 

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin fikrincə, mövcud situasiya bankları aktiv kredit kampaniyasına bərpa etməyə sövq edir. Əks halda, həmsöhbətimizə görə, daha bir çox banklar bağlanmaq təhlükəsilə üz-üzə qala bilər: “Bu hal əvvəl-axır baş verməli idi. Bir il bundan qabaq demişdik ki, bir müddətdən sonra banklar yenidən aktiv kredit siyasətinə qayıtmağa məcbur olacaqlar. Çünki bankların əsas gəlirləri məhz kreditlərdən gəlir. Amma son illər kredit qoyuluşu azalıb. Statistika da bunu göstərir. 
Bankların əlindəki aktivlər devalvasiyadan əvvəl 70 faizdən çox idisə, yəni əllərindəki pulun 70 faizini kreditə yönəldirdilərsə, indi bu rəqəm 40 faizə düşüb. Belə demək mümkünsə, hər 100 manatın cəmi 40 manatı kreditə yönəlir. Yerdə qalan pul isə ya qiymətli kağızlara, ya Mərkəzi Bankın depozit hərraclarına, yaxud da qısa müddətli notlarına yerləşdirilir. Amma bu zaman gəlirlər az olur. Cari ilin birinci rübünün nəticələrinə görə banklarda zərər yaranmışdı. Ona görə də banklar əvvəl-axır kredit kampaniyasına başlamalı idilər. Çünki başqa yolları yoxdur. Əks halda ilkin dövrdə olduğu kimi ya kütləvi ixtisarlara getməli, ya da filialları bağlamalı olacaqlar. Ardınca da bankların tamamilə bağlanması təhlükəsi yarana bilər. Nəzərə alaq ki, bankların əlində olan pul özlərinin deyil, əmanətçilərin vəsaitidir. Ona görə də banklar həmin pulu müxtəlif faizlərlə əmanətçiyə qaytarmalıdır. Bank kredit vermədiyi təqdirdə isə bu pulu necə qaytara bilər? Ona görə də banklar əvvəl-axır kredit siyasətinə qayıtmalı idilər. Düzdür, hələ də kreditləşmə istənilən səviyyədə deyil. Bu da daha çox real sektorun vəziyyıətilə bağlı amildir. 
Düzdür, Mərkəzi Bankın depozit hərracları da banklara müəyyən qədər vəsait gətirir. O olmasa, banklar məcbur olub kreditləşməni daha da artırar. Kreditləşmə artsa da əsas problem müştəri problemi olaraq qalır. İnsanların bir hissəsi devalvasiyadan sonra işsiz qalıb, digər bir hissənin əmək haqqı azalıb. Yəni belədə kredit ala bilmirlər. Bütün hallarda mövcud situasiya bankları kredit verilişini genişləndirməyi diqtə edir. Bankların buna getməkdən savayı digər çıxış yolları yoxdur. Banklar aktiv kredit siyasəti aparmaq üçün faizləri bir qədər aşağı salmalıdırlar. Kredit şərtləri yüngülləşdirilməlidir. Xüsusən də kredit kartları ilə verilən kreditlər üzrə şərtlər daha da yüngülləşdirilməlidir. 
Digər tərəfdən, kreditləşməyə başlayan banklar yenə də daha çox istehlak kreditləşməsinə getməli olacaq. Çünki burada faiz yüksəkdir, həm də risq azdır, bu da bankların marağına cavab verir. Ona görə də banklar alternativ bank məhsullarından yararlanmağa çalışmalıdır. Yəni, təkcə istehlak kreditləri deyil, digər sahələrin də kreditləşməsinə başlamalıdırlar. Bu məsələdə ən əsası hökumətin də müdaxilə və dəstəyi lazımdır.  Hökumət müəyyən bir zəmanət verməklə bankları ucuz pulla təmin edib onları stimullaşdıra bilər. Bu fonda makroiqtisadi sabitlik də vacibdir. Manat sabit olaraq qalır. Belə vəziyyət isə kreditləşmənin artması yolunda əlverişli şəraitdir”.
İqtisadçı-ekspert Yaşar Əsədov qeyd etdi ki, bağlanmaq təhlükəsindən xilas olmaq üçün banklar onsuz da əvvəl-axır kredit kampaniyasını bərpa etməyə məcbur idilər: “Bankların işi gəlir qazanmaqdan ibarətdir. Bunun üçün də onlar fəaliyyət göstərməlidir. 2008-ci ilə qədər bank işçilərinə maaşdan əlavə hətta bonuslar da verilirdi. Yəni, həmi dövrdə fəaliyyətləri gur və gəlirləri yüksək olduğundan daha aktiv idilər. Ancaq devalvasiyadan sonra bankların bir çoxu ixtisara düşdü.  Çoxsaylı işçiləri ixtisar edildi, işləyənlərin əmək haqqı azaldıldı. Bonuslar ümumiyyətlə ləğv olundu. 
Bankın işi kredit verib, onun müqabilində aldığı faizdən gəlir əldə etməkdir. Ona görə də kredit verilişinə getməlidirlər ki, fəaliyyətlərini davam etdirə bilsinlər.  Bank əvvəl-axır işləməlidir. Ofisi, işçiləri saxlamalıdır. Ona görə də hardansa gəlir götürməlidir. Bankın isə əsas işi məhz kreditlərdən qazanmaqdır. Bu mənada bankların yenidən kredit kampaniyasına başlamasına kənardan heç bir təsir olmayıb”.
Rüfət NADİROĞLU