"Bakı Marafonu 2018"-in qalibi müəyyənləşdi

13 May 2018 11:41 (UTC+04:00)

"Bakı Marafonu 2018"-in qalibi müəyyənləşib.

Movqe.az-ın məlumatına görə, finişə ilk çatan ukraynalı İqor Olefirenko (1990-cı il təvəllüd) olub.

İkinci yerin sahibi iranlı Məhəmməd Cəfər Muradidir (1990). Türkiyəli Ömər Alkanoğlu (1991) isə ilk üçlüyü tamamlayıb.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 13-də “Bakı Marafonu 2018” keçirilir. “Küləyə qalib gəl” şüarı altında keçirilən marafon ardıcıl üçüncü ildir təşkil olunur.

Builki marafonda iştirak üçün 18 000-dək şəxs qeydiyyatdan keçib.

“Bakı Marafonu 2018” Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edir.

Marafonun qalibləri iki kateqoriya üzrə müəyyən olunub. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3000 AZN, 2-ci yerin qalibi 2000 AZN, 3-cü yerin qalibi isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaqlar. Bununla yanaşı, 4-10-cu yerlərin sahiblərinə müxtəlif qiymətli hədiyyələr veriləcək.

“Bakı Marafonu 2018”də toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Trend