Beynəlxalq maliyyə qurumları Azərbaycanın inkişaf strategiyasını təqdir edirlər

14 May 2018 09:50 (UTC+04:00)

Dünya Bankı (DB) 2018-ci ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 1,8% artacağını proqnozlaşdırır. Bu ilin yanvarında isə qurum  Azərbaycanda 0,9% iqtisadi artım gözləyirdi. Bundan əvvəl Beynəlxalq Valyuta Fondu (BVF) 2018-ci il üçün Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozu 1,3 faizdən 2 faizədək yüksəldib. Beynəlxalq Valyuta Fondundan, Dünya Bankından sonra Avropa Yenidənqurma və İnkişaf Bankı da 2018-ci ildə Azərbaycan iqtisadiyyatının artımı üzrə proqnozu yaxşılaşdırıb. Belə ki, qurum  cari ildə Azərbaycan ÜDM-nin artımı üzrə proqnozlarını 2-dən 2,5 faizədək artırıb. 2019-cu ildə isə bank artımı 3,5 faiz səviyyəsində proqnozlaşdırır. 

Hesabatın müəllifləri qeyd edirlər ki, 2018-ci ilin birinci rübündə iqtisadi artım illik hesablamada 2,3 faiz sürətlənib. Buna qeyri-neft ÜDM-nin 2,9 faiz artması səbəb olub. Bildirilir ki, ölkədə illik inflyasiya 2017-ci ildəki 12,9 faizdən bu ilin birinci rübündə 4 faizədək enib. Cari əməliyyatlar hesabı isə defisitdən profisitə keçib. İqtisadçıların sözlərinə görə, nüfuzlu beynəlxalq maliyyə qurumlarının Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını yüksəltməsini şərtləndirən səbəblər var. Belə ki, həm neftin qiymətinin yüksəlməsi, həm də qeyri-neft sektorunda əldə edilən nailiyyətlər buna şərait yaradıb. İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədi Vüqar Bayramov bildirdi ki, 2018-ci il üçün Azərbaycan iqtisadiyyatında bütün beynəlxalq maliyyə qurumları tərəfindən iqtisadi artım proqnozlaşdırılıb: “Bu, əvvəla, neftin qiymətinin yüksək olması ilə bağlıdır. Məlumdur ki, büdcədə neftin qiyməti 45 dollardan götürülüb. Ancaq hazırda Azərbaycan neftin 80 dollar ətrafında satılır. Bu da ölkəyə gələn valyutanın həcmini artırıb. Neft ölkəsi olaraq bu amil Azərbaycan iqtisadiyyatının artım tempinə müsbət təsir göstərdi. Digər amil isə qeyri-neft sektorunda artım tempinin yüksək olmasıdır. 
2018-ci ilin birinci rübündə həm sənayedə, həm də ÜDM-də qeyri-neft sektorunda artımlar qeydə alınıb. Ümumi sənayedə 2.5 faiz artım qeydə alınıbsa, qeyri-neft sənayesində bu rəqəm 10 faizdir. Bu da qeyri-neft sektorunun aparıcı olduğundan xəbər verir. Bütün bunlar proqnozlara yenidən baxılmasına imkan yaradıb”.
Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov  bildirdi ki, 2015-ci ildən etibarən real sektorun inkişafı ilə bağlı atlan addımlar öz səmərəsini verməyə başlayıb: “Bu da beynəlxalq təşkilatların diqqətini cəlb edib. Nəticədə də bütün beynəlxalq təşkilatlar Azərbaycan iqtisadiyyatında 2018-ci ildə artımın olacağını qəbul etdilər. Ölkə rəhbəri də 2018-ci ili Azərbaycanda iqtisadi artım ili kimi dəyərləndirmişdi. 
Düzdür, 2016-cı ildə baş vermiş qlobal iqtisadi böhran bizdən yan keçmədi. Amma 2017-ci ildə bunları aradan qaldırmağa nail ola bildik. 2018-ci ilin birinci rübünün nəticələri göz qabağındadır. Bu da ölkə başçısının verdiyi bəyanatların doğru olduğunu bir daha göstərir. Birinci rüb ərzində iqtisadi artım 2.3 faiz, qeyri-neft sənayesində artım 10, aqrar sektorda 4.2 faiz artım əldə olunub, qeyri-neft ixracı isə 36 faizə qədərdir. Bunlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatı doğru yoldadır. Özünün real sektorunun inkişafına nail olmaq üçün lazım olan addımları atır. Beynəlxalq maliyyə institutlarının hər birinin də Azərbaycanda gedən prosesləri izləmək imkanı var. Yəni, baş verənlər aparılan düzgün iqtisadi islahatların nəticəsidir. Hətta 2020-ci ili 5 faiz artımla başa vuracağıq”.
Mübariz BAYRAMOV