Sosial mediadan uşaqlara gələn təhlükə!

14 May 2018 12:09 (UTC+04:00)

Uşaqlara bağlı məlumatların sosial mediada bütün çılpaqlığı ilə yayılması artıq aidiyyatı qurumları narahat etməyə başlayıb. Bu günlərdə bu məsələ Milli Məclisdə də müzakirə mövzusuna çevrilib. Millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Daxili İşlər Nazirliyinin Baş İdarəsini sosial mediaya qarşı tədbirlər görməyə çağırıb. Deputat Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında iştirak edən DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Heydər Heydərova müraciət edərək, onu sosial mediaya qarşı tədbir görməyə səsləyib. Deputat sosial medianın insan alverini, uşaqlara qarşı fiziki təcavüzü təbliğ etdiyini bildirib: “Mən sizi sosial mediaya qarşı tədbir görməyə çağırıram və əminəm ki, sizdə bununla bağlı proqram var. Məsələn, bu yaxınlarda hansısa orta məktəbdə uşağa qarşı fiziki təcavüzü sosial şəbəkələrdə geniş yaydılar. Bu, bir yandan informasiyanın yayılmasına xidmət edirdisə, digər tərəfdən bu hadisəni təbliğ edirdi. Ona görə də mütləq sosial mediaya qarşı tədbirlər görülməlidir”.

Ekspertlər də son vaxtlar sosial mediada uşaqlara qarşı fiziki, hətta cinsi zorakılıq hallarının açıq şəkildə yayılmasının ciddi narahatçılıq doğurduğunu söyləyirlər.  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlova sosial şəbəkə istifadəçilərinin sayı artdıqca bu cür məlumatların yayılmasının daha təhlükəli hal aldığını söyləyir. Həmsöhbətimiz deyir ki, uşaqlarla bağlı məlumatlar, görüntülər sosial mediada çox ehtiyatla paylaşılmalıdır: “Çox təəssüf ki, sosial şəbəkə istifadəçiləri uşaqlarla bağlı məlumatlar yayarkən qanunun tələbinə riayət etmirlər. Bu bəzən həmin şəxslərin məlumatsızlığından irəli gəlirsə, əksər hallarda səhlənkarlığa da yol verilir. Uşaqlara qarşı fiziki və cinsi zorakılığı sosial mediada yayanların bir qisminin məqsədi həmin uşaqlara kömək etmək olur. Amma onlar düşünmürlər ki, bununla əksər hallarda həmin uşağa ən böyük pisliyi elə onlar özləri etmiş olurlar. İstər fiziki, istər də cinsi zorakılığa məruz qalan uşaqlarla bağlı məlumatları açıq şəkildə ictimailəşdirmək yolverilməzdir. Bu həmin uşaqların psixi travma almasına, hətta gələcəkdə təcavüzkar olmasına belə gətirib çıxarda bilər. Məktəbdə müəllimin, yaxud da valideynin uşağa qarşı fiziki zorakılığı əks etdirən görüntüsünü yaymaq da, ilk növbədə həmin uşağın psixologiyasına sağalmaz zədə vurur. Biz dəfələrlə belə uşaqların sinfə daxil olarkən psixoloji əziyyət çəkdiyini, öz yaşıdlarının yanında alçaldılmasının travmasını yaşadığının şahidi olmuşuq. Ona görə də belə görüntülər uşaqla bağlı məxfiliyi qorumaqla ictimailəşdirilməlidir. Artıq peşəkar jurnalistlər bunu bilir, bu cür məlumatları mediada işıqlandırarkən qanunun tələbinə əməl edirlər. Amma sosial şəbəkə istifadəçiləri bunun fərqinə varmır, uşaq zorakılığını əks etdirən faktları açıq şəkildə görüntüsü ilə yaymaqla özləri də bilmədən zorakılığı təbliğ edirlər. Nəzərə almaq lazımdır ki, zorakılıq faktlarının ictimailəşdirilməsi bir tərəfdən həmin hadisənin araşdırılmasına zəmin yaradırsa, digər tərəfdən zorakılığı təbliğ edir. Bu mənada mən Milli Məclisdə səslənən fikirləri düzgün hesab edirəm. Xüsusilə uşaqlarla bağlı zorakılıq faktlarının sosial mediada yayılmasına həssas yanaşmaq lazımdır. Bu cür hadisələr zamanı zorakılıq qurbanı olan uşağın adı, soyadı, yaşadığı ünvan, təhsil aldığı məktəbin adı şərti göstərilməli, foto və video görüntülərdə qurbanın üzü göstərilməməlidir. Amma çox təəssüf ki, sosial şəbəkələrdə bu cür faktların yayılmasında qanunun tələbləri kobud şəkildə pozulur. Nəticə ona gətirib çıxardır ki, həmin uşaqlar öz yaşıdları ilə ünsiyyətdən qaçır, təhsildən yayınır. Eyni zamanda belə hadisələr getdikcə daha da çoxalır. Ona görə də bizim Komitə tərəfindən uşaqlarla bağlı məlumatların sosial mediada yayılmasını  tənzimləyən yeni qanunvericilik layihəsi hazırlanaraq Milli Məclisə təqdim edilib. Düşünürəm ki, bu məsələ hüquqi müstəvidə öz həllini tapmalıdır. Çünki, sosial şəbəkə istifadəçiləri müxtılifdir. Onların arasında insan alverçilərinin də olması mümkündür. Belə şəxslər bu görüntülərdən, məlumatlardan istifadə edərək həmin uşaqları yenidən öz qurbanlarına çevirə bilərlər”. 
“Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin sədri Mehriban Zeynalova uşaqlara qarşı fiziki  zorakılıq hallarının sosial mediada yayılmasını tam məhdudlaşdırmağın düzgün olmadığı fikrindədir. Amma bununla belə M. Zeynalova sosial şəbəkələrdə zorakılıq qurbanları ilə bağlı məlumatlarım yayılmasını tənzimləməyin vaxtı çatdığını söyləyir: “Uşaqlara qarşı fiziki zorakılıq hallarının sosial şəbəkələrdə ictimailəşdirilməsini tam yasaqlamaq olmaz. Çünki, biz dəfələrlə şahidi olmuşuq ki, sosial şəbəkələrdə yayılan bu cür məlumatlar uşağa qarşı fiziki zorakılıq faktının daha operativ araşdırılmasına, günahkarın cəzalandırılmasına gətirib çıxardıb. Amma mən də uşaqlara qarşı zorakılıq hallarının bütün çılpaqlığı ilə sosial mediada yayılmasının düzgün olmadığı qənaətindəyəm. Çünki, “Uşaq Hüquqları Haqqında” qanunda da bu məsələ öz əksini tapıb. Bu cür faktlar ictimailəşdirilərkən uşaqla bağlı məlumatların şərti verilməsi bir şərtdir. İstər foto, istər də video görüntüdə fiziki və cinsi zorakılığa məruz qalan uşağın üzü gizlədilməlidir. Bu, həmin görüntülərin insan alveri ilə məşğul olan şəxslərin əlinə keçməsinə, o görüntülərdən uşağı şantaj vasitəsi kimi istifadə edilərək yenidən cinsi və fiziki zorakılığa məruz qoyma hallarına yol aça bilər. Belə halların baş verməməsi üçün biz ictimaiyyəti marifləndirir, onları cinsi və fiziki zorakılıq qurbanları ilə bağlı məlumatların yayılması zamanı məxfiliyin qorunmasına səsləyirik. Nəzərə almaq lazımdır ki, həmin uşaqlar yaşadıqları yerdə öz yaşıdları, ətrafdakı insanlar tərəfindən utandırıla bilər. Belə hallar hətta uşaqların intihar etməsinə belə gətirib çıxardır. Ona görə də, uşaqlarla bağlı fiziki və cinsi zorakılıq faktlarının sosial media üzərindən ictimailəşdirilməsinə nəzarət gücləndirilməli, mövcud qanunvericiliyin uşaq hüquqlarını pozan sosial şəbəkə istifadəçilərinə də şamil olunması vacibdir”. 
Psixoloq, Avropa Pedoqoqlar və Psixoloqlar Assosiasiyasının üzvü Samirə Abdullayeva da uşaqlara qarşı fiziki və cinsi zorakılıq hallarının sosial mediada yayılmasının mənfi təsirlərinin olduğunu söyləyir: “Nəzərə almaq lazımdır ki, sosial şəbəkə istifadəçiləri arasında hər cür psixoloji durumu olan insanlar var. Uşaqlara qarşı fiziki və cinsi zorakılıq faktlarına dair görüntülərə sağlam psixoloji durumu olan insanlarla yanaşı, xəstə insanlar da baxır. Bu, onlara, zorakılığı təsdiq etmək istəyində olan insanlara təsir edə bilər”.
Amma S. Abdullayeva bu məsələyə birtərəfli yanaşmağın mənfi təsirlərə də yol açma ehtimalının olduğunu söyləyir: “ Onu da nəzərə almaq lazımdır ki, bu zorakılığı edən insanlarda araxayınçılıq yarada da bilər. Uşağını döyən valideynləri arxayınlaşdıra bilər. Ona görə də qanunun yol verdiyi çərçivədə bu cür halların ictimailəşdirilməsi vacibdir”.
Həmsöhbətimiz bu cür halların sosial mediada yayılmasının sosial psixoz yarada biləcəyi ehtimalını da vurğuladı: “Uşaqlara qarşı fiziki və cinsi zorakılıq hallarının sosial mediada çox paylaşılması,insanların olmayan yerdə də zorakılıq axtara bilməsinə gətirib çıxarda bilər. İnsanlar olmayan yerdə bunu görməyə çalışa bilərlər. Bir vaxtlar pedofiliya ilə bağlı məlumatların yayılması nəticəsində insanlar çox ehtiyatlı davranmağa başladılar. Hətta uşağının öpülməsinə qarşı çıxan valideynlər də vardı”. 
Samirə Abdullayeva ümumilikdə uşaqlara qarşı zorakılıq faktlarının internetə düşməsinin fəsadlarının olduğunu bildirir: “ Fiziki və cinsi zorakılığa məruz qalan uşağın adının, görüntüsünün  internetə, sosial şəbəkələrə, saytlara düşməsi arzuolunmaz haldır. Çünki, uşaq psixologiyası elədir ki, onlar bir müddət sonra baş vermiş hadisəni unuda bilirlər. Baş verən zorakılıq hadisəsi  uşaq vaxtı olduğundan, onun yadından çıxır. Uşaq böyüdükdə bu məlumatlar üzə çıxanda isə ona pis təsir edir. Bu səbəbdən də uşaqlara qarşı zorakılıq hallarının açıq şəkildə ictimailəşdirilməsi, sosial mediada yayılması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, bu kimi xəbərlər cəmiyyətdə ajiotaja səbəb ola bilər. Ona görə də, bu cür məlumatlar uşaqların hüquqlarının qorunması prinsiplərinə əməl edilməklə, onların məxfiliyinin qorunması şərtilə, günahkarların cəzalandırılmasına nail olmaq məqsədilə yayılmalıdır”. 

Zülfiyyə QULUYEVA