Qarabağ münaqişəsində Ermənistan daha zəif duruma düşür

15 May 2018 09:30 (UTC+04:00)

Beynəlxalq aləm, bütün ölkələr Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Dəfələrlə müxtəlif beynəlxalq təşklatlar və dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü dəstəklənib. Bu məsələdə Azərbaycanın prinsipial mövqeyi getdikcə güclənir. Azərbaycan dəfələrlə bəyan edib ki, bir qarış torpağını belə düşmənə verməyəcək. Artıq Ermənistanın əsas dəstəkləyicisi rolunda çıxış edən Rusiya ilə də Azərbaycan strateji və mühüm əhəmiyyətli münasibətlər qura bilib. Moskva hazırda Ermənistana deyil, Azərbaycanla əməkdaşlığa daha çox önəm verir. Ermənistan isə öz hərəkətilə tədricən Moskvanın etibarını itirməyə başlayıb. Eyni zamanda, Qərb dünyasında da Azərbaycanın səyləri nəticəsində Ermənistanın həqiqətə söykənməyən yalanları faş olunub. Hərbi müstəvidə də aydın məsələdir ki, Azərbaycan Ermənistandan müqayisə edilməz dərəcədə güclüdür. Bu fonda demək olarmı ki, Dağlıq Qarabağ münaqişəsində Ermənistan daha zəif duruma düşür?

Politoloq Elşən Manafovun fikrincə, proseslərin gedişi onu deməyə əsas verir ki, Dağlıq Qarabağ konfliktinin həlli prosesində Ermənistan ildən-ilə daha zəif vəziyyətə düşür: “Düşünürəm ki, Ermənisatanda iqtidarın dəyişməsi və yeni baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı verdiyi açıqlamalar yeni erməni iqtidarının problemə fərqli baxışlarının olduğunu göstərir. Hər halda, ilk dəfədir baş nazir qeyd edir ki, Dağlıq Qarabağ konfliktində Ermənistan tərəf deyil. Bu, maraqlı bir mövqedir. Çünki, Paşinyana qədər Ermənistanı təmsil edən bütün rəsmilər İrəvanın məhz tərəf olduğunu vurğulayırdı. Paşinyanın bununla yanaşı daha bir fikri o olub ki, danışıqlarda Dağlıq Qarabağın özünün də tərəf kimi təmsil olunmalıdır. Buradan görünür ki, yeni baş nazirin Dağlıq Qarabağ probleminin çözülməsilə bağlı danışıqlara münasibətində iki fərqli məqam var. Bir tərəfdən, bəyan edir ki, Ermənistan tərəf deyil, sadəcə olaraq danışıqlarda Dağlıq Qarabağ təmsil edib. Halbuki, Paşinyana qədər  danışıqlarda Ermənistan məhz tərəf olaraq çıxış edirdi. Digər tərəfdən, Dağlıq Qarabağın separatçı rejimini danışıqlarda tərəf olaraq göstərməsi onu bildirir ki, yeni hökumət rəhbəri problemə fərqli rakusdan yanaşmaqla əslində Ermənistanın mövcud sosial-iqtisadi problemlərinin həlli istiqamətində atacağı addımların perspektivdə səmərə verməməsi fonunda erməni ictimaiyyətinin diqqətini həmişə olduğu kimi məhz Qarabağ probleminə yönəltsin. Görünür, Paşinyan psevdomillətçilik dalğası üzərində oynamaq istəyir. 
Nəzərə alaq ki, Ermənistanın əvvəlki iqtidarı 2016-cı ilin aprel döyüşlərindən sonra danışıqlardan imtina etmişdi. Bu mənada düşünürəm ki, Paşinyanın bu kimi açıqlamaları da əslində Dağlıq Qarabağ probleminin çözülməsilə əlaqədar danışıqları daha da dalana dirəyə bilər. Azərbaycan tərəfinin mövqeyi bəllidir. Bütün hallarda münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsinin tərəfdarıyıq. Paşinyanın mövqeyindəki daha bir fərqli məqam Madrid prinsiplərilə bağlı bəzi məsələlərə münasibətdə dediyi fikirlərin indiyə kimi verdiyi bəyanatlarla üst-üstə düşməməsidir. Fikrimcə, Paşinyanın Putinlə məlum Soçi görüşündən sonra Ermənistan iqtidarının Qarabağ məsələsindəki mövqeyinə daha konkretlilik, aydınlıq gətiriləcək. Hər halda Paşinyan qərbyönümlü siyasətçi təsiri bağışlayır. O, hakimiyyətə konstitusion zəminində deyil, xalq etirazları zəminində gəlib. Bütün hallarda Ermənistanın indiyə kimi müstəqil siyasət yürüdən dövlət olmadığını nəzərə alsaq, Putinin     Paşinyanla məlum görüşündən sonra erməni iqtidarının Qarabağla bağlı mövqeyində ciddi dəyişikliklərin olub-olmayacağı tam aydınlaşacaq. Bu görüşdən sonra bəlli olacaq ki, Paşinyan Rusiya ilə münasibətlər barəsində verdiyi bəyanatlarda nə dərəcədə səmimidir”. 
Politoloq Qabil Hüseynli də bildirdi ki, Ermənistanın münaqişə ətrafında mövqeyi getdikcə daha da zəifləyir: “Fikrimcə, xarici siyasətimiz daha aktiv olsa, ümumiyyətlə məsələni daha kordinal surətdə qaldırmağa nail olsaq, Dağlıq Qarabağ probleminin çözülməsi istiqamətində beynəlxalq münasibətlərdə getdikcə ölkəmiz üçün daha əlverişli imkanlar yaranacaq. Azərbaycanın mövqeləri güclənir, ölkəmiz dünya üçün daha strateji əhəmiyyət kəsb etməyə başlayır. Bu nöqteyi-nəzərdən də problemin çözümü asanlaşır. 
Zənnimcə, problemin çözülməsinin perspektivləri əvvəlkindən daha yaxşı və aydın görünür”.    
Rüfət NADİROĞLU