Turizm sənayesi bu sahənin inkişafına yeni təkan verir

15 May 2018 09:40 (UTC+04:00)

Azərbaycanda müasir turizm sənayesi yaradılacaq. Bunu Bakının Səbail rayonunda “Dinamo” otelinin açılış mərasimində iştirak edən Prezident İlham Əliyev otellə tanışlıqdan sonra kollektivlə görüşündə deyib. Müasir turizm sənayesinin yaradılması bu sahənin inkişafına hansı yeni töhfələr vəd edir?

Turizm eksperti Müzəffər Ağakərimov bildirdi ki, turizm sənayesinin yaradılması bu sahənin daha intensiv şəkildə inkişafına töhfə verəcək:  “Həmçinin, turizm sənayesinin yaradılması digər sahələrin də inkişafına ciddi töhvə verəcək. Çünki turizm xidmət sahəsini, kənd təsərrüfatı və digər sahələri də öz ətrafında birləşdirir. Belədə görürük ki, turizm inkişaf edəcəyi təqdirdə, onunla paralel digər sahələr də inkişaf edəcək. Buna zəmin var. Ona görə ki, turizm infrastrukturu yaradılır və inkişaf etdirilir. Həmçinin turizm sənayesinin yaradılması  müxtəlif turizm növlərinin inkişafına da təkan verəcək. Qatar turizmi, dəniz turizmi, yaxınz zamanlarda çadır turizmi də inkişaf edəcək. 
Proses turizm regionları və burada inşa edilən otellərin sayının da artmasına səbəb olacaq. Bütün bunlar imkan verəcək ki, yaxın gələcəkdə turizm sənayesinin yüksək səviyyədə inkişaf etməsindən söhbət aça bilək”.
Turizm məsələləri üzrə ekspert Eldar Aslanovun fikrincə, turizm sənayesinin yaradılması ilə bu sahə ciddi iqtisadi faktora çevriləcək: “Ölkəmizdə turizmin inkişafı artıq elə bir səviyyəyə gəlib çatıb ki, artıq demək olar, Azərbaycanda turizm sənayesinin qurulması prosesinin mühüm həlqələri görülür. Turizm sənayesinin qurulması turizmin nəinki mədəni, sosial faktor olmasına, həmçinin bu amilləri qorumaqla yanaşı, ciddi bir iqtisadi faktora çevrilməsi deməkdir. Yəni, ölkədə əhalinin məşğulluğu, regionların balanslı inkişafı, ümumi daxili məhsulda pay sahibi olmaları baxımından artıq son 5 ildə ölkəmizdə turizm sosisl-mədəni və iqtisadi hadisəyə çevrilib. 
Ölkəmizə rəsmi qeydiyyatda olanlara əsasən deyərdim ki, təxminən 50-60 min insan bu sektorda çalışır. Ümumi daxili məhsulda bu sahənin payı 4,5 faizə çatıb. Dövriyyəsi isə 2 milyard manat yarımdan çoxdur. İldə 2 milyona yaxın turist gəlir. Bu sektor müstəqil sənaye sahəsi olmaqla bərabər, bir sıra digər sahələr, kənd təsərrüfatı, restoran, səhiyyə və yardımçı digər sahələrə də, ətraf mühitin qorunması prosesinə, yaradıcılıq, suvenir bazarı, milli təam və məhsulların inkişafına da kömək edəcək. Bütün bunlar onu göstərir ki, doğru yoldayıq. Cənab Prezident turizm sənayesinin qurulmasından danışanda artıq bu işin tamamilə bütöv bir sistem olaraq formalaşmasını qarşıya qoyub. 
Hazırda Bakıda turizm sənayesinin böyük ölçüdə formalaşdığını deyə bilərik. Amma məsələ ondadır ki, həmin iş təkcə Bakı ilə məhdudlaşmır. Ölkənin bütün ərazisində, regionlarda da turizmin sənaye sahəsi kimi inkişaf edərək formalaşması lazımdır. Bunun üçün atılmalı olan addımlar da turizm yol xəritəsində qeyd olunub. Turizm sahəsini ölkənin bütün sektorları baryer kimi deyil,  fürsət kimi görməlidir. Hansısa bir regionun kənd təsərrüfatı orada turizmin inkişaf etməsində maraqlı olmalıdır. Çünki həmin regionda turizmin inkişafı ilə fermer öz məhsulunun maya dəyərini daha aşağı salaraq, elə bostan başında turistə xidmət etmiş olacaq. Bu isə aqrar sahənin potensialının artırılması baxımından vacibdir. Yerli bələdiyyə və icra hakimiyyəti orqanları turizmə regionun inkişafı və əhalinin məşğulluğu və sosial rifahının artırılması kimi baxmalıdırlar. Bu səbəbdən də regionlarına daha çox turistin gəlməsində, bu sahəyə daha çox investisiya yatırılmasında maraqlı olmalıdırlar. Burada ən vacib məsələlərdən biri peşəkarlıqdır. Bütün bu işləri görmək üçün turizmin nə olduğunu anlamaq lazımdır. Məhz bu anlayışla gələn turistlərə yanaşmaqla nəticə etibarı ilə ölkəmizin turizm sektorundan daha geniş həcmdə qazanmasına nail olmaq olar”.
Rüfət NADİROĞLU