Şeyx halal kolbasa məsələsinə aydınlıq gətirdi

15 May 2018 12:28 (UTC+04:00)

Bu gün "halal" sözündən hər yerdə istifadə edilir. Hətta halal olmayan kolbasaların üstünə də "halal" sözü vurulur.
Movqe.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. O bildirib ki, əgər şəriətə uyğun halal kolbasa istehsal edilirsə, bu sözdən istifadə edilə bilər. 

"Kolbasaları təbliğ edirlər. Əgər halaldısa, etiraz etmirik. Biz bildirmişik ki, dəvət edirlərsə, gedib yerində baxsınlar. Əgər şəriətə uyğundursa, məsələdə kömək etsinlər. Lakin indiyə qədər bir nəfəri də mənim yanıma gətirməyiblər".

Şeyxülislam, həmçinin qeyd edib ki, bəzən ilahiyyatçı adı ilə televiziya verilişlərinə çıxarılanlar da olur. "Bu adı onlara kim verib. Ola bilsin, onların içərisində yaxşıları da var. Amma elələri də var ki, bizim üçün təhqirdir. Bizim din xadimlərimiz özləri verilişlərə getməlidir ki, şəriətə uyğun çıxışlar etsinlər. Bəzən onları televiziya verilişlərində otuzdurub, şou yaradırlar. Belə yerdə oturmaq bizə yaraşmır. Onda din xadimləri həmin verilişi tərk etməlidir".

Zülfiyyə QULUYEVA