Azərbaycan Turizm Assosiasiyası Alanyaya uçuşların dayandırılması xəbərinə aydınlıq gətirdi

15 May 2018 13:49 (UTC+04:00)

Azərbaycan Turizm Assosiasiyası AZAL-ın Alanyaya uçuşların 
dayandırılması barədə gəzən söz-söhbətlərlə münasibət bildirib. Movqe.az xəbər verir ki, Azərbaycan Turizm Assosiasiyası (AZTA) son dövrlər “Buta Airways” tərəfindən kurort şəhəri olan Alanyaya uçuşların dayandırılması barədə gəzən söz-söhbətlərlə bağlı yerli turistlərə müraciət edir: “Hec bir reyslər ləğv olunmayıb!”

“Buta Airways” uçus istiqamətlərini tələbə uyğun olaraq seçib və 
prioritet istiqamətlərdən biri də Alanyada yerləşən Gazipaşa hava 
limanıdır. Şirkət sentyabr ayından uçuşların başlaması üçün hava limanı 
ilə danışıqlar aparmağa başlayıb. Antalya hava limanından fərqli olaraq 
Gazipaşa-da xidmət haqqının xeyli ucuz olması danışıqların səbəbidir. 
Lakin danışıqlarda baş verən texniki problemlərə görə, uçuşların 
müvəqqəti olaraq Antalya hava limanında həyata keçirilməsi qərara 
alınıb. Buna səbəb də bu istiqamətdə uçuşların davamlılığını təmin 
etməkdir.

Keçən ilin mart ayında “Buta Airways” şirkətinin 7 iyun tarixindən 
Alanyaya uçuşlar həyata keçirəcəyi haqqında məlumat yayıldı. Amma bu 
istiqamətdə uçuşlar əvvəlcədən planlaşdırılmadığı üçün heç bir reys də 
ləğv olunmayıb.

Antalyaya reyslər “Azerbaijan Airlines” (hər gün) və “Turkish Airlines” 
(həftədə iki dəfə) tərəfindən həyata keçiriləcək. Yüksək tələbi nəzərə 
alaraq Antalyaya həmçin gündəlik çarter reyslər təşkil olunacaq.

Antalya və Alanyadan başqa birbaşa uçuşlar həmçinin Bodrum, İzmir, 
Dalaman kimi kurort şəhərlərinə də təşkil olunacaq. Beləliklə, 
azərbaycanlı turistlər üçün ənənəvi olan kurortlardan başqa yeni 
istiqamətə - Alanyaya da uçuşlar həyata keçiriləcək.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC AZTA-nın idarə heyətinin 
üzvüdür.