DİM qəbul imtahanlarında abituriyentlərin 48.7 faizinin 200-dən az bal toplaması xəbərini təkzib etdi

15 May 2018 14:35 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) nəşr etdiyi "Abituriyent” jurnalının 12-ci sayındakı statistik rəqəmlərə istinadən dünən mətbuatda yer alan məlumatların konteksdən çıxarıldığını, bununla da cəmiyyətdə yanlış təsəvvür, ajiotaj yaratdığı barədə məlumat yayıb. Movqe.az-a DİM-in mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, bu günlərdə Dövlət İmtahan Mərkəzi tərəfindən 2017-ci ildə tələbə qəbulu və ümumitəhsil müəssisələri üzrəburaxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlilinin əks olunduğu “Abituriyent” jurnalının 12 nömrəli buraxılışı nəşr olunub: "Dövlət İmtahan Mərkəz daim bu sahədə ictimaiyyətin hərtərəfl məlumatlandırılmasına, qəbul prosesinin şəffaflığının təmin edilməsinə, təhsil ictimaiyyətinin bu prosesinin idarə olunmasında  iştirakına, bu sahəyə ictimai nəzarətin təşkilinə böyük önəm verib. 20 ildən artıqdır ki, çoxsaylı mütəxəssislərin gərgin əməyi sayəsində tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlili aparılır, təklif və tövsiyələr bildirilir.Təhlil elmi-statistik xarakter daşıdığından burada müzakirə obyekti daha çox aydın müqayisəli nəticələrə əsaslanmalı, konteksdən çıxarılmış statistikaya söykənməməlidir. Nəticələr ilk növbədə mütəxəssislər tərəfindən elmi müstəvidə müzakirə olunmalıdır. Elmi-statistik tərəfdən bu təhlilə diqqətlə baxdıqda onu görə bilərik ki, istər buraxılış, istərsədə qəbul imtahanlarında son 5 ilərzində davamlı müsbət dinamika müşahidə olunur. Bunun üçün sadəcə olaraq əvvəlki illərlə müqayisədə təhlilə diqqətlə baxmaq kifayətdir. Təəssüflə qeyd etmək istəyirik ki, bir çox hallarda bəzi media qurumları kontekstdən çıxarılmış statistik göstəriciləri təqdim edir, bununla da cəmiyyətdə yanlış təsəvvür, ajiotaj yaratmağa çalışırlar. Bir daha Dövlət İmtahan Mərkəzi olaraq media qurumlarından xahiş edirik ki, tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə peşəkar media güzgüsündə baxsınlar. Qeyd edək ki, imtahanların məzmununun açıqlığının təmin edilməsi, bu sahədə həyata keçirilən tədbirlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə bu gün yeni bir layihə həyata keçiriləcək.DİM-in “Facebook” səhifəsivə “Youtube” kanalı vasitəsilə mayın 13-də keçirilən qəbul imtahanları ilə bağlı canlı yayım ediləcək. Canlı yayımda 2 gün ərzində Apelyasiya Komissiyasına, eləcə də DİM-in Facebook səhifəsinə və elektron poçtuna imtahanda istifadə olunmuş suallarla bağlı ünvanlanan müraciətlərə ekspertlər tərəfindən cavab veriləcək, abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqları, onları maraqlandıran digər suallar izah ediləcəkdir. İmtahanın məzmunu, test tapşırıqları və s. məsələlərlə maraqlanan media nümayəndələri, müəllimlər, ekspertlər, valideynlər, abituriyentlər yayımı izləyə və real vəziyyətlə tanış ola bilərlər.

Zülfiyyə QULUYEVA