“Qarabağ klanı” ilə İrəvan ermənilərinin yeni savaşı başlanır

18 May 2018 09:30 (UTC+04:00)

İddialar səslənir ki, Ermənistanda hakimiyyəti yenidən ələ almaq istəyən “Qarabağ klanı” cəbhədə vəziyyəti gərginləşdirməklə Nikol Paşinyanın hakimiyyətdən gedişini sürətləndirmək üçün hərəkət keçib. Ermənistan silahlı qüvvələri baş qərargah rəisi, general Movses Akopyan bu gün Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağa son səfəri də bununla izah olunur. Hadisələrin qeyd olunan səpkidə inkişafı mümkündürmü? 

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı hakimiyyəti itərən “Qarabağ klanı”nın Paşinyanı devirmək üçün cəbhədə vəziyyəti gərginləşdirəcəyi variantını istisma etmədi. Bununla belə, həmsöhbətimizə görə, belə bir variant indilikdə zəif ehtimal edilir: “Qarabağ problemi başlanandan bu günə qədər daim Ermənistanda istər ölkə daxili, istərsə də regiondakı proseslərə təsir etmək üçün təxribat xarakterli adımlar atmaqda maraqlı qüvvələr olub.  Bu iki məqamı burada mütləq qeyd etməliyik. İşğalçı ölkədə həm Ermənistanın daxili siyasi maraqları üzərindən provakasiya xarakterli addımlar atan qüvvələr olub. 
Eyni zamanda, regionda başqa güclərin maraqlarına xidmət etməyə hesablanmış təxribat xarakterli addımlar da olub. Daxildəki durumu kəskinləşdirmək və hakimiyyət uğrunda mübarizə üçün cəbhədə vəziyyəti gərginləşdirmək istiqamətində düşmən tərəfdən hərəkətlər həmişə olub, bu gün üçün də istisna deyil. Hazırda da belə proseslərin gedəcəyi realdır. Çünki Ermənistanda hərbi-siyasi proseslərdə hansı daxili və xarici maraqlı qüvvələrin olduğunu bilirik. Əslində “Qarabağ klanı” deyilən qrup bir neçə xarici istiqamətdən idarə olunan, bir neçə xarici qüvvəyə xidmət edən klandır. Onlar da asanlıqla təslim olmaq niyyətində deyillər. Hakimiyyətlərini qaytarmaq üçün əllərindən gələni edəcəklər, hətta cəbhədə gərginliyi artırmaq yolu ilə olsa da. Əllərindən gələni edəcəklərsə, deməli bu zaman cəbhədə gərginlik yaratmağa cəhd edəcəkləri də istisna deyil. Bu müstəvidə də Paşinyanın hakimiyyətdən gedişini təşkil etmək üçün cəbhədə vəziyyəti hər an gərginləşdirmək yolunu tuta bilərlər. “Qarabağ klanı”nın  hakimiyyətlərini itirmələrilə elə-belə barışacağı gözlənilmir. 
Sadəcə burada Azərbaycanın mövqeyi çox əhəmiyyətli olacaq. Fikrimcə, Azərbaycan istəməyəcək ki, proses Ermənistanın istədiyi kimi getsin. Yəni Ermənistan provakasiyaya getsin və Azərbaycan da onun bu davranışına uyğun davransın. Bu olmayacaq. Amma həmin provakasiya xarakterli addımlar Azərbaycanın son illərdə əldə etdiyi hərbi-psixoloji üstünlüyünə kölgə salınması istiqamətində olarsa, ölkəmiz buna laqeyd qalmayacaq. Bütün hallarda problemin tənzimlənməsilə məşğul olan həmsədr ölkələrin mövqeyi də əhəmiyyətli olacaq. “Qarabağ klanı”nın hakimiyyəti qaytarmaq və Paşinyanı devirmək üçün cəbhədə belə təxribatlara əl atacağı istisna deyil. Bununla belə hələlik bu variant zəif ehtimal edilir”. 
Rüfət NADİROĞLU