Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodu içməli suya olan ehtiyacı ödəyəcək

18 May 2018 11:46 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Dənizi Suyunun Duzsuzlaşdırılması Kompleksinə daxil olan dəniz suyunun duzsuzlaşdırılması zavodu sutkalıq 2000 kub metr təmiz su istehsal etmək gücünə malikdir.

Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə şöbəsinin müdiri Rasim Səttar-zadə bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bütün dünyada təmiz suya ehtiyac çoxalmaqdadır: "Azərbaycanda şirin su ehtiyatları az olsa da, bu, su qıtlığının yaranması demək deyil. Gələcəkdə su mənbələrinin tədqiqi üçün müasir, dəniz suyunun duzsuzlaşdırılması zavodu tikilib".

 

R.Səttar-zadə bildirib ki, 2013-cü ildən fəaliyyətə başlayan zavod sutkalıq 2000 kub metr təmiz su istehsal etmək gücünə malikdir: "Ondan təmiz içməli su da istehsal etmək olar. Hazırda onun da bir hissəsi təmiz içməli su kimi hazırlanır".

R.Səttar-zadə əlavə edib ki, müəssisədə bu günədək 3 894 634 kub metr həcmində dəniz suyu qəbul edilib və bundan 1 687 995 kub metr həcmində təmiz su istehsal olunub. İstehsal olunan sudan Ələt-Salyan avtomobil yolunun ətrafında salınmış yaşıllıqların və komplekslərin tərkibində yaradılmış tinglik sahələrinin suvarılmasında istifadə edilir.