Regionlarda yeni iş yerləri bölgələrə qayıdışı sürətləndirir

19 May 2018 10:00 (UTC+04:00)

Azərbaycanda artıq uzun illərdir ki, regionların sosial-iqtisadi inkişafı istiqamətində də mühüm addımlar atır. 2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafına nail olmaq üçün bir neçə dövlət proqramı həyata keçirilib. Həmin proqramların icrası üçün də regionların sosial-iqtisadi inkişafına ötən müddət ərzində bir neçə milyardlarla dollar vəsait yatırılıb. Nəticədə regionların siması əhəmiyyətli dərəcədə dəyişib. 

Demək olar ki, ölkənin hər bir bölgəsində oranın spesifikasına uyğun olaraq müxtəlif zavod və fabriklər açılıb. Regionlarda əvvəllər bərbad vəziyyətdə olan yollar dünya starnadtlarına uyğun şəkildə tamamilə bərpa edilib, yeni yollar salınıb. Vaxtilə region əhalisinin əhəmiyyətli hissəsi işsiz hesab edilirdi, indi isə bu problem də yox olmaq ərəfəsindədir. Belə bir vəziyyətdə vaxtilə iş dalınca paytaxta və digər iri şəhərlərə üz tutan rayon sakinləri indi geriyə axın edirlər.  Regionların inkişafı istiqamətində atılan və uğurla reallaşan addımlar paytaxtdan bölgələrə axını daha intensiv hala gətirə bilərmi? 

Iqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, yeni cəlbedici addımlar atmaq yolu ilə paytaxtdan bölgəyə qayıdışı daha da sürətləndirmək olar: “Əslində, vaxtilə iş arxasınca Bakıya gələn region sakinlərinin yenidən geriyə axını çox vacib məsələlərdən biridir. Çünki region əhalisinin çox olması həmçinin iqtisadi aktivliyin də bir o qədər artırılmasına xidmət edir. 
Son zamanlar əsasən kənd təsərrüfatı və turizm sahəsi üzrə regionlarda mühüm işlər aparılır. Bu da rayonlarda yeni iş yerlərinin açılması ilə nəticələnir. Belə vəziyyətdə bölgə əhalisi üçün də yeni imkan və fürsətlər açılır. 
Vacibdir ki, həmin tendensiya davamlı şəkildə həyata keçirilsin. Tendensiya məhz bu istiqamət üzrə davamlı şəkildə getsə və regionlarda yaşayan insanların yüksək qazanc əldə etməsi üçün şərait getdikcə yüksəlsə, təbii ki, paytaxt və digər böyük şəhərlərdən rayonlara qayıdış da yüksələcək. Çünki kənd təsərrüfatı ilə məşğul olan insanların Bakı şəhərinə köçməsi və burada məskunlaşmaları da bir ayrı problemdir. Onlar əksər hallarda daha aşağı maaşlı işlərdə çalışmağa məcbur olurlar. Bu mənada kənd təsərrüfatı üçün normal şərait yaradılır və həmin şərait getdikcə daha da artırsa, onların yenidən rayona geri dönərək illərlə məşğul olduqları sahələrdə çalşmaları daha doğru olar. Belədə onlar özləri üşün də daha çox qazanc əldə edərlər. 
Buna görə müəyyən təşfiq proqramları, kənd təsərrüfatı və regional turizmin inkişafı proqramlarının daha da genişlədirilməsi yolu ilə insanlar üçün cəlbedici təkliflər geniş vüsət almalıdır.     Yəni, rayon əhalisinin geri dönməsi üçün bir stimul yaradılmalıdır. Fikrimcə, işlər bu istiqamətdə gedərsə, əvvəlki illərdə Bakıya köçərək fürsəti burada axtaran insanların əhəmiyyətli qismi regionlara doğru geri dönə bilərlər. Bu da regionun inkişafına, kənd təsərrüfatı məhsulları istehsalının artımına, habelə digər sahələr üzrə regionların əhəmiyyətinin yüksəlməsinə kömək ola bilər”. 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, islahatlar davam etdirilsə və investisiya axını artsa, insanlarımızın bölgəyə geri qayıdışı da daha intensiv xarakter alacaq: “Neft bumu dövründə regionlarda infrastrukturun formalaşmasına baxmayaraq, eyni zamanda urbanizasiya prosesini müşahidə etdik. Bu fonda bölgələrdən paytaxta gələnlərin sayında artımlar baş verdi. Neft bunu başa çatandan sonra isə əsas hədəflərdən biri paytaxtdan regionlara gedənlərin sayının artımına nail olmaqdan ibarətdir. Təbii ki, bu da zaman tələb edir. 
Əslində, bu gün regionlara axının təmin edilməsi üçün praktik olaraq baza var. Çünki infrastruktur inkişaf edib. Bu inkişaf isə regionlara insanların, xüsusən neft bunu dövründə paytaxta gələnlərin geri qayıtmaları üçün əlverişli imkanlar yaradır. Eyni zamanda, regionlarda sənaye parklarının formalaşması, xüsusən də aqrar sektorla yanaşı, aqrar-sənaye konpleksinin inkişafı istiqamətində atılan addımlar da regionlara marağın yüksəlməsinə gətirib çıxara bilər. Bütün hallarda düşünürəm ki, islahatlar davam etdikcə, regionlara maraq daha da yüksələcək və bölgələrə qayıdış daha intensiv xarakter alacaq. Bu, çox vacibdir. Çünki iqtisadi inkişaf eyni zamanda balanslı inkişafı tələb edir. Regionlarla Bakı arasında vətəndaşların yerləşməsi baxımından da balansın saxlanılmasına ehtiyac vardır. İxtisaslı kadrların regionlarda qalması çox vacibdir. Sənayenin inkişafı regionlarda daha çox ixtisaslı kadrların qalmasına imkan yaradır. 
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının hədəfi də ondan ibarətdir ki,  daha çox vətəndaşımızın regionlarda yaşaması mümkün olsun. 
Düşünürəm ki, islahatların davam etməsi və regionlara daha çox investisiya cəlbi nəticədə bölgələrimizə doğru axının sürətlənməsinə gətirib çıxaracaq”.
Rüfət NADİROĞLU