Qərb dünyasında gözlənilməz parçalanma

19 May 2018 09:00 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) İranla nüvə sazişini dəstəkləyir. Bununla Avropa İttifaqı İran məsələsində ABŞ-a qarşı gedir. Qeyd edək ki, Vaşinton İranla bağlanan nüvə sazişindən çıxdığını bəyan edib. Ağ Ev bu addımını bağlanan müqavilənin bir sıra maddələrinin ABŞ-ın maraqlarına cavab verməməsilə əsaslandırmağa çalışıb. Lakin bu fonda çoxlarının gözlədiyinin əksinə olaraq, ABŞ müttəfiqi olan Aİ ona dəstək olmadı. 

Artıq Aİ bu məsələdə qərarını verərək, Tehranla bir neçə il əvvəl imzalanan nüvə sazişinə sadiq qaldığını bəyan edib. İranla bağlanan bu saziş əsasında onun üzərinə qoyulan sanksiyaların aradan qaldırılması ilə Avropa İranla ticarətə mühüm əhəmiyyət verməyə başlayıb. Bu xüsusda Avropa ölkələri İrana həm də Rusiyaya qoyulan sanksiyalar fonunda öz məhsullarının  satılması üçün alternativ ticarət məkanı kimi baxırlar.  Bəs, bu vəziyyətdə  ABŞ və Avropa İttifaqı arasında ziddiyyətin dərinləşməsini gözləmək olarmı?
Politoloq Natiq Mirinin fikrincə, İranla nüvə saişi məsələsində yaşanan fikir ayrılığı ABŞ-la Aİ arasında ziddiyyətləri dərinləşdirəcək ki, bu da öz növbəsində qlobal iqtisadi böhran və qarşıdurmaya rəvac verəcək: “ABŞ-la Avropa İttifaqı arasında İranla bağlı məsələdə əslində, hələlik qeyri-müəyyənlik davam edir. ABŞ-ın İranla nüvə müqaviləsindən çıxmasından sonra yaranmış vəziyyət həmin prosesin digər iştirakçı ölkələrini çox pis vəziyyətə qoyub. Xüsusən də ABŞ-ın strateji müttəfiqləri olan Avropa ölkələrini. Bildiyiniz kimi, Aİ ölkələrinin İranla ciddi ticari və biznes əlaqələri var. Hansı ki, onun dayandırılması həmin Avropa ölkələrinə 100 milyard dollarla zərər vura bilər. Ona görə də İran məsələsində ABŞ-a qarşı duran Avropa ölkələrinin önündə Fransa, Almaniya və İngiltərə kimi ölkələr gəlir. Çünki ABŞ-ın müqavilədən çıxması ilə İrana tətbiq etmək istədiyi sanksiya və ona qoşulmaq 3 Avropa ölkəsinə maddi cəhətdən böyük zərər vuracaq. 
Digər tərəfdən, ortalıqda qlobal etimad məsələsi də var. Bilirsiniz ki, İranla nüvə anlaşması iştirakçılarından üçü Avropanı təmsil edir. Trampın dediyilə gedərək həmin ölkələr də İranla nüvə sazişindən imtina etməklə dünya miqyasında özlərinə olan etimadı tamamilə itirə bilərlər. Çünki həmin müqavilənin üzərində bu ölkələrin imzası durur. İmza qoyulmuş sənəddə də konkret öhdəliklər var ki, imzadan sonra həmi öhdəliklərdən imtina olunması ölkələrin dünya çapında etimadını tamamilə sarsıdacaq. Necə ki, ABŞ artıq qlobal səviyyədə öz etibarını itirmiş vəziyyətdədir. Məhz bu duruma düşməmək və öz iqtisadi, ticari maraqlarını qorumaq üçün Avropa ölkələri nüvə müqaviləsində qalmaq məcburiyyətindədir.  Ancaq Avropanın bu dirənişi hara qədər qoruyub saxlayacağını bəri başdan söyləmək çətindir. Çünki, Vaşinton bu istiqamətdə həmin 3 Avropa ölkəsinə ciddi təzyiq edir. Bu təzyiq də İranla ticari əlaqələri davam etdirən ölkələrə sanksiya tətbiqindən tutmuş, eyni zamanda polad və alüminimuma tətbiq edilən 25 faizlik rüsumun Avropa ölkələrinə sirayət etməsi istiqamətində də ola bilər. Ağ Ev Almaniyaya “Şimal axını-2” qaz layihəsi istiqamətində də təzyiq edir. Bu layihənin reallaşmaması üçün prezident Tramp kansler Merkeli ciddi şəkildə sıxışdırır. Ona görə də indilikdə dirəniş göstərən Avropa ölkələrinin hara qədər buna dözəcəkləri müəyəyn suallar doğurur. Təbii ki, 3 Avropa ölkəsi sözlərinin üstündə durarsa, ABŞ təkləndiyi üçün ciddi dirəniş də göstərə bilməz.  Amma bu birlik parçalanarsa, onda qlobal səviyyədə qarşıdurma və iqtisadi böhran yarana bilər. ABŞ-ın belə basqın siyasətinə qarşı dünyanın lider dövlətlərinin durması lazımdır. Çünki ənənəvi olaraq oturuşmuş iqtisadi sistemi birdən-birə darmadağın etmək istəyən ABŞ-ın qarşısında dirəniş göstərilməsə, onda dünyada mövcud olan iqtisadi əlaqələr sistemi böyük bir böhranla üz-üzə qalacaq. Beynəlxalq münasibətlər sisteminə böyük zərbə vurulacaq. İndilikdə isə qeyri-müəyyənlik davam edir”.
Politoloq Zərdüşt Əlizadə isə düşünür ki, İranla bağlı məsələdə ciddi fikir ayrılığının olmasına rəğmən Aİ ilə ABŞ arasında kəskin ziddiyyətlər olmayacaq: “Hər halda İran məsələsində ABŞ-la Avropa İttifaqı arasında yaşanan ziddiyyətlər fonunda dünyanın iqtisadi-siyasi nizamına təsir edəcək hadisələr baş verməyəcək. Sadəcə olaraq, bu vəziyyət ABŞ-la Avropa arasındakı münasibətlərə 0,5 faiz nisbətində toxuna biləcək bir hadisə olacaq. Amerika, sionistlər çalışır ki, İrana qarşı sanksiya tətbiq etsin. ABŞ-la İran qarışılqılı iqtisadi əlaqələr yox dərəcəsindədir. Amma bunu Avropa ilə bağlı demək olmaz. 
Sanksiyalar götürüldükdən donra çoxsaylı Avropa şirkətləri İranla investisiya yatırmağa başladı. Onlar İranla 10 milyard dollarlıq həcmində müqavilə bağlayıblar ki, sonradan bu həcmin 100 milyard dolları keçməsi də nəzərdə tutulub. Bu isə İranla yanaşı, həmçinin Avropa şirkətlərinin də xeyrinədir. Avropa da bu xeyri itirmək istəmir. Ona görə də Makron, Merkel Vainqtona gedərək İranla sazişdən çıxmamağı məsləhət gördülər. Lakin Tramp yenə də öz bildiyini etdi. Belə olan halda, Avropa da İran məsələsində öz yolu ilə getdi. İndi top Trampın tərəfindədir. Amerika Avropa ilə dostluq münasibətlərini pozaraq onunla sanksiyalar formasında danışmağa başlayacaq, ya yox?  Amerika əslində, öz siyasətini həyata keçirəndə müttəfiq olaraq Avropanın da maraqlarını nəzərə almalıdır. Tramp kürəkənin xatirinə İranla müqaviləni pozduğu halda, Avropa nədən 10 milyardlarla dollar qazancdan məhrum olmalıdır? Belədə Avropada fikri formalaşacaq ki, ABŞ inanılası müttəfiq deyil. 
Nəticədə ABŞ Avropa münasibətləri aşınmağa başlayacaq. Lakin bununla belə yaranmış vəziytyət bütövlükdə ABŞ-Avropa münasibətlərinə olsa-olsa olduqca cüzi, 0,5 faiz həndəvərində təsir göstərəcək. Çünki onlar arasında nəhəng iqtisadi, siyasi, hərbi, mədəni, ruhi birlik mövcuddur”.
Rüfət NADİROĞLU