Ermənilər yeni aprel dərsləri üçün darıxırlar

24 May 2018 09:30 (UTC+04:00)

Azərbaycanın Ermənistana indiyə qədər ən böyük güzəşti Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etməməsidir. Amma yeni erməni rəhbərliyi bu güzəşti başa düşmür və müharibəyə təhrik edən mövqe sərgiləyir. Bəs, bu hal yaxın tezlikdə Qarabağ münaqişəsini alovlandıra bilərmi?

Politoloq Natiq Miri bildirdi ki, Ermənistanın yeni rəhbərliyinin də qeyri-konstruktiv mövqe sərgiləməsi fonunda müharibə hər an yenidən alovlana bilər: “Müharibə hər an başlaya bilər. Nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır, habelə bölgədə təkcə Ermənistan deyil, digər xarici amillərin təxribat imkanlarının olmasını da nəzərə alsaq, müharibə vəziyyətinin yaranmasını hər an gözləmək olar. Ancaq düşünürəm ki, hazırda hansısa savaşın başlanma ehtimalından deyil, sadəcə, Ermənistanın istədiklərini onlara vermək lazımdır. Bu gün Ermənistan müharibə istəyirsə, onu da düşmən ölkəyə vermək lazımdır. Azərbaycan bu istiqamətdə bütün beynəlxalq hüquqlara malikdir. 
Həmçinin Azərbaycanın əlində beynəlxalq statuslu hüquqi sənədlər də var. BMT-nin işğal olunmuş ərazilərdən erməni qoşunlarının çıxarılmasına dair 4 qətnaməsi var. Prosesdə həlledici amil Rusiya amilidir. Ancaq Azərbaycan özü proses yaratmayana qədər Moskva Dağlıq Qarabağ probleminin həllinə yaşıl işıq yandırmayacaq. Çünki indiki vəziyyət Rusiyaya sərf edir. Bu gün Dağlıq Qarabağ probleminin varlığı və həll olunmaması Moskva üçün həm Ermənistan, həm də Azərbaycana təzyiq imkanlarının saxlanılması deməkdir. Belə olan təqdirdə, həmçinin Qərbin regiona ciddi şəkildə müdaxilə etdiyi bir zamanda, Rusiya Dağlıq Qarabağ problemini niyə həll etməlidir ki? Ona görə də Azərbaycan özü proses yaratmalıdır.”.
Milli Məclisin deputatı, politoloq Elman Nəsirov da düşünür ki, Ermənsitanın yeni rəhbərliyinin siyasəti münaqişənin hərbi müstəviyə keçidini kifayət qədər aktual edır: “Beynəlxalq aləmdə bir çoxları düşünürdü ki, Dağlıq Qarabağ konflikti dondurulmuş münaqişədir və heç bir halda onu müharibəyə keçirmək mümkün deyil. Amma aprel döyüşləri bütün bu fərziyələri tamamilə alt-üst etdi. Məlum oldu ki, istənilən an münaqişə müharibəyə çevrilə və hərbi əməliyyatlar başlaya bilər. Heç kim bunun olmayacağına təminat verməyib. Məsələyə bu məntiqlə yanaşdıqda, hesab edirəm ki, Ermənistanın yeni rəhbərliyinin münaqişənin həllilə bağlı mövqeyində heç bir konstruktiv mövqeyi yoxdur. 
Faktiki olaraq, Sarkisyanı hakimiyyətdən getməyə vadar edən Paşinyan münaqişənin tənzimlənməsilə bağlı prosesdə elə birincinin əməllərini təkrarlayır. Hətta bu məsələdə bir çox hallarda öz xələfindən də irəli gedib.  Bu nöqteyi-nəzərdən məsələyə yanaşdıqda, Naxçıvan istiqamətində, ümumiyyətlə gün ərzində təmas xəttində dəfələrlə atəşkəsin pozulması ona dəlalət edir ki, görünür, Paşinyan Sarkisyanın buraxdığı səhvlərdən nəticə çıxarmayıb. Artıq indidən erməni ekspertləri qeyd edir ki, Paşinyanın istəyib-istəməməsindən asılı olmayaraq, o, daha çox Sarkisyanı xatırlatmağa başlayır. Onların sözlərinə görə uzaq olmayan bir gələcəkdə belə bir məsələ aktuallaşa bilər ki, nəyə görə Sarkisyanı hakimiyyətdən uzaqlaşdırıb, əvəzində yeni bir Sarkisyan əldə ediblər. Məhz bu sual getdikcə daha çox aktuallıq kəsb edir. 
Paşinyan münaqişə ilə bağlı mövqeyində konstruktivlik ortaya qoymasa, Sarkisyanın bu istiqamətdə yürütdüyü aqressiv siyasəti davam etdirsə, heç kim təminat vermir ki, müharibə başlamayacaq. Paşinyanın atdığı hər bir addım, onun hər bir bəyanatı və yeritdiyi siyasət indidən proqnozlaşdırmağa imkan verir ki, münaqişənin həlli prosesində hərbi müstəvi kifayət qədər aktuallaşa bilər. 
Doğrudan da danışıq aparmağın heç bir mənası olmazsa, sözsüz ki, müharibə alovlanacaq. Onda bütün məsuliyyət təbii ki, Ermənistan və ona himayədarlıq edən tərəflərin üzərinə. ATƏT-in Minsk qrupunun da üzərinə böyük məsuliyyət düşəcək ki, ünvansız bəyanat vermək və aqressora qarşı heç bir əməli tədbirlər görməməklə düşmən tərəfdə cəzasız qalmağın mümkün olduğu fikrinin formalaşmasına rəvac verib. Onda da hadisələrin ən xoşagəlməz ssenari üzrə inkişafı labüdləşə bilər”.
Rüfət NADİROĞLU