Müasir Azərbaycan tarixi irsi uğurla davam etdirir

24 May 2018 09:50 (UTC+04:00)

“Azərbaycan dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrilib”. Bu sözləri ABŞ-ın Kaliforniya ştatının qubernatoru Edmund Braun Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə bağlı təbrik bəyannaməsi deyib. Qubernator bəyannamədə qeyd edib: “Kaliforniya ştatı adından müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika olan və ilk dəfə qadınlara səsvermə hüququ verən Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə Azərbyacanı təbrik etməkdən şərəf duyuram”.

Təbrikdə Azərbaycanın qədim tarixə malik tolerantlıq ənənələri, ölkəmizdə müsəlman, xristian və yəhudilər arasında dinlərarası harmoniya və onların sülh şəraitində birgəyaşayışı yüksək qiymətləndirdirilir. Qubernator on minlərlə azərbaycanlının bu gün Kaliforniyada yaşayaraq, bu ştatın inkişafına və multikulturalizminə öz töhfələrini verdiyini diqqətə çatdırır. Nə demək olar, “ot kökü üstündə bitər”. Azərbaycan vətəndaşları mənsub olduqları xalqın ən gözəl xüsusiyyətlərinin daşıyıcılarıdır və onların davranışı cəmiyyətimizin ləyaqət kodeksinin cizgiləridir.
Azərbaycanın bugünkü inkişafı, dünya birliyinə inteqrasiyası, beynəlxalq tədbirlərdə iştirakı və bir çox sanballı tədbirlərin təşkilatçısı olmaq xarici ictimai xadimlərin, dövlət başçılarının və siyasilərin gözündən qaçmır. Cəmiyyətimizin yüksək ləyaqətlə qlobal porblemlərin həllinə yanaşması və töhfə verməsi dünyada nümunə kimi qəbul edilir. Halbuki müstəqillik qazanana qədər bizim bütüm uğurlarımız Moskvanın adı ilə təqdim olunur və Azərbaycan ucqar əyalət qismində xaricdə tanınmırdı. Müstəqillik ən gözəl nemət olan azadlığı, azadlıq isə respublikanın öz adı nüfuz və hörmət qazanmasını gətirib. Beləliklə, ölkə rəhbərliyinin məqsədyönlü və fədakarcasına yürütdüyü siyasət bu gün Azərbaycanın beynəlxalq orbitə çıxarıb, onu layiq olduğu mərtəbəyə yüksəldib. 
Təsadüfi deyil ki, Azərbaycan Cümhuriyyətinin 100 illiyi qeyd olunan bu günlərdə dünyanın ən çox inkişaf etmiş ölkələrində yubiley şənlikləri keçirilir, dövlət və ictimai xadimlər Azərbaycana təbrik ünvanlayırlar. Kaliforniyadan başqa ABŞ Konqresinin üzvü, Konqresin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasında (Helsinki Komissiyası) demokratların rəhbəri Alcee Hastings (Demokrat – Florida) Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illik yubileyi münasibətilə Nümayəndələr Palatasında bəyanatla çıxış edib. Bəyanatda bildirib ki, Sovet İttifaqı dağılarkən, Azərbaycan xalqı yenidən müstəqillik hərəkatına başlayıb  və 30 avqust 1991-ci ildə müstəqilliyini bərpa edib. ABŞ Azərbaycanın müstəqilliyini növbəti dəfə 25 dekabr 1991-ci il tarixində tanıyıb. Bəyanatda, ABŞ-ın həmin tarixdən etibarən Azərbaycan Respublikasının siyasi müstəqilliyini, suverenliyini və beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəklədiyi xüsusi vurğulanır. Amerikanın Nevada ştatının məşhur Las-Veqas şəhərinin meri Karolin Qudman da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təbrik bəyannaməsi imzalayıb.
İnkişaf göstəricilərinə görə Azərbaycana böyük rəğbətlə yanaşan Avropadan da təbriklər səngimir. İspaniya Krallığının Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin beynəlxalq iqtisadi əlaqələr idarəsinin baş direktoru Kristina Serrano Leal müsəlman Şərqində ilk olaraq Azərbaycan Xalq Cümhuriyyətində qadınların seçki hüququnun təmin edildiyini, müstəqil demokratik respublikada bir çox sahələrdə mütərəqqi islahatların həyata keçirildiyini yüksək qiymətləndirib.  Beynəlxalq Limanlar Assosiasiyasının Bakıda keçirilən illik konfransında iştirakından məmnunluq duyan  “DP World” şirkətinin prezidenti Sultan Əhməd bin Sulaim deyir ki, hər dəfə Azərbaycana səfəri zamanı ölkəmizdə böyük inkişaf proseslərinin şahidi olur, Bakıda xarici turistlərin sayının sürətlə artdığını müşahidə edir. 
Bu fikirlər, təbriklərdə vurğulanan gözəl sözlər Azərbaycanın inkişafından doğan təəssüratların səmimi təcəssümüdür. Adətən hadisələrə kənardan baxanda onu daha yaxşı təhlil etmək olur. Bu mənada xaricilərin təəssüratları Azərbaycanın keçdiyi inkişaf yolunun daha real panoramını yaradır. Respublikanın siyasi, iqtisadi və demokratik dəyərləri sürətli inkişafın nəticəsi kimi dərin məna daşıyır.
N.NOVRUZ