Tək valideynlə yaşayan uşaqların sayının artması Azərbaycanda da ciddi problemə çevrilir

25 May 2018 09:00 (UTC+04:00)

“Dünya statistikasına əsasən, son 10 ildə bir valideynlə yaşayan uşaqların sayı 2 dəfə artıb. Azərbayanda da belə uşaqların sayı artır”. Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov "Azərbaycanda ailə modeli: müasirlik və dəyərlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. 

Ekspertlərin fikrincə, bir valideynlə böyüyən uşaqların həm fiziki, həm də psixoloji sağlamlığında olan problemlər iki valideynlə böyüyən uşaqlara nisbətən daha çox olur. Odur ki, ailələrin dağılması uşaqların bilavasitə pozulmasına təsir edən faktordur. Sosioloq Əhməd Qəşəmoğlu bildirir ki, ailə məsələlərinə lazımi səviyyədə diqqət verilmir: “Cəmiyyətin möhkəmlənməsi üçün onun özülü olan ailələrdə sabitliyin  olması vacib şərtdir. Təəssüf ki, bəzi ailələr yüksək ahəngdarlığı, mehribanlığı qoruyub saxlaya bilməyib.  Lakin qarşısını almaq mümkün olan problemdir. Lazımi iradə olsa və elmi metodlardan istifadə edilərsə, düzələn işdir. Bu problem ona görə yaranıb ki, ailələrdə gərginlik artıb. 
Boşanmaların sayında ötən illərə nisbətən artım var. Yəni, tək valideynlə yaşayan uşaqların sayı artıb. Hansı ki, bunun da bir çox fəasdları ola bilər. Əvvəla, ailədə valideyn uşaqları yalnız maddi təmin etmək funksiyasını yerinə yetirmir. Elm deyir ki, hər bir valideyn uşağının energetik daşıyıcısıdır. Kainatın verdiyi enerji uşaqlara valideynlə ötürülür. Ailədə böyüyən uşaqlar daha yüksək səviyyədə eneregetik təmin olunurlar.  Digər tərəfdən valideynlərin bir yerdə olmaları uşaqların tərbiyəsinə yüksək səviyyədə təsir edir. Valideynlərin bir yerdə xoş yaşamasından uşaq da şüuraltı mənəvi qida alır. Nəticədə uşaq cəmiyyət üçün daha arzuolunan şəkildə formalaşır. 
İkinci Dünya Müharibəsindən sonra da oxşar hadisələr yaşannmışdı. Lakin o vaxtı kişini itimiş ailələrdə vətənpərvərlik ovqatı formalaşmışdı. Bundan başqa dövlətin böyük qayğısı olurdu. Yəni, indiki tək valideyn həmin tək valideyn deyil. Hazırda əsasən maddi problemlər, mənəvi dəyərlərin aşınması hesabına ayrılmış valideynlərdir. Bunların da sonrakı həyat tərzində gərginlik daha çox olur. Ona görə də orada böyüyən uşaqlarda kompleks yaranır. 
Digər tərəfdən, ayrılmış yox, bir yerdə yaşayan valideynlər arasında da gərginlik olan ailələr var. Bunun özü də tək valideynlə böyümək kimi bir şeydir. Yəni, problemin ciddiliyi nəzərə alınmalıdır. Problemə elmi əsaslarla yanaşılmalıdır”. 
“Vəfa” Sosial-İctimai Birliyinin sədri Fatimə Hacıbəyli də tək valideynlə yaşayan uşaqların sayının son illər artdığını təsdiqləyir: “Bu, danılmaz faktdır. Bəllidir ki, son illər boşanmaların sayı artıb. Sanki cütlüklər ayrılmaq üçün ailə qururlar. Uşaq olandan sonra ailələr ayrılıq qərarını verirlər. İzdivac dağılırsa, uşaq ya atada, ya da anada qalmalı olur. Əksər hallarda uşaqlar analarla qalır. Lakin müasir Azərbaycan ailəsi öz quruluşunda əvvəlki ənənəvi ailələrdən əhəmiyyətli dərəcədə fərqlənir. Gənc ailələr hər xırda çətinliyi problemə çevirirlər. Nəticədə ailə dağılır. 
Problemin yaranmasının səbəblərindən biri gənclərin biri-birini tam tanımadan ailə qurmasıdır. Ailə qurmaq xətrinə ailə qurulanda nəticəsi ağır olur. Təəssüf ki, əziyyəti çəkən uşaq olur. Boşanmış ailələrin övladları isə  psixoloji travma ilə üzləşirlər. Onlar ilk növbədə ya atasızlıq, ya da anasızlıq travması ilə yaşayırlar. Tək valideynlə yaşayan uşaqların sayının artmasının səbəblərindən biri də  nikahdan kənar dünyaya gələn uşaqların artmasıdır”.
Mübariz BAYRAMOV