İrəvan sərsəm mövqeyindən geri çəkilməyə məcbur olur

26 May 2018 10:00 (UTC+04:00)

"Ermənistan XİN ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə daxil olmağı gözləyir". Bunu Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan deyib. 

Ölkəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişib-dəyişmədiyi ilə bağlı sualı cavablandıran yeni nazir bildirib ki, onlar üçün danışıqlar prosesinin dinamikasını saxlamaq çox vacibdir: "Çünki sülh yolu ilə nizamlanmanı danışıqlar yolu ilə və ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirmək barədə tapşırığın əsasında bu dayanır. Biz razılaşdıq ki, yaxın vaxtlarda görüşüb, bütün bu prosesi bərpa etmək imkanımız olacaq". 
Qeyd edək ki, son günlərə kimi rəsmi İrəvan Qarabağdakı separtçı rejim olmadan danışıqlara qatılmayacağını bəyan edirdi. Amma indiki açıqlama mövqelərində dəyişikliyin olduğunu göstərir. Siyasi şərhçi İlqar Vəlizadə bildirir ki, əslində, Zöhrab Mnatsakanyanın açıqlamasında yeni nəsə yoxdur: “Bu cür açıqlamaları keçmiş nazir Edvard Nalbadyandan da çox eşitmişik. Bu bəyanat onu göstərir ki, danışıqlar prosesi davam edəcək. Ən azından Ermənistan reallığı başa düşür. Bəyanat onu göstərir ki, Ermənistan yaxın vaxtlarda danışıqlar prosesinə qoşula bilər. 
Onsuz da Ermənistan danışıqlar prosesindən boyun qaçıra, başqa addım ata bilməz. Bizi maraqlandıran isə danışıqlar prsoesində onların mövqeyinin necə olacağıdır. Köhnə mövqedə qalacaqlarsa, proseslər yenə də imitasiya xarakteri daşıyacaq. Bu, bizi maraqlandıra bilməz. Əgər bu dəfə də imitasiya olacaqsa, güman ki, cəbhə xəttində gərginlik artacaq. Bu da Ermənistanın xeyrinə ola bilməz. Ümumiyyətlə, Ermənistana istənilən təzyiq onun xeyrinə deyil. Çünki heç bir təzyiqə layiqli cavab verə bilməyəcək”. 
Digər politoloq Vəli Əlibəyov bildirid ki, danışıqlar prosesinə “Dağlıq Qarabağ”ın qoşulması məsələsi sadəcə, Ermənistan cəmiyyəti üçün istifadə edilmiş bir fənd idi: “Bu, daha çox hakimiyyət dəyişikliyinə və yeni rəhbərliyin nüfuzunun arıtırlmasına yönələn bir bəyanat idi. Hazırda Ermənistan siyasətçiləri başa düşürlər ki, reallıqla barışmaq lazımdır”. 
Politoloq əlavə etdi ki, Ermənistan hakimiyyətinin bu yanaşmasını onların mövqeyində hansısa yumşalma kimi qəbul etmək və bununla da danışıqlar prosesinin axarının dəyişəcəyinə ümid etmək doğru olmazdı: “Qarabağ düyününün çözülməsi məsələsi hələ ki fövqəlgüclərin gündəliyində deyil”.
Mübariz BAYRAMOV