AXCP rəhbərinə qeyri-leqal və kriminal yolla axan böyük pullar

1 İyun 2018 08:00 (UTC+04:00)

Respublika Prokurorluğu və DİN-in birgə yaydığı məlumat AXCP-yə qeyri-leqal və kriminal xarakterli vəsait köçrüldüyünü üzə çıxardı. Müvafiq qurumların apardığı araşdırma nəticəsində məlum olur ki, Rusiyadan hər ay AXCP-yə ardıcıl olaraq 30 min dollaradək qanunsuz yolla pul gəlirmiş. 

Ümumiyyətlə, ötən müddət ərzində Rusiyadan çirkin yollarla AXCP-yə 412 min dollara yaxın vəsait daxil olub.  AXCP-nin bu qanunazidd əməllərə getməsinə səbəb nədir və hansı təhdidlər yaradır? 
BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bildirdi ki, Əli Kərimli qanunazidd hərəkətilə həm dövlətimizin milli maraqlarını satır, həm də özünün korporativ maraqlarının təmin etməyə çalışır: “Əli Kərimli və onun rəhbəri olduğu AXCP-nin qanunazidd əməllər törətməsində qeyri-adi heç nə yoxdur. Bu davranış bəlli olan və uzun illərdir səsləndirdiyimiz faktların rəsmi qaydada təsdiqidir. 
Əli Kərimli fəaliyyətdə olduğu bütün dövrlərdə çirkli pulların yuyulması ilə məşğul olub. Faktiki olaraq əldə etdiyi bütün gəlirləri leqal olmayıb. Dəfələrlə onun ətrafında olaraq əməkdaşlıq edən müxtəlif insanlar, o cümlədən qeyri-hökumət təşkilatlarının təmsilçiləri Əli Kərimlinin ayrılan qrant və digər vəsaitləri mənimsədiyi, bununla bağlı partiya üzvlərinə məlumat vermədiyi barədə məlumatlar səsləndiriblər. Mənimsənilən həmin məbləğlə bağlı müxtəlif rəqəmlər səslənib və bu rəqəmlər də 145 mindən bəzən 1 milyon dollaradək yüksəlib. Həmçinin bu maliyyə vəsaiti Kərimliyə müxtəlif qütblərdən daxil olub. Vaxtilə Qərbpərəst obrazı yaradanda Əli Kərimli ayrı-ayrı fondlar, o cümlədən Milli Demokratiya İnstitutu tərəfindən maliyyə alıb. Bu faktları vaxtilə Kərimlinin şöbə müdiri olan Qorxmaz Əsgərovun yazılarında da öz əksini tapıb, etiraf olunub. Onun xarici ölkə səfirlikləri, diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatların yerli nümayəndələri də tərəfindən idarə olunduğu da bu yazılarda qeyd olunub. 
Bundan başqa, vaxtilə Qənimət Zahidin Rusiyada yaşayan azərbaycanlılar vasitəsilə müəyyən vəsaitlər aldığı məlumdur. Həmin şəxslər arasında general da var idi. Daha sonra həmin generalın özü də mətbuata verdiyi açıqlamada faktı təsdiqləyib. Bu vəsaitlərin də Əli Kərimliyə çatdırıldığı dəfələrlə bildirilib. Əli Kərimli radikal dini və ekstremist qurumların hüquqlarının müdafiəsilə bağlı da fikirlər səsləndirib və onlarla əməkdaşlıq etdiyi də hər kəsin göz qabağındadır. Bədnam Milli Şuranın da kimlər tərəfindən idarə olunduğu hər kəsə bəllidir. Vaxtilə onların Milli Şuraya seçdikləri sədr daha sonra çəkdiyi Azərbaycan əleyhinə yönəlik filmə görə 5 milyon dollardan artıq qrant aldı. Ona görə də Respublika Prokurorluğunun açıqladığı məlumatlar əslində, bu silsilənin davamıdır. Əli Kərimli uzun illərdir ki, cinayət əməlilə məşğuldur. Siyasi maska arxasında gizlənərək həm Azərbaycan maraqlarına zidd hərəkətlər edir, milli maraqlarımızı satır. Həm də bu müstəvidə özünün koorporativ maraqlarını təmin edir”.
Həmsöhbətimiz qeyd etdi ki, Əli Kərimlinin rəhbəri olduğu AXCP qanunsuz olaraq fəaliyyət göstərir: “Rəsmi açıqlamalarda Əli Kərimlinin AXCP-nin qeydiyyatdan keçmədiyi ifadəsinə rast gəldim. Faktiki olaraq, bu da həmin partiyanın fəaliyyətinin qeyri-leqal olduğunu ortaya çıxarır. Ona görə də fikrimcə, məsələnin bu tərəfinə də diqqət yetirmək lazımdır. Hər kəsə bəlli idi ki, Əli Kərimli partiyanın möhürünü mənimsəyib. Vaxtilə AXCP sıralarında təmsil olunan və Ali Məclisdə təmsil olunan  insanların indi harda olduğu bəllidir. İndiki şəraitdə Əli Kərimlinin fəaliyyətinin hansı qanunvericilik aktı üzrəində qurulduğu da heç kimə bəlli deyil. Bu baxımdan həmin məsələyə aydınlıq gətirilməyib”. 
E. Mirzəbəylinin fikrincə, Ə. Kərimli öz hərəkətlərilə Azərbaycan dövləti üçün təhdid yaratsaydı, şübhəsiz ki, bu gülünc olardı: “Düzdür, o, mütəmadi olaraq təhdid yaratmağa cəhd göstərir. Bu insanı dəstəkləyən, müdafiə edənlərin sayı da barmaqla sayılan qədərdir. Onun maskası, siması çoxdan yırtılıb və nə ilə məşğul olduğu hər kəsə bəllidir.  Sosial şəbəkələr üzərindən ritorik, pafoslu fikirlər səsləndirməklə deyil. Bu şəxs pul hərisliyi, tamahkarlığı ilə özünün siyasi karyerasını çoxdan iflasa uğradıb. Əli Kərimli kimdir ki, dövlətimizə təhdid yaratsın. Lakin onun bu kimi əməlləri şübhəsiz ki, cinayət və qanunazidd əməlləridir. Azərbaycan siyasi sistemində bu kimi adamların olması mümkün deyil. Bu obraz Azərbaycan siyasi sisteminin, ölkəmizdə təşəkkül tapan dəyərlərin mahiyyətinə ziddir. Onun fəaliyyəti, siyasi partiyalar arasında intriqa yaratmaq cəhdləri ölkədə sivil siyasi münasibətlərin təşəkkül tapmasına, müxalif qüvvələrin ciddi şəkildə strukturlaşması, institutlaşmasına maneə olur. Əl Kərimlinin bu aqressiv siyasəti mütəmadi olaraq ayrı-ayrı xarici dairələrin oyunlarında iştirakı nəticə etibarı ilə ölkədə siyasi münasibətlərin inkişafına zərbə vurub. Ona görə də bu şəxsin Azərbaycan siyasəti sərhədindən kənarlaşdırılmasına ehtiyac var. Fəaliyyəti də  artıq buna zəmin yaradıb. Nəticə etibarı ilə həmin addımın hüquqi baxımdan həyata keçirilməsinə ehtiyac vardır”. 
Mübariz BAYRAMOV