Ərzağa olan tələbat daxili isteshal hesabına təmin edilir

1 İyun 2018 09:00 (UTC+04:00)

Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixində imzaladığı fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin milli iqtisadiyyatın aqrar sahəsində biznesin formalaşmasında və onun səmərəliliyinin artırılmasında böyük əhəmiyyət daşıyır. Bu kimi normativ bazanın formalaşdığı şəraitdə aqrar sahədəki biznes qurumlarının istehsal etdikləri hər bir məhsulun rəqabət qabiliyyətliliyinin artması təmin edilib. Dövlət aqrobiznes sisteminə güzəştli kreditlər, subsidiyalar, kompensasiyalar, qrantlar, kreditlərə təminatlar verilməsi, lizinqin təşkili, sahibkarlara xidmət göstərən maliyyə – kredit qurumlarına stimullaşdırıcı tədbirlərin tətbiqi formasında maliyyə myardımı və dəstək həyata keçirir.

Aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində artıq bir neçə ildir ki, aqrobiznes sistemində daxili istehsal hesabına əhalinin bir sıra kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi mümkün olub. Kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən müddətli vergi güzəştləri ilə bərabər, dövlət tərəfindən onlara yanacaq, motor yağlarının və mineral gübrələrin alınmasında güzəştlər edilir, dövlət və özəl toxumçuluq təsərrüfatlarına yetişdirdikləri toxumlara görə subsidiyalar verilir. Ərzaq məhsulların isteshalını artırmaq və bu sahədə biznesin inkişafını təmin etmək məqsədi ilə istehsalçılara bir çox güzəştlər tətbiq edilib, kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərin vergi borcları silinib.
Müasir iqtisadi şəraitdə aqrobiznes sistemində struktur siyasətinin əsas istiqamətlərindən biri elmi, istehsal və sosial infrastrukturun dəstəklənməsidir. Bu istiqamətdə hazırda biznes modeli kimi Aqroparklar yaradılır. Bu müəssisələrdə kənd təsərrüfatı məhsullarının istehsalını, emalını, logistikasını və digər xidmətləri əhatə edən bütöv bir təsərrüfat başa düşülür. Bu, özündə müasirliyi ehtiva edən və qabaqcıl texnologiyalarla işləyən strukturdur. Son bir neçə ildə bu sahədə əldə olunan nəticələr sevindiricidir. Çünki, artıq respublikada istehsal olunan bəzi ərzaq məhsulları üzrə daxili tələbat tam ödənir. Bu da öz növbəsində idxaldan asılılığı aradan qaldırır. Aqroparkların yaradılması əsasən bağçılıq, quşçuluq və heyvandarlığın xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsini təmin etməklə yanaşı, ərzaq məhsullarının idxalının maksimum endirilməsinə və kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının genişlənməsinə imkan yaradıb.
Ümumiyyətlə, indi Azərbaycanın qarşısında duran əsas hədəflərdən biri qeyri-neft sektorunun aparıcı bölməsi olan aqrar-sənaye sektorunun sürətli inkişafını təmin etməkdir. Azərbaycanın aqroiqlim şəraiti respublika ərazilərində ekoloji cəhətdən təmiz, təbii üsullarla, yüksək keyfiyyətli və insan sağlamlığı üçün zərərsiz olan ərzaq məhsullarının istehsalına geniş imkanlar açır. Dövlət başçısının qarşıya qoyduğu vacib tapşırıqlardan biri də belə məhsulların xarici bazarlarda yer alması üçün zəruri fəaliyyətlərin həyata keçirilməsidir.
Kənd təsərrüfatında fərdi fermer təsərrüfatları ilə yanaşı iri istehsal sahələrinin genişlənməsi  emal sənayesinin inkişafını da tələb edir. Məsələn, vaxtilə ölkədə şəkər istehsalı ilə məşğul olan böyük istehsal gücünə malik zavodun tikilməsi bəzi mütəxəssislərdə şübhəli proqnozlar doğurmuşdu. Amma zavod istifadəyə veriləndən qısa müddət sonra artıq ölkədən şəkər ixrac olunmağa başladı. 
Emal sənayesi kənd təsərrüfatı istehsalının inkişafı yolunda lokomotiv rolunu oynayır. Xammal istehsalı ilə emal sənayesinin vəhdəti daxili imkanlar və yerli resurslar vasitəsi ilə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi və idxal edilən istehlak məhsullarının daxildə istehsalının artırılması üçün böyük perspektivlər vəd edir.
N.NOVRUZ