Dünya iqtisadiyyatında Azərbaycanın çoxqütblü rolu

1 İyun 2018 09:40 (UTC+04:00)

“Dünya ictimaiyyəti Azərbaycanda reallaşdırılan neft-qaz layihələrini diqqətlə izləyir”. Bunu Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurin deyib. O qeyd edib ki, bu layihələr Avropa bazarları üçün böyük maraq kəsb edir. 

Bu günlərdə açılışı olan “Cənub Qaz Dəhlizi”nin işə başlaması Qərblə ölkəmiz arasında energetika sahəsində möhkəm əsaslara söykənən əlaqələrin həyata keçirildiyini bir daha təsdiqləyib. Bu əlaqələr regionun lideri və enerji ölkəsi olan Azərbaycanın Avropanın enerji təchizatının şaxələndirilməsi işinə verdiyi böyük töhfədir. Bu, həm də o deməkdir ki, Azərbaycan Şərqlə Qərb arasındakı enerji daşımaları, ticarət dövriyyəsi əlaqələrinin təminatı istiqamətində vacib rol oynayır. 
Bu gün dünya iqtiusadiyyatının əsasını enerji daşıyıcıları təşkil edir. Yanacağın qiyməti siyasi qərarlara, ölkələrin inkişaf tempinə, valyutaların məzənnələrinin müəyyənləşməsinə, sosial layihələrin sanbalına güclü təsir edir. Hətta neft və qaz resurslarını ələ keçirmək uğrunda bu qiymətli xammalın bol olduğu ölkələr müharibələrə sürüklənir. Yanacaq xammalı isə heç də bütün dövlətlərə nəsib olmayıb və üstəlik heç də hər dövlət təbii ehtiyatlarından və malik olduğu çoğrafi istiqamətdən səmərəli istifadə etməyi bacarmır. 
TANAP layihəsinin başa çatdığı və kəmərə ilk qazın vurulduğu günlərdə amerikalı müəlliflər-Lük Koffi və Əfqan Niftinin “Forin Polisi” qəzetində dərc edilmiş məqaləsində deyilir: “Enerji resursları və məhsulların Asiyadan Avropaya daşınması üçün üç yol var: bunlar İran, Rusiya və Azərbaycandan keçir. Müasir reallıqda, Qərbin Moskva və Tehranla münasibətlərinin qopduğu zamanda yalnız bir həyati əhəmiyyətli yol qalır. Bu, Azərbaycanın Xəzər dənizinin sahilləridir. Hazırda regionda Rusiya və İrandan kənar keçən üç vacib qaz və neft kəməri mövcuddur. Bu, Aralıq dənizinə çıxan Bakı-Tiflis-Ceyhan, Qara dənizə gedən Bakı-Supsa və Azərbaycandan Türkiyəyə gedən, daha sonra Cənub Qaz Dəhlizi layihəsi ilə birləşərək İtaliyaya çıxan Cənubi Qafqaz boru kəməridir”.
“Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayacaq. İlk növbədə “qoca” qitənin daim rəqabətdə olduğu Rusiya qazından asılılığını aradan qaldıracaq. Bu səbəbdən qaz təchizatının şaxələndirilməsinin genişləndiyi indiki dövrdə Azərbaycanın əhəmiyyəti sürətlə artır. Azərbaycan marşrutunun çəkisini artıran səbəblərdən biri də bu istiqamətin parlaq gələcəyinin olmasıdır. İran, Türkmənistan, hətta Özbəkistan və Əfqanıstandan  gələcəkdə bu dəhlizlə enerji resurslarının tranzit daşınması həyata keçirilə bilər. Bütün bu ehtimallar və reallıq fonunda “Cənub Qaz Dəhlizi”nin tikintisi siyasi və iqtisadi ambisiyalar qoynunda başa gəlib. “Forin Polisi”dəki məqalədə deyilir: “Rusiya əlindən gələn hər şeyi edəcək ki, Qərbin Azərbaycandan istifadəsinə maneçilik yaratsın. Bu isə xüsusilə dondurulmuş Dağlıq Qarabağ konfliktində istifadə olunacaq. Belə ki, ölkənin əsas kəmərlərinin böyük hissəsi cəbhənin təmas xəttinin yaxınlığında yerləşir. Moskva çox gözəl bilir ki, istənilən böyük toqquşma bu boru kəmərlərinin həyati əhəmiyyətinə təhdid yaradacaq. Rusiyanın Ermənistana təsirini nəzərə alsaq, bunun o qədər uzun zaman almayacağını deyə bilərik”. Göründüyü kimi, siyasi mövqelər yanacaq marşrutlarının şəbəkəsi ilə formalaşır yaxud dəyişir. Bu da hər bir neft-qaz kəmərinin strateji yükünü artırır. 
N.NOVRUZ