OPEK Azərbaycanla əməkdaşılığa daha çox önəm verməyə başlayır

1 İyun 2018 09:15 (UTC+04:00)

“Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) Azərbaycanla OPEK+ çərçivəsində sıx əməkdaşlığın davam edəcəyinə ümid edir”. Bunu kartelin baş katibi Məhəmməd Sanusi Barkindo Bakıda keçirilən 25-ci "Xəzər Neft və Qaz" beynəlxalq konfransı çərçivəsində deyib: “Biz bu məsələ üzərində işləyirik. Azərbaycan 16 ay əvvəl imzalanmış və neft hasil edən 24 ölkəni birləşdirmiş hasilatın azaldılması üzrə sazişin əldə olunmasında aparıcı rollardan birini oynayıb. Bu misilsiz tarixi saziş bazarda sabitliyin əldə olunmasına imkan verdi”. M.Barkindo vurğulayıb ki, dünya iqtisadiyyatının inkişafı üçün OPEK+ çərçivəsində əməkdaşlığı davam etdirmək lazımdır.

Qeyd edək ki, son zamanlar OPEK Azərbaycanla əməkdaşılığa getdikcə daha çox önəm verməyə başlayıb. 
İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, OPEK Azərbaycan da bu təşkilata üzv etməyə çalışır: “Bu, təşkilatın perspektivi  üçün yararlıdır. Azərbaycan neft hasilatında regional ölkələrdən biri hesab olunur. OPEK-ə üzv olmaq isə təşkilata üzvlük haqqının ödənilməsini tələb edir. Bu da OPEK-in büdcəsinin artmasına səbəb olur. 
Həmçinin OPEK-in tərkibində ölkələr nə qədər çox olacaqsa, təşkilatın verdiyi qərarlar dünya birjalrına bir o qədər ciddi təsir göstərir. Azərbaycanın ora daxil olması təşkilata bu cür faydaları olacaq. Ona görə də OPEK tərəfindən ciddi təkliflər var. Lakin Azərbaycan hökuməti yaxın zamanlarda OPEK-ə üzv olmağı düşünmür, bununla bağlı müzakirələr aparmır. Sadəcə, OPEK ilə əməkdaşlığın davam etdirilməsində Azərbaycan tərəfi də maraqlıdır. Çünki OPEK-in atdığı addımlar neftin qiymətinin artmasına səbəb olur ki, bunun da Azərbaycan kimi ölkələrə faydası var. Azərbaycan ona görə də OPEK ilə əməkdaşlığı davam etdirəcək. Ancaq tezliklə üzv olmaq gözlənilmir. Elə doğru olan da budur. Çünki, OPEK-ə üzv olmaq ölkənin müstəqil şəkildə hasilatla bağlı qərarlarına məhdudiyyətlər gətirir. OPEK-in qərarları üzv dövlətlər üçün məcburi xarakter daşıyır. Bundan başqa, təşkilata üzvlük haqqının ödənilməsinə səbəb olacaq. OPEK bu baxımdan Azərbaycanın təşkilata üzv olmasında israrlıdır”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, burada OPEK-in Azxərbaycana qarşı xüsusi marağından söhbət getmir: “Düzdür, Azərbaycan karbohidrogen resursları ilə zəngin ölkədir. Amma bu gün dünyada təklif olunan neftdə az paya malikdir. Buna baxmayaraq, istənilən halda Azərbaycanın prosesdə iştirak etməsi, neft hasilatı ilə məşğul olan ölkələrlə birgə  qərarların qəbul edilməsində həmrəylik təssüratının yaranmasında öz rolunu oynayır. Xüsusən də “Cənub Qaz Dəhlizi”nin açılış mərasimi dünyanın diqqətini Azərbaycana yönəltdi.  Beynəlxlq qurumlar da öz təyinatlarına uyğun olaraq, açıqlamalar səsləndirirlər”. Ekspert vurğuladı ki, Azərbaycan istənilən halda OPEK ilə əməkdaşlığı davam etdirəcək: “Azərbaycan üçün neftin qiymətinin sabit və ya baha olması daha əhəmiyyətlidir. Digər ölkələr isə qiymət ucuzlaşamaları zamanı hasilatlarını artıraraq, itkilərini kompensasiya edə bilirlər. Bu baxımdan Azərbaycan da OPEK ilə əməkdaşlıqda maraqlıdır. Hasilatın azaldılması  OPEK qarşısında götürülmüş öhdəliyin yerinə yetirilməsinə şərait yaradır. Hələlik fikir ayrılığından söhbət getmir. Azərbaycanın dünyaya 33 faizdən artıq neft təklif edən qurumla əmədaşlıq etməsinə ehtiyac var”.
Mübariz BAYRAMOV