Sərhədi pozan 4 əcnəbi saxlanılıb

1 İyun 2018 10:27 (UTC+04:00)

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

DSX-dən Movqe.az-a verilən məlumata görə, hərbi qulluqçuların Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Hadisə Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Həmin tarixdə Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində qabaqlayıcı əməliyyat məlumatı əsasında “pusqu” sərhəd naryadında olan sərhədçilər tərəfindən 4 nəfər şəxsin Azərbaycan Respublikası ərazisindən İran İslam Respublikası istiqamətində hərəkət etmələri aşkar olunub.

Sərhəd naryadı sərhəd pozucularının dövlət sərhədini pozmaq cəhdinin qarşısını alıb və həmin şəxsləri saxlayaraq sərhəd zastavasına gətirib. Sərhəd pozucularının üzərindən 3610 ABŞ dolları, 250 Banqladeş takası, 1 ədəd “Samsung” markalı, 3 ədəd “Huaԝei” markalı mobil telefonlar və şəxsi əşyalar olan çantalar aşkar olunub.

Araşdırma zamanı həmin şəxslərin Banqladeş vətəndaşları - 1997-ci il təvəllüdlü Hossain MD Lokman, 1998-ci il təvəllüdlü Hossain MD Rintu, 1998-ci il təvəllüdlü İslam Saiful, 1987-ci il təvəllüdlü Talukdar MD Aminul İslam olmaları dəqiqləşdirilib, birinci ikisinin Avrasiya Universitetinin, digər ikisinin isə Azərbaycan Texniki Universitetinin tələbələri olmaları müəyyən edilib.

Saxlanılan şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.