“Kaspi nəşrləri” seriyasından iki yeni kitabın təqdimatı olub

1 İyun 2018 14:11 (UTC+04:00)

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi münasibətilə Mətbuat Şurası, “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkətinin təşkilatçılığı ilə tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə “Kaspi nəşrləri” seriyasından iki yeni kitab – “XX əsr Azərbaycanın görkəmli dövlət qurucuları” və tərtibatçısı Vilayət Quliyev olan "Əlimərdan bəy Topçubaşov - “Kaspi”dən seçmələr” kitabları təqdim edilib.

Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan və rus dillərində nəşr edilən “Əlimərdan bəy Topçubaşov - “Kaspi”dən seçmələr” kitabında Azərbaycan Xalq Cümhuriyyətinin “qurucu atalar”ından birinin – görkəmli ictimai-siyasi xadim, diplomat və publisist Əlimərdan bəy Topçubaşovun 1898-1906-cı illərdə baş redaktoru olduğu “Kaspi” qəzetində dərc edilmiş məqalələrindən bir qisminin Azərbaycan dilində tərcüməsi toplanıb. Bu yazılarda Azərbaycanın və bütövlükdə Cənubi Qafqaz regionunun XX əsrin əvvəllərindəki həyatı özünün ən müxtəlif yönləri və istiqamətləri ilə əksini tapıb.

Ə.Amaşov deyib ki, Ə.Topçubaşov AXC-nin quruclarından, dövrünün nəhəng simalarından biri idi, baş verən prosesləri dərindən analiz edirdi və onun bu kitabda toplanan məqalələri bu gün üçün də çox aktualdır. Ə.Topçubaşov öz məqalələri ilə xalqın maarifləndirilməsində mühüm rol oynayıb.

“XX əsr Azərbaycanın görkəmli dövlət qurucuları” kitabı haqqında da danışan Ə.Amaşov bildirib ki, bu kitabda Azərbaycanın görkəmli dövlət qurucularının, siyasi xadimlərinin, ziyalılarının həyat və fəaliyyətlərindən bəhs olunur.

Daha sonra tədbirdə çıxış edən “Kaspi nəşrləri” seriyasının rəhbəri və redaktoru Sona Vəliyeva kitabların əhəmiyyəti barədə danışıb. O qeyd edib ki, “Kaspi nəşrləri” seriyası öz fəaliyyətində xalqımız üçün gərəkli olan mövzulara yer verir: “Kaspi nəşrləri” seriyası 15-ə qədər kitab nəşr edib, lakin bu iki kitab bizim üçün daha əzizdir”.

Kitabın 1-ci hissəsinin Ümummilli Lider Heydər Əliyevə həsr olunduğunu vurğulayan S.Vəliyeva bildirib ki, Ulu Öndərin Azərbaycan Xalq Cümhuriyyətinin istiqlal düşüncəsinin sovet dönəmində sönməyə qoymaması, 90-cı ilin əvvəlində hakimiyyətə gəldiyi zaman çətin bir vaxta Azərbaycanın yeni memarı kimi özünü sevdirməsi bizə bu kitabın bir hissəsini Heydər Əliyevə həsr etməyə imkan verdi.

S.Vəliyeva vurğulayıb ki, Heydər Əliyev AXC qurucularının xaricdə olan məzarlarının tapılması, onların arxivlərinin toplanması, fəaliyyətlərinin tədqiq edilməsi istiqamətində böyük işlər görüb: “AXC qurucuları Azərbaycanı millətinə azadlıq ruhu ötürdülər və onun qorunmasına çalışdılar. Bunların ardı Ulu Öndər tərəfindən davam etdirildi və Azərbaycan yenidən müstəqilliyə qovuşdu”.

 

Onun sözlərinə görə, bu kitablar geniş oxucu kütləsi üçün nəzərdə tutulur və Azərbaycanın görkəmli dövlət xadimlərinin tanıdılması istiqamətində mühüm rol oynacaq.

S.Vəliyeva əlavə edib ki, “Kaspi nəşrləri” seriyası çərçivəsində Həsən bəy Zərdabinin Dumada çıxışlarının tərcümə olunması və nəşr edilməsi də nəzərdə tutulur: “Qoy xalqımız onun min bir çətinliklə Dumada keçirdiyi qanunlar, gördüyü işlərlə tanış olsunlar”.

Tədbirdə çıxış edən professor Cahangir Məmmədli kitabların əhəmiyyətindən danışaraq bildirib ki, bu kitablar böyük informasiya mənbəyidir, bizə çox böyük məlumat verir. Bu kitablar Azərbaycanın dövlət qurucularının tanıdılması işində mühüm rol oynayacaq.

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli kitabın redaksiya heyətinə rəhbərlik etdiyinə görə S.Vəliyevaya təşəkkürünü bildirib. O qeyd edib ki, bu kitablar tariximiz üçün çox əhəmiyyətlidir və görkəmli dövlət xadimləri haqqında bir informasiya mənbəyidir.

Tədbirdə çıxış edən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, bu kitablar Azərbaycan oxucusu üçün kfayət qədər dəyərə malik kitablardır. Kitabda Cümhuriyyət qurucularına kifayət qədər önəm verrilir: “Azərbaycanın ötən əsrdə yenidən müstəqilliyini qazandığı zaman ölkədə syasi anarxiyanın hökm sürdüyü bir dövrdə xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdaraq ölkəmizi xilas etməsi kitabda geniş əks olunub. Hər iki kitabda kifayət qədər zəngin faktlar var".

Digər çıxışçılar da kitabın əhəmiyyətindən danışıb və bu cür kitablar nəşr etdiyinə görə “Kaspi nəşrləri” seriyası rəhbərliyinə təşəkkür ediblər.

Tədbirdə, həmçinin hər il bir şəxsə verilən “Kaspi” mükafatının builki sahibinin adı açıqlanıb. Builki mükafatın sahibi sənətşünas alim Ziyadxan Əliyev olub.