Ermənistanda təzələrlə köhnələr arasında mübarizə qızışır

2 İyun 2018 10:30 (UTC+04:00)

Ermənistandakı məxməri inqilabdan sonra başlanmış proses bu ölkədə yaşayanlara hələlik yaxşı heç nə vəd etmir. Özündəninqilabçı Nikol Paşinyan hakimiyyətə gəlmək üçün Serj Sarkisyan komandasının üzvlərinə və ümumiyyətlə oliqarxlara verdiyi “sizlərə toxunmayacağıq” vədinin arxasında dayanmır. O, köhnə hakimiyyətin nümayəndələrindən tezliklə tam olaraq yaxasını qurtarmağa çalışır və bunu əməli fəaliyyəti ilə təsdiqləyir. Bu günlərdə baş nazirin əmri ilə Ermənistanın 10 vilayətindən 8-nin qubernatoru birdən dəyişdirilib. Qərar gözlənilməz olduğu qədər də oliqarxlar arasında ciddi əsəbilik yaradıb. Lakin heç kim cəsarət edib, “axı, sən söz vermişdin!” deyə bilməyib. Ona görə ki, Paşinyan öz addımlarında qərarlıdır və etiraz edəni daha geniş yoxlama və üzə çıxarılan nöqsanlar sarıdan qazamat həyatı gözləyir. 

Paşinyanın oliqarxları qəzəbləndirən digər bir qərarı isə milli təhlükəsizlik xidmətinin xətti ilə iri müəssisələrdə yoxlamaların başlamasıdır. “Aleks Holdinq” ACT-nin sahibi Samvel Aleksanyan isə yeni baş nazirin hökumətini hədələməkdən çəkinməyib. Belə ki, MTX-i onun iri marketlər şəbəkəsinə daxil olan “İrəvan Siti” supermarketindəki yoxlamalarını nəticələrinə əsasən sahibkara böyük məbləğdə cərimə yazıb. Aleksanyan da öz növbəsində partiyadaşları ilə söhbətində “onların itilədiyi bıçaq” özlərinə doğru yönələcək deyə hədələyici tonla bildirib ki, belə fəaliyyət qiymətlərin qalxmasına səbəb olacaq. Ermənistanda çıxan “Qraparak” qəzeti yazır ki, MTX-nin girinə keçməyən digər müəssisələr üçün də belə planlar mövcuddur.  Oliqarxlar deyirlər ki, bütün bunlardan əvvəl-axır xalq qəzəblənəcək və hökumətə qarşı ayağa qalxacaq”.  
“Çorrort işxanutyan” qəzeti isə öz mənbələrinə istinadən xəbər verir ki, “SAS” supermarketlər şəbəkəsinin sahibi Artak Sarkisyanın qardaşı Aram Sarkisyan ölkədən qaçıb. Məsələ belədir ki, builki parıament seçkilərindən sonra “SAS”da hansısa yığıncağın materiallarına görə A.Sarkisyana qarşı cinayət işi başladılıb və sonradan ləğv edilib. İndi bu adam qorxur ki, Paşinyan hökuməti cinayət işini yenidən gündəmə gətirə bilər. 
Məsələ burasındadır ki, Paşinyanın baş nazir postunda davam gətirə biləcəyi hələ də sual altındadır. Bu adam ikili rol oynayır. Bu isə Ermənistan tipli forpost ölkələr üçün çox təhlükəlidir. İndiki baş nazirin qarşısında Rusiya, Qərb, yerli oliqarxlar, rusiyalı oliqarxlar, diaspor, erməni lobbisi kimi qartımış qüvvələr durur. Bu adamın onların hamısı ilə dil tapması ehtimalı nə qədər ola bilər? Tanınmamış və təcrübəsiz Paşinyanın ilk gündən nala-mıxa vurması onun “özünü oda atması” təsəvvürünü yaradır. 
Xüsusilə, Qarabağ məsələsində Ermənistan baş nazirinin səlahiyyətsizliyi fəaliyyətində aydın görünür. Bunu ən əvvəl münaqişə zonasında Paşinyanın baş nazir olması ilə xeyli artmış müharibə riski diktə edir. Hər necə olmasa, əsas vasitəçi dövlətlər - Rusiya və ABŞ yeni və dağıdıcı müharibədə maraqlı deyil. 
“Xatırladım ki, Nikol Paşinyanı Qarabağın müstəqilliyinin tanınmasını və ya Ermənistana birləşdirilməsini tələb edən Daşnaksütyun Partiyası və digər radikal qüvvələr dəstəkləyib. Ona görə də düşünürəm ki, Ermənistanla Azərbaycan arasında 1990-cı illərin qanlı hadisələrinin təkrarlanma ehtimalı kəskin şəkildə artıb”. Bu fikir Qarabağ məsələsində ədalətli yanaşması ilə fərqlənən Rusiyanın tanınmış jurnalisti və siyasi şərhçisi Maksim Şevçenkoya məxsusdur.
Lakin Paşinyanı hakimiyyətə gətirən mitinqçiləri müharibə yox, gündəlik ruzu və firavanlıq maraqlandırır. Buna görə də Ermənistanda mitinqlərin arası kəsilmir. İnsanlar hansısa vicdansız rektorun, haqsızlığı müdafiə edən baş prokurorun, İrəvan merinin və oliqarxlara bağlı onlarla vəzifəli şəxsin istefasını tələb edirlər. Belə xaos ölkədəki gərginliyi daha da artırır və Paşinyan hökumətinin vəziyyətini çətinləşdirir. 
N.NOVRUZ