Yanvar-aprel aylarında Bakı sakinlərinə 1 milyard 642,8 milyon manatlıq xidmət göstərilib

4 İyun 2018 10:58 (UTC+04:00)

Cari ilin ilk dörd ayında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz artaraq 1 milyard 642,8 milyon manata çatıb.

Bakı Şəhər Statistika İdarəsindən movqe.az-a bildiriblər ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 28,6 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətin ümumi dəyərinin 62,6 faizini təşkil edib.

Qeyri-dövlət sektorunda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,7 faiz artaraq 1 milyard 294,3 milyon manat olub. 2018-ci ilin yanvar-aprel ayları ərzində hər bir şəhər sakini orta hesabla ayda 167,7 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 4,3 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.