Ötən gün 11 kq narkotik dövriyyədən çıxarılıb

4 İyun 2018 18:15 (UTC+04:00)

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Movqe.az-a verilən məlumata görə iyunun 2-də Yardımlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı-Masallı yolunun 39-cu kilometrliyində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini Qadir Əliyev saxlanılıb. 

Onun əlindəki torbadan ümumilikdə 11 kiloqramdan artıq müxəlif növ narkotik vasitə - 4 kiloqram 64,2 qram heroin, 6 kiloqram 23,3 qram tiryək, 943,7 qram həşiş qətranı, 76,25 qram psixatrop maddə olan metamfetamin və digər həblər aşkar edilərək götürülüb.

Faktla bağlı Yardımlı Rayon Polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.