Okeanın o tayında erməni lobbisinin mövqeyi sürətlə laxlayır

5 İyun 2018 08:00 (UTC+04:00)

ABŞ-da erməni lobbisinin bu ölkənin maraqlarına zidd fəaliyyətinə dair həyəcan təbili çalınır. Məsələn, məhşur "Foreign Policy" nəşri yazır ki, Rusiya məhz erməni lobbisi vasitəsilə ABŞ-ın daxili işlərinə və ölkədə keçirilən seçkilərə müdaxilə edib: "Rusiyanın ABŞ-ın daxili işlərinə müdaxiləsini əlaqələndirən ən qəribə üçbucaq erməni lobbisi, o cümlədən Putin tərəfindən müəyyən edilmiş məqsədlərə nail olmaq üçün Rusiya və Ermənistandan olan etnik ermənilərlə işləyən erməni-Amerika lobbisidirir". Erməni lobbisinə qarşı ABŞ-da artan etirazlar nədən qaynaqlanır və bu lobbinin gələcəyinə nə vəd edir? Azərbaycan bundan hansı üstünlüklər əldə edə bilər? 

Politoloq Natiq Miri  bildirdi ki, Vaşinqtonda erməni lobbisinə münasibətdə artan etirazlar onların ABŞ-ın daxili işlərinə və seçkilərə qarışan Rusiya ilə əlbir olmasından qaynaqlanır: “Bilirsiniz ki, Donald Trampın başçılığı ilə yeni ABŞ adminstrasiyası heç də Rusiya, həm də erməni lobbisinin gözləntiləri kontekstində hərəkət etmədi. Düşünülürdü ki, Tramp hakimiyyətə gələndən sonra bir növ Rusiyanın bütün geosiyasi maraqlarını ehtiva edən bir siyasət yürüdəcək. Hətta Trampı Rusiyanın casusu kimi qiymətləndirən müəyyən dairələr də vardı. Hətta Trampın qələbəsini şampan partlatmaqla qeyd edən başıxarab Vladimir Jirinovski kimi siyasətçilər də var. Amma ABŞ-da hakimiyyət sistemi elə qurulub ki, heç də hər bir məsələ bir şəxsin iradəsindən asılı olaraq davam etmir. 
Donald Trampı elə bir məngənəyə saldılar ki, artıq Konqresin müəyyənləşdirdiyi siyasətdən kənara çıxa bilmir. Ola bilsin ki, Rusiya mövcud olan erməni lobbisi ABŞ-dakı lobbilərilə müəyyən əlaqələr yaradıb və bu əlaqələr vasitəsilə Ağ Evə təsir etməyə çalışırlar. Təbii ki, bu da ABŞ-ın xüsusi xidmət orqanlarının diqqətindən qaça biləcək məsələ deyil. Görünür, bu kontekstdə ABŞ-ın əlində kəşfiyyat informasiyaları olduğundan, son zamanlar erməni lobbisinə qarşı müəyyən mənada hərəkətə keçiblər. Nəticədə erməni lobbisi bir çox istiqamətdə sıxışdırılır. Fikrimcə, bu da ABŞ-dakı erməni lobbisinin bilavasitə Rusiya ilə əlaqələrindən qaynaqlanır. 
Onu da yaddan çıxarmayaq ki, Tramp adminstrasiyasında məhz prezident seçkilərində erməni lobbisinin indiki prezidentə deyil, xanım Hillari Klintona dəstək verdiyi və bu istiqamətdə böyük maliyyə ayırdıqları barədə konkret informasiyalar da var. Düşünürəm ki, bu konkret maliyyə ayırmaları barədə konkret sənədlər də Trampım masası üzərindədir.  Bu səbəbdən hesab edirəm ki, Tramp erməni lobbisinin maraqlarını ehtiva edən siyasət yürütməyəcək. Erməni lobbisinə yönəlik sıxışdırmalar da bilavasitə məhz dediklərimlə əlaqədardır. 
Azərbaycanın bu prosesdən hansı üstünlüklər əldə edə biləcəyinə gəldikdə, düşünürəm ki, həmin istiqamətdə Bakının ABŞ-la bağlı siyasəti artıq bir sıra strateji istiqamətdə addımlar atmasından ibarət ola bilər. ABŞ hakimiyyəti anlamalıdır ki, Azərbaycan regiondakı siyasətində birmənalı olaraq Vaşinqtonun yanındadır. Yalnız bundan sonra ABŞ Azərbaycana olan müsbət münasibətini daha da inkişaf etdirərək, regionda məhz ölkəmizə üstünlük verməyə başlayacaq. Zatən ABŞ-ın artıq Azərbaycana müsbət münasibəti yönündə konkret addım və fikirlər vardır. Amma bu addımlar daha da inkişaf etdirilməlidir. Onun üçün də Azərbaycan xüsusilə ABŞ-da olan lobbilə ciddi mənada işləməlidir. Azərbaycan rəhbərliyi də ABŞ-a dəvət olunarsa vu bu istiqamətdə görüşlər keçirilərsə, onun özü də dövlətimizin xeyrinə işləyəcək önəmli siyasi hadisə olacaq”. 
Siyasi icmalçı Azər Həsrət qeyd etdi ki, ermənilərin məkrli millət olduğunu ABŞ zatən buna qədər də bilirdi: “Sadəcə olaraq, uzun müddətdir ABŞ ermənilərdən Türkiyə və təbii ki, onunla birlikdə Azərbaycana qarşı istifadə edir. Zaman-zaman ermənilər vasitəsilə çalışırlar ki, Cənubi Qafqazda vəziyyətə bu və ya digər şəkildə təsir etsinlər. Lakin iş o yerə gəlib çatıb ki, ermənilər, xüsusən də Ermənistan dövləti Rusiyadan asılıdır və bütün hallarda məhz onun dediyini etməyə məcburdur. 
Əlbəttə ki, Rusiya da bu faktordan istifadə edərək, ABŞ-dakı erməni diasporasından da öz məqsədləri naminə istifadə edir. Açıq şəkildə bildirirlər ki, Rusiya əlini çəksə, Ermənistan dövləti birmənalı olaraq çökəcək, Azərbaycan və Türkiyə isə regionda istədiyinə nail olacaq. Məhz bu qorxu altında erməni lobbisini küncə sıxışdırmağa imkan yaranıb. Erməni lobbisi də öz maraqları naminə bu cür əməllərə gedə bilər. Bu ağlabatandır. Rusiya erməni lobbisindən istifadə etməklə buna gedirsə, deməli, şimal ölkəsinin Ermənistanla bağlı planları davam etməkdədir. 
Moskva Ermənistandan əlini çəkmək fikrində deyil. Amma ABŞ dünyanın bir nömrəli güclü dövlətidir. ABŞ açıq şəkildə erməni diasporasının xəyanətkar mövqedə olduğunu dilə gətirirsə, deməli, onlar həmin xəyanətə münasibətdə boş dayanmayacaq və nəticədə erməni diasporunun mövqeyi zəifləyə bilər. 
Bu amil onu göstərir ki, yaxın illərdə yaşadığımız coğrafiyada müəyyən hərəkətlənmələr olacaq. Ankara və Bakı bu hərəkətlənmələrə hazır olmalıdır.  Təbii ki, burada Azərbaycanla Türkiyənin mənafelərinin qorunması bizim üçün ən önəmli məsələlərdir. Bu işdə ABŞ-la hər hansı bir iş birliyinə zərurət yaranarsa, Azərbaycan Türkiyə ilə yanaşı, ondan istifadə etməli və Vaşinqtondan gələcək təklifləri geri çevirməməlidirlər”.
Rüfət NADİROĞLU