Qarabağdakı separtçı rejim aksiyalarla devrilir

5 İyun 2018 09:30 (UTC+04:00)

Qarabağ separatçıları ilə Ermənistan hakimiyyəti arasında münasibətlər gərginləşməyə başlayıb. Azərbaycanın işğal edilmiş Xankəndi şəhərində ermənilərin etirazlara başlaması separatçı rejimin liderlərinin İrəvana müraciətlərini artırıb. Bu müraciətlərdən biri separatçı rejimin liderinin müşaviri Artur Ağabekyan tərəfindən edilib. Ağabekyan müraciətində İrəvanı “özünə gəlməyə” səsləyib.

Ağabekyan qondarma rejimin “təhlükəsizlik xidmətinin rəhbəri” olan Arşavir Kərəmyanın istefasının qəbuledilməz olduğunu və guya məhz onun aprel müharibəsindən sonra Xankəndinin “özünə gəlməsində” mühüm rol oynadığını bildirib. Digər önəmli məqam isə müraciətdə Xankəndinin Ermənistan hökumətindən aksiyalarla bağlı mövqeyini dilə gətirməsi və Qarabağa nümayəndə heyətini göndərməsi tələbinin yer alması olub.
Ermənistanın hökumətə yaxın olan saytları da artıq Qarabağdakı hadisələrə reaksiya veriblər. Onlar Levon Ter-Petrosyanın Qarabağla bağlı mövqeyini kəskin tənqid ediblər. “Lragir.am” saytının yazarı Naira Ayrumyan Petrosyanın İrəvandakı hadisələrin Qarabağda təkrarlanmaması ilə bağlı çağırışını müəmmalı adlandırıb. O, Petrosyanın Qarabağ məsələsini bir zamanlar hakimiyyətini gücləndirmək üçün vasitə kimi istifadə etdiyini bildirib. Ayrumyan dolayı yolla Petrosyanı Robert Köçəryanın hakimiyyətə gəlməsində vasitəçi olmaqda ittiham edib.
Qeyd edək ki, Qarabağda iyunun 1-dən etiraz aksiyaları keçirilir. Etirazçılar separatçı rejimin güc strukturlarının istefasını tələb edirlər. Hələlik İrəvan baş verənlərlə bağlı mövqe ortaya qoymayıb.
Erməni mediasının  məlumatına görə, separatçıların liderləri vəziyyətdən necə çıxacaqlarını bilmir və İrəvandan kömək istəyirlər. Belə kömək isə vəziyyəti daha da qəlizləşdirib. ERmənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının Xankəndiyə gəlişi burada kütləvi dava baş verməsi ilə müşayiət edilib. Dava Xankəndində yaşayan ermənilərlə Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları arasında baş verib. Kütləvi davada erməni casuslar yerli ermənilərə çoxsaylı xəsarətlər yetirib. Separatçı rejimin “polisləri” hadisəyə müdaxilə etməyib. Daha sonra davada iştirak edən sadə ermənilərdən 15 nəfər saxlanılıb. Erməni mediası yazır ki, bu hal Qarabağdakı erməniləri daha da qəzəbləndirib. Baş verənlərdən sonra yeni etirazlara start verilib. Ermənilər Xankəndi avtovağzalının yaxınlığındakı meydana toplaşaraq Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının cəzalandırılmasını, bu xidmətin ümumiyyətlə ləğv edilməsini tələb ediblər. Aksiyaçılara görə, Qarabağdakı erməni xüsusi təyinatlıları özbaşınalıqla, reketlə məşğuldurlar, qondarma rejimin cəza aparatı kimi fəaliyyət göstərirlər. Ermənistan mediası tezliklə yeni toqquşmaların başlayacağını, əhalinin küçələrə çıxacağını yazır. Bu durumda Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan da Dağlıq Qarabağ bölgəsində son günlər baş verən hadisələrə dair bəyanat verib. O, Ermənistan hakimiyyətini maksimal sürətlə və operativ şəkildə situasiyaya müdaxilə etməyə, Dağlıq Qarabağdakı qondarma rejimə dəstək verməyə çağırıb.
Levon Ter-Petrosyan əmindir ki, hərbi vəziyyətin hökm sürdüyü Dağlıq Qarabağ rəhbərliyinə təzyiqlərə yol vermək olmaz. Onun fikrincə, Qarabağdakı vəziyyətin sabitləşməsi naminə eks-prezidentlər Robert Köçəryan, Serj Sarkisyan, habelə Arkadi Qukasyan və Samvel Babayan öz nüfuzlarından istifadə etməyə borcludur. Hətta hazırda həbsdə olan Samvel Babayanın bu məqsədlə dərhal azadlığa buraxılması lazım gəlsə belə. Amma bunun da istənilən nəticəni verə bilməsi inandırıcı sayılmır. 
Erməni siyasi şərhçi Sarkis Artsruni bu xüsüsda  qeyd edir ki, Xankəndindəki rejim İrəvandakı köhnə rejimin uzantısıdır: “Heç kimə sirr deyil ki, Qarabağdakı rejim Ermənistanın əvvəlki hakimiyyəti tərəfindən idarə olunur. İrəvanda köhnə rejim dəyişdi, lakin eyni rejimin uzantıları Xankəndində qalır. Əhalinin etirazının kökündə isə məişət zəminində baş verən hər hansı insident yox, daha dərin səbəblər var”. Erməni şərhçi bildirir ki,  Qarabağda əhalinin çətin sosial vəziyyətdə yaşaması burada inqilabı tətikləyir: “Lakin İrəvanda baş verən inqilabla müqayisədə Xankəndində baş verə biləcək üsyan daha təhlükəli nəticələrə gətirib çıxara bilər. Çünki Xankəndində baş verə biləcək daxili çaxnaşma cəbhədə Azərbaycanın əlini gücləndirəcək və Bakı bu prosesdən asanlıqla yararlana bilər. İrəvandan fərqli olaraq, “DQR”i heç bir ölkə, hətta Ermənistan belə tanımır. Bu baxımdan, orada hər hansı çaxnaşma heç bir beynəlxalq diqqətə səbəb olmayacaq. Əvəzində Azərbaycanın hərbi yolla əraziləri qaytarmaq planının önünü açacaq”.