Radikal müxalifət özü öz ununu ələyib, xəlbiri də göyə fırladıb

5 İyun 2018 10:49 (UTC+04:00)

Radikal düşərgənin illər boyu davam edən, amma son dövrlərdə meydana çıxan sinayət tərkibli fırıldaqları onların əsil məqsədlərini açıb ictimaiyyətə bəyan etdi. Düzdür, müxalifətin bu qanadının fiaskosu çoxdandır informasiya məkanını zəbt edib. Bir neçə ildir ki, radikallar xaricdən aldıqları qrantları kompensasiya etmək üçün mitinq keçirir, ancaq bu mitinqlərə dost-tanışdan, qohum-qardaşdan minnət-sünnətlə yığdıqları caatın sayı gözlənilən, daha doğrusu, hesabatlarda göstərilən saydan dəfələrlə aşağı olur.  Bəli, bu qaragüruh dəstə çoxdan fiaskoya uğrayıb və onların fəaliyyətini nə qrantlar, nə də digər yollarla əldə edilmiş vəsaitlərlə təmin etmək mümkün deyil. Çünki, rezerv tam tükənib. Əvvələn, bunların hökuməti tənqid adı altında cəmiyyətə sırıdıqları böhtanlar reallığa uyğun gəlmədiyindən daha sözlərinə inanan qalmayıb. İkincisi, özləri cah-cəlal içərisində kef-damaqla yaşaya-yaşaya iddia edirlər ki, Azərbaycan xalqı  yoxsulluq içərisində boğulur. Bunun məntiqi ona dəlalət edir ki, ya bunlar Azərbaycan xalqına aid deyillər, ya da açıq-aşkar şarlatanlıq edirlər. İkinci versiya həqiqəti gözəl əks etdirir. Deməli, radikal müxalifərçilərin məqsədi konstruktiv əməkdaşlıq yolu ilə cəmiyyətin, ölkənin, siyasi sistemin inkişafına yox, sabotajçılıq yolu ilə hakimiyyəti qəsb etməyə yönəlib. 

Bir müddət əvvəl məlum olmuşdu ki, radikal müxalifətçilər fəaliyyət göstərmək üçün xaricdən külli miqdarda qrantlar alırlar. Təbii ki, bu qrantları verənlər pulu havayı səpələmirlər, verdikləri pulun üzərində onların siyasi sifarişləri olur. Söhbət cəmiyyəti qarışdırıb xarici qüvvələrin yerli hökumətə təzyiqi üçün əlverişli mühit yaratmaqdır. Üsul da çox sadədir: küçədən keçənləri qızışdırıb ictimai qayda-qanunu pozmağa təhrik etmək və qısamüddətli həbsə saldıraraq dərhal onlara siyasi məhbus damğası vurub hökumətin imicinə kölgə salmaq. Bu üsul bir müddət işləsə də ifşa olundu. Təhqiqat daha yeni cinayətlər ortaya çıxardı. Məlum oldu ki, radikal müxalifətçilər xaricdən alınan qrantların “başına oyun” açır və dövlətin qanunlarına məhəl qoymadan mənimsəyirlər. Bunun qarşısı alınanda isə qrantların gizli şəkildə alınması təşkil olundu. Məsələn, həmin müxalifətçilərdən birinə mükafat adı ilə 200 min avroluq “hədiyyə” verilməsi haqda mətbuatda geniş materiallar dərc olundu. Sonra da həmin vəsaitin üzərində dava başladı. Yenə də məlum oldu ki, qrantlar vasitəsilə özünə xarici ölkələrdə villalar alan radikal müxalifətçilər mövcuddur. Halbuki, onlar maliyyə fırıldaqçılarını, dövlət əleyhinə xarici qüvvələrə işləyən satqınları siyasi məhbus adlandıraraq dad döyürdülər. Heç demə, bunların azarı xaricdən pul qopartmaq və bu yolla varlanmaq imiş. 
Bu yaxınlarda isə radikal müxalifətin xaç atası sayılan Əli Kərimlinin daha geniş dairədə fəaliyyət göstərən və çirkli pulların yuyulması ilə külli miqdarda pul əldə edən dəstəyə rəhbərlik etməsi aşkar oldu. Dəstə kinolarda göstərilən və birbaşa cinayət əməli sayılan fəaliyyətlə məşğul imiş. Hazırda təhqiqat gedir və hüquq-mühafizə orqanları bütün cinayət faktlarını ortaya çıxaracaqlar. 
Əvvəl mitinq fiaskosu, indi də maliyyə əməliyyatlarındakı cinayət əməlləri radikalların belini qırıb. Cəmiyyətdə onlara nəinki inam yox olub, hətta insanlar daha müxalifət sözündən usanıblar. Axı, bir şəxsin doğru yola kəlməsi üçün onun cəmiyyət əleyhinə yönəlmiş əməlləri nə qədər fiaskoya uğramalıdır?! Yox, daha bundan keçib. Radikal müxalifətin konkret cinayət əməllərinə görə fiaskosu reallaşıb və onların sözlərinin qara qəpiklik əhəmiyyəti yoxdur və bundan sonra olmayacaq da.
N.NOVRUZ