1600 nəfərin böyrək və qaraciyərə ehtiyacı var

5 İyun 2018 14:59 (UTC+04:00)

“Orqan və toxumaların transplantasiyası çox geniş yayılıb. Dünyada ildə təxminən 300 min orqan və toxumanın transplantasiyası həyata keçirilir. Azərbaycanda orqan transplantasiyasının yüksək səviyyədə olmaması ilə bağlı müraciətlər daxil olur. İnsanlar bu sahədə olan problemlərdən qayğılanırlar”.
Movqe.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı komitə sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, bunun bir sıra səbəbləri var: “Biz bu səbəbləri araşdırırıq. Bu, həm də qanunda olan boşluqlarla əlaqədardır. ABŞ-da ildə 10 min böyrək, 4 min qaraciyər, 2 min ürək transplantasiya edilir. Amma insanlar tərəfindən buna ehtiyac iki dəfə artıqdır”.

“Bizim ölkədə təqribən 10 milyon əhalinin olduğunu nəzərə alsaq, böyrək və qaraciyər köçürülməsinə ehtiyacı olan 1600-ə yaxın insan var”, - komitə sədri qeyd edib.