Xəzəryanı ölkə liderlərinin sammitinin yeri dəyişdirildi

5 İyun 2018 17:49 (UTC+04:00)

Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti Aktauda keçiriləcək.

Movqe.az xəbər verir ki, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev regionun rəhbəri Yeralı Tuqjanovla görüşü zamanı deyib.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, Qazaxıstan prezidenti sammitin keçirilməsinin təşkili üçün bütün lazımi işlərin görülməsi ilə bağlı tapşırıqlarını verib.

“Aktauda Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin keçirilməsi planlaşdırılır. Qarşıdakı görüşün bütün təşkilati məsələlərini müzakirə etmək lazımdır”, - Nazarbayev deyib.

Qeyd edək ki, mayın 21-24-də Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanmasına dair Xüsusi İşçi Qrupunun 51-ci iclası keçirilib.

Danışıqlarda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistandan olan nümayəndə heyəti iştirak edib. Görüş Qazaxıstanda keçirilməsi planlaşdırılan 5-ci Xəzər sammitinə həsr olunub.

Onu da qeyd edək ki, bundan əvvəl Qazaxıstanın Xarici İşlər Nazirliyindən bildirmişdilər ki, sammit respublikasının paytaxtı Astanada keçirilə bilər.