Dializ xəstələrinə ayrılan vəsaiti azaldacaq

5 İyun 2018 16:09 (UTC+04:00)

Bu gün Azərbaycanda orqan tranplantasiya əməliyyatından geniş istifadə edilməsi üçün şərait yaradılmasına ehtiyac var. "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanun layihəsinin ana məqsədi beyin ölümü zamanı orqan transplantasiyası əməliyyatını genişləndirməkdir.
Movqe.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentin səhiyyə komitəsinin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, son 20 ildə Azərbaycanda beyin ölümü olan şəxsin orqan transplantasiyası həyata keçirilməyib: "Əgər beyin ölübsə, bu adamın bütün orqanları fəaliyyət göstərsə belə həmin şəxs haqqında ölüm qərarı qəbul olunur. Lakin Azərbaycanda belə hallar zamanı orqan tranplantasiyası əməliyyatı həyata keçirilmir. Belə hallarda beyin ölümü hallarına az rast gəlinmir. Amma buna baxmayaraq, ölkəmizdə beyin ölümü hallarında orqan köçürülmür".

R. Mahmudov söyləyib ki, "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanun layihəsinin qəbul olunması dövlət büdcəsindən dializ xəstələrinə ayrılan vəsaitin dəfələrlə azalmasına səbəb ola bilər: "Bu gün Azərbaycanda böyrək xəstələri üçün dializ proqramı həftədə 3 dəfə pulsuz şəkildə dövlət hesabına həyata keçirilir. Xəstənin bir dəfə dializ proqramından istifadəsi 110 manata, bir 1 il üçün isə 25 min manata başa gəlir. Lakin bu qanunla biz dövləti böyük yükdən azad etməklə yanaşı, həmin vəsaitlərin digər sahələrə yönəldilməsinə imkan yaradacağıq. Bu baxımdan qanun layihəsinin qısa müddətdə qəbul olunması vacibdir".