Düşmən tərəfdə vəziyyət gərginləşir

6 İyun 2018 07:00 (UTC+04:00)

Məlumdur ki, iyun ayının əvvəlindən işğal olunmuş Xankəndində başlayan etiraz aksiyaları fasilərlə olsa da davam edir. Etirazçılar bu dəfə «Milli Təhlükəsizlik Xidmətinin» (MTX) və «polisin rəhbərliyinin» istefasını tələb edirlər. Bir sıra siyasilərin fikrincə, aksiyaların miqyası böyüyə bilər. Qondarma rejim daxilindəki sosial  çətinlik buna əsas zəmin yaradır. Hadisələrin bu istiqamətdə cərəyan etməsi isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hadisələrin sonrakı gedişinə də təsirsiz ötüşməyəcək. 

Milli Məclisin Analitik informasiya şöbəsinin müdiri Aydın Ağayev bildirdi ki, Dağlıq Qarabağdakı vəziyyət həmişə Ermənistandakı duruma bağlı olub: “Artıq vəziyyət dəyişib. Ermənistana rəhbərlik etmiş həmin “Qarabağ klanı” oradan çıxıb. Hökumətin başına gəlmiş şəxs isə küçənin tələbi ilə baş nazir olub. 
Nəzərə alaq ki, Dağlıq Qarabağ həmişə “Qarabağ klanı”nın planlarına daxil olan istiqamət olub. Ermənistanda bu klanın siyasətinə həmişə xəbərdarlıq edən Levon Ter-Petrosyan bu dəfə də xəbərdarlıq edir ki, Qarabağda vəziyyəti ya siz qarışdırırsınız, ya da fərqli proseslər baş verir. Ancaq bütün hallarda vəziyyət Ermənistana yaxşı nəsə vəd etmir. Bu xəbərdarlığı da hakimiyyətə gəlmək niyyəti ilə etmir.   
Həqiqətən də orada ciddi hadisələrin baş verdiyini erməni kimi başa düşür və özlərinin mənafeyinə uyğun olaraq xəbərdarlıq edir. Problem həll olunmayıb. Qondarma rejimin varlığı, işğal hadisəsi uzun müddət davam edə bilməz. Ermənistanın heç bir qonşu dövlətlə normal münasibəti yoxdur. Uzaqdan-uzağa Rusiyaya yük olması da uzun müddət davam edə bilməz. Problem həll edilməlidir ki, Ermənistan regionda bir dövlət kimi normal yaşaya, siyasi, iqtisadi proseslərin iştirakçısı ola bilsin. Ancaq siyasətini dəyişməyənə qədər Ermənistana bu yollar bağlı qalacaq”.
Politoloq əlavə etdi ki, Dağlıq Qarabağdakı qondarma rejim həmişə İrəvana bağlı olub: “Ermənistan uçuruma yuvarlanacaqsa, işğal olunmuş ərazilərdə də vəziyyət eyni olacaq. Digər tərəfdən, Nikol Paşinyanın danışıqlarla bağlı açıqlamaları da yaxşı nəsə vəd etmir. Dağlıq Qarabağdakı vəziyyət Ermənistan daxilindəki proseslərdən asılıdır. Ermənistanda sosial motivli etirazlar həmişə aktual olub. Bu da hakimiyyəti həmişə narahat edib. Bütün hallarda həm Ermənistanda, həm də işğal olunmuş Azərbaycan ərazilərində vəziyyət gərginləşərsə, bu, təbii proses kimi qiymətləndirilməlidir. Çünki nə Ermənistan, nə də qondarma rejim üçün belə yaşamaq olmaz”.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay “Mövqe”yə bildirdi ki, Ermənistanda Nikol Paşinyan küçə mitinqləri ilə iqtidara gəldiyi üçün bütün diqqətlər bundan sonra inkişaf edəcək küçə hərəkətlərinə cəmlənəcək: "N. Paşinyan erkən seçki qərarı alana qədər tez-tez iqtidardan, dövlətdən istəklərini ala bilməyən kütlələrin küçə nümayişlərinə şahid olacağıq. Paşinyan iqtidarına baxmayaraq, İrəvandan "Qarabağ klanı"nın olduqca təsirli olması bir mənada Paşinyanın əlini-qolunu bağlamaqdadır. Xankəndində meydana gələn bu hadisələr əslində, bir ilk deyil, daha əvvələr də buna bənzər küçə nümayişləri oldu. 
Qarabağda durum və ictimai şərtlər Ermənistana nisbətən daha ağırdır və burada yaşayanlar artıq ağır iqtisadi şərtlər altında yaşamaq istəmir. Küçə nümayişləri hazırda Bako Saakyan rəhbərliyinə qarşı kimi görünsə də əslində, Paşinyanı zəiflədir. Çünki küçə nümayişləri ilə iqtidara gəlindiyindən davamlı olaraq küçənin səsinə qulaq verən bir rəhbər müvəffəqiyyətli ola bilməz. Qarabağdakı hadisələri əvvəlcə Qarabağ separatçı rəhbərliyə, sonra Paşinyana, ən əhəmiyyətlisi isə dünyanın diqqətini çəkməyə istiqamətlənən bir hərəkat kim görmək lazımdır. Paşinyan isə İrəvandan başladığı iqtidar dəyişməsini Qarabağ üçün də reallaşdırmaq istəyəcək. Küçə nümayişlərini irəli sürərək Bako Saakyan qrupunu da ləğv etmənin yollarını axtaracaq. İdarə edilən küçə nümayişləri idarədən çıxarsa, böyük güclər Ermənistanda iqtidar dəyişikliyini gözləməlidirlər".
Politoloq əlavə etdi ki, Azərbaycan ərazilərin azad olunması ilə əlaqədar diplomatiyanı hərəkətə keçirməlidir: "Naxçıvandakı toqquşmaların yaxın zamanda Qarabağda başlaması mümkün görünür. Ancaq hazırda səssizlik və diplomatiya öndə olmalıdır”.
Mübariz BAYRAMOV