İntensiv yağışlar aqrar sektora təsirsiz ötüşmür

6 İyun 2018 08:00 (UTC+04:00)

Məlumdur ki, son günlər rayonlarda mövsüm üçün xarakteri olmayan aramsız yağışlar yağdı. Leysan xarakterli yağıntılar fərdi evlərlə yanaşı, bir sıra təsərrüfat sahələrinə də ziyan vurub. Mütəxəssislərin sözlərinə görə, hazırda müşahidə edilən yağıntılar bəzi bitkilərə xeyri olsa da, xüsusən dənli bitkilər üçün təhlükəlidir. 

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirdi ki, adətən yaz və payız aylarında yağış yağır: “Dövlətin üzərinə düşən vəzifə ondan ibarətdir ki, yağış sularını toplasın və yay aylarında suvarma suyu kimi istifadə etsin. Dəyən ziyanın qasrşısını almaq üçün bəzi tədbirlər həyata keçirmək lazımdır. Məsələn, ölkəmizdə meşə əraziləri azdır, sahələr ətrafında qoruyucu meşə zolağı salınmır. Bəzi hallarda axar çaylar olan yerdə tikinti işləri aparırlar. Hətta çaylarda çınqıl zavodları tikiblər. Bununla da süni sürətdə suyun normal axınının qarşısı alınır. Yəni, yağışın vurduğu fəsadlar həm də süni problemlərlə bağlıdır. Belə olan halda yağışlar təsərrüfatlara ciddi ziyan vurur”
Ekspert əlavə etdi ki, hazırda bəzi rayonlarda ot biçimi mövsümidir: “Yağış otun normal quruldulmasının qarşısını alır. Yağışın çox yağması göbələk xəstəliyinin geniş yayılmasına da səbəb olur. İntensiv yağışlar həmçinin bitkinin normal inkişafının qarşısını alır. İqlim dəyişikliyinə görə, dövlət  də aqrotexniki qaydaları fərqli şəkildə aparmalıdır. Əkinin vaxtınının ya əvvələ ya da sonra sonraya salınması nəzərə alınmalıdır. Hətta aqrasığorta məsələsinə diqqət artırılmalıdır. Yəni, sahəyə kompleks şəkildə yanaşılmalıdır”. 
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov bildirdi ki, leysan kənd təsərrüfatı bitkilərinə, onun keyfiyyətinə ziyan vurur: “Lakin bütövlükdə bu dövrdə yağan yağış bir çox kənd təsərrüfatı bitkilərinə xeyri var. Pambıq, qarğıdalı, şəkər çuğunduru yazlıq bitklərdir. Onlar intensiv inkişaf mərhələsindədir. Belə yağışların yağması torpaqda rütubəti artırır və nəticədə bitkilər normal inkişaf edir. Bununla da bol məhsul istehsalı üçün zəmin yaranır. Ancaq indi yağan yağışın dənli-taxıl bitkilərinə təhlükəsi var. 
Hazırda ölkəmizdə taxıl biçininə başlanılıb. Bir neçə rayonda arpa biçini həyata keçirilir. 50 min hektar sahədə arpa biçini həyata keçirilib və proses davam edir. Sadəcə, yağış biçin gedən rayonlarda işin gedişatını ləngidə bilər. Ancaq keyfiyyət və məhsuldarlığa təsir edən yağıntılar yağmayıb. Leysan yağış dənli-taxıl bitkilərində yatmağa səbəb olur. Yatmanın da məhsuldarlığa ciddi ziyanı olmur. Məhsul formalaşıb, sadəcə biçin prosesində çətinlik yarada bilər. Kombayn onu yerdən götürməkdə çətinlik çəkə bilər. Lakin bütövlükdə yağışın xeyri var”.

Mübariz BAYRAMOV