AŞPA-nın Azərbaycana qarşı qərəzində Corc Soros amili

6 İyun 2018 09:00 (UTC+04:00)

Korrupsiyada ittiham olunan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sabiq prezidenti Pedro Aqramunt adını təmizə çıxarmaq üçün araşdırma aparıb. Nəticədə aydın olub ki, sən demə, Avropa hakimiyyət strukturlarında amerikalı milyarder, “rəngli inqilab”ların sponsoru Corc Soros tərəfindən idarə olunan bütöv bir təşkilatlar şəkəbəsi fəaliyyət göstərir. AŞPA-nın Azərbaycana qarşı qərəzində bu amilin də əsas rol oynadığını demək olarmı? 

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bildirdi ki, AŞPA-nın ölkəmizə qarşı qərəz kampaniyasında Corc Soros amili də özünəməxsus şəkildə rol oynayıb: “Şübhəsiz ki, Corc Soros tərəfindən idarə olunan fondlar demək olar ki, dünyanın hər yerində var. Onların fəaliyyət göstərdiyi bütün məkanlarda həm erməni lobbisi və diasporunun maraqları təmin edilir, həm də sözügedən şəxs özünün maliyyə maxinasiyasının həyata keçirilməsi üçün ayrı-ayrı siyasi qruplardan öz marağı naminə istifadə edir. 
Təbii ki, müstəqil siyasət yürüdən və Sorosun avantüralarına qapılarını bağlayanlara qarşı isə həmin qrup tərəfindən ən müxtəlif yollarla qara yaxma və böhtan kampaniyası aparılır”. 
Yurddaş Partiyasının sədri Mais Səfərli də bu qənaətdədir ki, AŞPA-da Azərbaycana yönəlik qərəzin mövcud olmasında Corc Sorosun da “xidmətləri” olub: “Bilirsiniz ki, Corc Soros ismi təkcə Azərbaycanda deyil, ümumiyyətlə, dünyanın bir çox dövlətlərində qıcıq törədir. Çünki həmin şəxs ara qarışdırmaq, düzənli ölkələrdə mövcud olan düzəni, sabitliyi pozmaq,  demokratiya pərdəsi adı altında ölkələri bir-birinə vurmaq, bir-birinə qarşı qoymaqla, ümumən şeytani fəaliyyətlə məşğuldur. Ona görə də onun adı təkcə Azərbaycanda deyil,  bir çox dövlətlərdə, xüsusilə də postsovet məkanında qıcıq törədir. Soros məhz postsovet məkanında yaranan yeni dövlətlərdə həmişə dağıdıcılıq fəaliyyətilə məşğul olub, çalışıb ki, həmin dövlətlərin iqtisadiyyatını öz əlinə keçirsin. Dərindən araşdırsaq, bəlkə də görərik ki, Sorosun qurduğu biznes heç təmiz təməl üzərində qurulmayıb. Göründüyü kimi, Sorosun AŞPA kimi beynəlxalq təşkilatda da əli varmış. Məhz bu amilin nəticəsidir ki, AŞPA və digər Avropa strukturları həmişə Azərbaycana qarşı ikili standartlardan çıxış edib, ikili mövqe nümayiş etdiriblər. Məhz bu tendensiyanın arxasında dayananlardan biri, bəlkə də birincisi elə Sorosun özüdür. Bir halda ki, AŞPA-dakı korrupsiya məsələsində Sorosun adı da hallanır, deməli Azərbaycana qarşı nümayiş etdirilən qərəzlərin əksəriyyətinin arxasında da məhz Sorosun dayandığını  birmənalı şəkildə söyləmək olar”. 
Rüfət NADİROĞLU