Azərbaycanla əlaqələr İranı Ermənistandan uzaqlaşdıracaq?!

6 İyun 2018 09:50 (UTC+04:00)

İran Azərbaycanla münasibələrinin inkişafına indi xüsusi önəm verməyə başalyıb. Belə ki, son dövrlər Tehran Bakı ilə iqtisadi əlaqələrini genişləndirib. İqtisadi və siyasi müstəvidə iki müsəlman və qonşu ölkə arasında əlaqələrdə xeyli müsbət çalarlar gözə çarpır. Bu vəziyyət onu deməyə əsas verir ki, Tehran əvvəlki illərdən fərqli olaraq hazırda Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verməyə başlayıb. 

İran uzun illərdir işğalçı ölkə olan Ermənistana da isti münasibətlər bəsləyib. Belə demək mümkünsə, İran hazırda özünün işğal siyasəti üzündən blokada vəziyyətində olan Ermənistan üçün sanki bir dəhliz rolunu oynayır. Digər istiqamətlər üzrə yollar işğalçı ölkə üçün bağlı olduğundan İrəvan məhz İran yolundan gen-bol istifadə edir. Lakin yuxarıda da qeyd edildiyi kimi, son zamanlar Tehran üzünü Bakıya doğru çevirməyə başlayıb. 
Bu hal Tehranın İrəvana olan baxışının dəyişməsinə səbəb ola bilərmi?
Politoloq Qabil Hüseynli bildirdi ki, Bakı ilə əlaqələrin genişlənməsi fonunda Tehranın İrəvana olan mövcud baxışlarının dəyişəcəyini indilikdə ancaq ehtimal etmək olar: “Ehtimal olaraq söyləmək olar ki, Azərbaycanla əlaqələrin genişlənməsi fonunda İranın işğalçı Ermənistana olan isti baxışlarında dəyişiklik olacaq. İranın siyasi elitasında elə dairələr var ki, onlar Ermənistanla əlaqələri pozmaq fikrindən uzaqdırlar. Amma bu gün üçün İranın strateji maraqları onunla münasibətlərə ehtiyatla yanaşmağı tələb edir. Xüsusilə Azərbaycanla münasibətləri inkişaf etdirmək üçün ölkəmizə qarşı təcavüzkar olan Ermənistana İranın münasibəti əvvəlki kimi olmamalıdır. 
Bu münasibət ya minimuma endirilməli, ya da tamamilə dayandırılmalıdır. Çünki əks təqdirdə, Azərbaycan da İrana münasibətdə ehtiyatla yanaşmağa məcbur qalacaq. İran ABŞ sanksiyaları fonunda Azərbaycana ciddi ehtiyac duyur. Çünki Azərbaycan İran üçün açılan böyük bir qapıdır. Həmin qapı vasitəsilə İran sanksiyaların təsirini minimuma endirə bilər. Güman edirəm ki, İranda bu məsələləri götür-qoy edə biləcək və müsbət dəyərləndirəcək siyasi xadimlər daha güclü mövqe qazanacaq. Nəhayətdə İran Ermənistanla olan ilişkilərini ya dayandıracaq, ya da ciddi şəkildə korrektə etmək məcburiyyəti qarşısında qalacaq. 
Onsuz da Ermənistan bütün mənalarda İran əleyhinə siyasət yürütmək potensialına malikdir. Ermənistan həmçinin İrana qarşı da ərazi iddiaları ilə çıxış edir. Eyni zamanda, İrəvandan ABŞ-ın İrana qarşı təsir vasitəsi kimi istifadə edə bilərlər. Bu nöqteyi-nəzərdən illərdir Azərbaycanın zəifləməsinə çalışaraq Ermənistana ayaqda durmağa kömək edən İrandakı qüvvələr artıq başa düşəcəklər ki, ölkəmiz Tehran üçün böyük strateji əhəmiyyəti olan bir ölkədir”.    
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın fikrincə, İranın Ermənistana olan baxışları dəyişməyib: “İranın Ermənistana münasibətində hələlik heç bir dəyişiklik yoxdur. Bundan sonra da həmin istiqamətdə hər hansı bir dəyişiklik gözlənilmir. Bu dəyişikliyi onda görə bilərik ki, İran işğalçı ölkə olaraq Ermənistanla bütün əlaqələri kəssin. İran da Türkiyə kimi torpaqlarımız işğal altında qalana qədər Ermənistana açdığı qapını bağlamalıdır. Lakin Tehran tərəfdən bu addımatılmayıb. Deməli, İranın Ermənistana münasibətdə mövqeyində dəyişiklik olmayıb. İ
ran Ermənistana ucuz qiymət qaz tədarük etməkdə davam edir. Qazın hər min kubmetrini işğalçı ölkəyə 165 dollara verir. Hazırda isə həmin qiymətin daha da aşağı salınması istiqamətində Tehranla İrəvan arasında danışıqlar aparılır. Deməli, İran Ermənistan adlı bazarda qaz satmaqda davam edir və bu məsələdə Tehran Moskva ilə rəqabət aparır. Bu baxımdan görürük ki, İranın Ermənistana münasibətində elə də ciddi, kəskin dönüş yoxdur. Sadəcə, son zamanlar İranın Azərbaycanla münasibətində istilik yaranıb. Gediş-gəliş, iqtisadi əlaqələrlə bağlı müxtəlif layihələrin həyata keçməsi ehtimalı artıb. İqtisadi nöqteyi-nəzərdən İran, Azərbaycan və Rusiya arasında regional üçlük yaranıb. Bu fonda belə təsəvvür formalaşır ki, İran doğrudan da Ermənistanla əlaqələrini kəsə bilər.  Son dövrlər Azərbaycanla İran arasında həqiqətən də bir sıra layihələr icra olunub. Şimal-Cənub Nəqliyyat Dəhlizi, Astara-Astara dəmir yolu xətyinin tikintisi sahəsində irəliləyişlər var. 
Lakin bu addımlar İranın Ermənistana olan münasibətinin zəifləməsi anlamına gəlmir. Son illər İranla bağlı sanksiyalar götürüldüyündən bu ölkə müxtəlif beynəlxalq layihələrə qoşulma qistəyir. Məsələn, Tehran Avropaya təbii qazın çıxarılması ilə bağlı Azərbaycandan keçən müxtəlif beynəlxalq layihələrdə iştirak etmək niyyətində olduğunu bəyan edib. Yəni Tehran Azərbaycandan keçən regional layihələrdə fəal olmaq istəyir. Amma bütün bunlar o demək deyil ki, İran Ermənistana olan münasibətindən vaz keçib ona hansısa bir təzyiq göstərəcək”.
Rüfət NADİROĞLU