Çimərliklərdə dəniz suyunun monitorinqi aparılır

6 İyun 2018 16:57 (UTC+04:00)

Çimərliklərdə dəniz suyundan götürülən nümunələrin ilkin nəticələri bir neçə gündən sonra məlum olacaq.

Bunu Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

Onun sözlərinə görə, mayın 21-dən çimərliklərdə dəniz suyunun monitorinqləri aparılır:

“Suyun tərkibi radioloji, kimyəvi və toksikoloji analizlərdən keçirilir. Bir neçə gündən sonra hansı çimərliklərin istifadəyə yararlı olub-olmaması bilinəcək.

Dəniz suyundan nümunlərin götürülməsi oktyabrın 1-dək hər 15 gündən bir aparılacaq”.

Ziyəddin Kazımov qeyd edib ki, dəniz suyunun monitorinqləri Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə paytaxt ərazisində fəaliyyət göstərəcək 7 rayonun inzibati ərazisində yerləşən çimərliklərini, Abşeron, Azərbaycanın şimal və cənubunu əhatə edir. 

Qeyd edək ki, hər il Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə iyunun 15-dən çimərlik mövsümü açıq elan edilir.

Ötən il aparılmış müayinələrin nəticələrinə görə, “Şıx” və Sumqayıt çimərliklərində bakterioloji çirklənmə müşahidə olunub.