Müştəri axtaran banklar kredit faizlərini hələ də aşağı salmaq istəmirlər

7 İyun 2018 08:00 (UTC+04:00)

Banklar kredit verilişi üçün müştəri bazalarını artırmağa çalışırlar. Lakin bunu kredit faizlərini aşağı salaraq etmirlər. Ekspertlərin fikrincə isə ölkədə kredit faizlərinin aşağı düşməsinə zəmin var. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, uçot dərəcəsinin azalmasına, eləcə də depozit faizlərinin aşağı düşməsinə baxmayaraq, banklarda kredit faizlərinin kəskin azalmasını müşahidə etmirik: “Ancaq ölkədə kredit faizlərinin azalması bir  çox aspektlərdən vacib məsələdir. Məsələn, bu, istehlakçıların kreditə çıxışını asanlaşdırır. Faizlərin aşağı düşməsi digər tərəfdən, real sektorun canlanması baxımından vacibdir. 
Eyni zamanda nəzərə alaq ki, faizlərin azalması üçün ölkədə zəmin var. Depozit faizləri və Mərkəzi Bankın uçot dərəcəsi aşağıdır. Eləcə də qlobal valyuta bazarında maliyyə vəsaitlərinin xərci azalıb. Nisbətən ucuz maliyyə resursları əldə etmək mümkündür. Bu baxımdan kommersiya bankları aşağı kredit faizləri təklif etməkdə maraqlı olmalıdırlar. Bu, həm müştərilərinn sayının artmasına, həm də öhdəliklərinin vaxtında yerinə yetirilməsinə şərait yaradacaq. Çünki, yüksək kredit faizləri kreditin qaytarılmasında çətinlik yaradan səbəbdir.   Ona görə də aşağı kredit faizləri bankların problemli kreditlərinin aradan qaldırılması baxımından da önəmlidir. Odur ki, həm Mərkəzi Bank, həm də Maliyyə Bazarlarına Nəzarət Palatası bu istiqamətdə fəaliyyətlərini genişləndirməlidirlər ki, kommersiya bankları mövcud imkanları daxilində aşağı faizli kreditlər təklif edə bilsinlər”.
Bank məsələləri üzrə ekspert Cəfər İbrahimli bildirdi ki, bankların kredit verə bilməməklərində problemlərdən biri müştərilərin tarixçələrinin pisləşməsidir: “İndi banklar həmin şəxslərə kredit verməkdə çətinlik çəkirlər. Eyni zamanda riskin yüksək olması bankların kredit faizlərini aşağı salmaq imkanlarını məhdudlaşdırıb. Lakin getdikcə inflyasiyanın və risklərin azalması gözlənilir. Bu fonda   kredit faizləri də aşağı enəcək. 
Bundan başqa nəzərə alaq ki, hazırda vətəndaşlar və koperativlər də kredit götürməyə cəhd göstərmirlər. Xüsusən də risklərin yüksək olması şirkətlərin investisiyayönümlü davranışlarını şərtləndirmir. Ona görə şirkətlər də ehtiyatlı davranırlar. Amma faizlərin aşağı düşmə ehtimalı var. Belə ki, problemli kreditlərin həlli çərçivəsində kredit almaq istəyən müştərilərin imkanları genişlənəcək. İqtisadiyyat böyüməyə keçdiyi halda kreditlərə tələb artacaq. Fazilərin də aşağı düşməsi bunu stimullaşdıracaq. Ancaq anidən faizlərin sərt şəkildə ucuzlaşması inandırıcı deyil”. 
Mübariz BAYRAMOV