Ermənilər arasında qarşıdurma dərinləşir

7 İyun 2018 09:50 (UTC+04:00)

Ermənistanın  baş nazir Nikol Paşinyan işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki  separatçı rejimin “prezidenti” Bako Saakyanın devrilməsində indi maraqlı tərəf kimi çıxış edir və bu da separatçılarım liderinin “Qarabağ klanı“nın üzvü olması ilə bağlıdır. 

Qeyd edək ki, Serj Sarkisyanın devrilməsi və Nikol Paşinyanın hakimiyyətə gəlməsilə Ermənistanda vəziyyət heç də sabitləşməyib. Bu ölkədə qarşıdurma yenə də güclənməkdədir. Sarkisyan və onun tərəfdarları Paşinyandan qisas almağa çalışırlar. Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimdən bu fonda narazı qalanlar da ayağa qalxıblar. 
Politoloq Elşən Manafovun fikrincə, ermənilər arasında hazırda yaşanan qarşıdurma daha da dərinləşəcək: “Dağlıq Qarabağda yaşanan hadisələrin arxasında heç şübhəsiz “Qarabağ klanı”nın, konkret olaraq İrəvanda hakimiyyətdən kənarlaşdırılan Serj Sarkisyanın əli var. Çünki Paşinyanın Saakyanla keçirdiyi görüş və onun Dağlıq Qarabağla bağlı verdiyi açıqlamalara baxmayaraq, məlum məsələdir ki, Qarabağ separatçılarının lideri adlandırılan həmin şəxs Ermənistanın məhz əvvəlki prezidentinin dəstəyilə hakimiyyətə yiyələnmişdi. Bu mənada Dağlıq Qarabağda vəziyyətin nəzarət altından çıxması əlbəttə ki, İrəvandakı yeni Paşinyan hakimiyyətinin də marağına cavab verməməlidir.  Ona görə ki, Dağlıq Qarabağda hadisələrin gözlənilmədən nəzarət altından çıxması Dağlıq Qarabağ ətrafında gedən danışıqlara təsir göstərməklə yanaşı, eyni zamanda, İrəvandakı indiki iqtidarın işğal etdiyi ərazilərimizdə nəzarəti öz əlində saxlaya bilmədiyilə bağlı illüziyaların yaranmasına gətirib çıxarar. 
Əslində, Qarabağda yaşanan hadisələr Paşinyan hakimiyyətinin sosial dayaqlarının laxladılmasına hesablanmış hərəkət kimi dəyərləndirilə bilər. Amma bütövlükdə düşünürəm ki, Paşinyanın müqəddəratı növbədənkənar parlament seçkiləri gedişində müəyyənləşəcək. İndiki vəziyyətdə də, Paşinyanın mövqeyi heç də güclü deyil, kifayət qədər kövrəkdir. Onun sədrliyilə formalaşan indiki hakimiyyət belə əslində, koalision hökumətdir. Bu mənada Paşinyanın hələ də köhnə kadrlardan istifadə etməsi onu göstərir ki, yeni baş nazir kifayət qədər kadr potensialına da malik deyil. 
Dağlıq Qarabağda yaşanan qarşıdurmanın bir səbəbi də burada mövcud olan ağır sosial-iqtisadi durumdur. Burada separatçı rejimin nəzarəti altında yaşayan zavallı erməni əhalisinin vəziyyəti günü-gündən daha da pisləşir. Digər tərəfdən, İrəvanda yaşanan hadisələr də bir növ Qarabağın erməni icmasının fəallaşmasına səbəb olub. Çünki Bako Saakyan rejiminin yaratdığı ağır sosial-iqtisadi şəraitdən qurtulmaq üçün görünür Qarabağda da əhali mövcud rejimdən xilas olmağı qərara alıb. Ən əsası isə odur ki, Azərbaycan ordusunun bu günlərdə Türkiyə ilə keçirdiyi hərbi təlimlər də ordumuzun güc baxımından nəyə qadir olduğunu bir daha göstərdi. Ümumiyyətlə, Cənubi Qafqazda Azərbaycan ordusuna müqavimət göstərmək gücündə olan hər hansı bir ordu yoxdur. Ordumuz bölgənin ən güclü ordusudur. Dağlıq Qarabağ əhalisi isə 2016-cı ilin aprel döyüşlərindən sonra çox narahat vəziyyətdə yaşayır. Bu səbəbdən Saakyan rejimi nə qədər səy göstərsə də, indiki halda əhalinin köç etməsinin qarşısını almaqda tam acizdir. Bir sözlə, ermənilər arasında qarşıdurmanın güclənməsi gözləniləndir. Sarkisyan qisas almaq istəyir. Paşinyan da əvvəlki rejimin hakimiyyətdəki bütün dayaqlarını məhv etməyi düşünür. Bu fonda da düşmən ölkədə sözsüz ki, qarşıdurma genişlənərək növbəti daha ağır bir mərhələyə qədəm qoyacaq.  Onu da qeyd edəm ki, hadisələrin bu kontekstdə getməsi bütün hallarda bilavasitə Azərbaycan dövlətinin marağına işləməlidir. 
 Ermənilər daxilində qarşıdurmanın güclənməsi Azərbaycan diplomatiyasına imkan verəcək ki, Dağlıq Qarabağdakı separatçı rejim orada vəziyyəti nəzarət altında saxlaya bilmədiyindən bu mənada həmin ərazidə dövlətimizin suveren hüquqlarının bərpa olunmasına ciddi ehtiyacın yarandığı istiqamətində fəaliyyətini gücləndirsin. Çünki nəzarət altında olmayan ərazilər beynəlxalq güclərin marağına cavab vermir”.     
Rüfət NADİROĞLU