Ermənistanda yenə vəziyyət qarışır

7 İyun 2018 10:00 (UTC+04:00)

May ayında Ermənistanda baş vermiş hadisələri məxməri inqilab kimi dəyərləndirən və demokratik quruculuq yolu hesab edən hazırkı baş nazir Nikol Paşinyanın dəstəsi köhnə hakimiyyət mənsubları ilə mübarizədə elə köhnə metodlarla mübarizə aparır. Məsələ burasındadır ki, küçələrdə “öz fikrini ifadə etmək azadlığı” adı altında mitinqlər təşkil edə-edə hakimiyyətə gələn bu şəxs indi mitinqlərin işə ziyan vuracağından danışır. Amma “buz yerindən tərpənib”. Erməni cəmiyyətinin beyninə yeriyib ki, ədalətin simsarı küçə mitinqlərinə bağlıdır. Buna görə də bir haqsızlıq görən kimi dərhal camaat mitinqə toplaşır. Ermənilərin bədbəxtçiliyi ondadır ki, üzlərini hara çevirirlərsə, haqsızlıq və yoxsulluq görürlər. Buna görə də mitinqlər fasiləsiz olaraq bu və ya digər sahədə davam edir. 

İndi İrəvandakı Nairit zavodunun işçiləri (keçmiş) bir müddət əvvəl pozulmuş və hələ də düzəldilməyən hüquqlarının qorunması məqsədilə nümayişə çıxırlar. Bu problem bir neçə ildire davam edir, lakin oliqarxların hökmü qanunu üstələyən ölkədə əməkçilərin səsini eşidən yoxdur. Eynilə baş nazir Nikol Paşinyan da nə qədər pafosla danışsa da köklü məsələlərin həllində acizdir. 
Ümumiyyətlə, mitinq məsələsi Paşinyan üçün getdikcə geriyə qayıdış rəmzinə çevrilir. Qondarma Dağlıq Qarabağ respublikasının keçmiş “müdafiə naziri”, indi isə cinayətkar olan  Samvel Babayanın tərəfdarları İrəvandakı kassasiya məhkəməsinin bunası qarşısında təzə aksiyaya başlayıblar. Onlar düşünürlər ki, madam, adi bir şəxs mitinq yolu ilə baş nazir ola bilirsə, onda cinayətkar da mitinqlərlə azadlığa çıxa bilər.
Belə bir vəziyyət ölkədə baş alıb gedən gərginliyi daha da artırır. Üstəlik, Paşinyan öz tərəfdarlarına isti münasibət bəsləməyən vəzifəliləri bir-bir sıradan çıxarmaq xətti yürüdür. Məsələn, Masis bələdiyyəsi sədrinin müavini bu təşəxxüsün qurbanı olub. Onun qarşısında həbs edilmək qorxusu var. Yeni hakimiyyətin prokuroru bunu tələb edir.
Monopolistlər də Paşinyanın pafoslu çarışılarına fikir vermədən öz işlərindədirlər. Son bir həftədə İrəvanda ətin qiyməti 18-20 faiz qalxıb. Suyun və elektrik enerjisinin qiymətlərinin qaldırılması barədə də anonslar verilib. Xalq monopolistlərlə mübarizə yolunda ortaya çıxan Paşinyanı buna görə hakimiyyətə gətirməyib. Ekspertlər, ərzaq qiymətlərinin “oynamasını” təhlükəli tendensiya hesab edirlər. Çünki, belə getsə, tezliklə baş nazirin özünün əleyhinə mitinqlərin başlanması istisna deyil. Çünki, artıq Ermənistanın ən böyül monopolisti, Paşinyanın dəstəkçisi Sarukyan Moskvaya gedib və hazırda Kreml mənsubları ilə görüşlər keçirir. Onun bu cür fəaliyyətini erməni politoloqlar diqqətlə izləyirlər. Ona görə ki, külli miqdarda varidata sahib olan Sarukyan Kremllə dil tapsa, hər hansı baş naziri yıxmağa qadirdir. Təbii ki, bu işdə bütün oliqarxlar onun tərəfində olacaq. 
İndi müxalifətə keçmiş Respublika partiyası da Serj Sarkisyanın rəhbərliyi altında işləməkdə davam edir. Düzdür, partiyanın sıralarını artıq 5 deputat tərk edib. Lakin vitse-prezident Ediard Şarmazanov mətbuata verdiyi müsahibədə bu halı şişirdən və partiyanın tezliklə süquta uğrayacağıdan danışanyeni hakimiyyətə müraciətlə deyib: “Cənab Paşinyan, sizə deyirəm, respublikaçı olmaq cinayət deyil, şərəfdir. ERP dövlətçiliyimizin beşiyi başında olub. Əgər, kimsə səhv yola düşübsə, qanunu pozubsa, qoy onu cəzalandırsınlar, amma ikili standartlar tətbiq etmək olmaz. Deyirlər, inqilab sevgidir. Birincisi, inqilab yox, hakimiyyət dəyişikliyi baş verib, ikincisi isə heç bir sevgi yoxdur”. Bu, köhnə hakimiyyətin yeni baş nazirə ilk açıq təhdididir.  İnqilabın olmamasını demək, Paşinyanın arzularının üstündən xətt çəkməkdir. Bu da ona dəlalət edir ki, Serj Sarkisyanın dəstəsi nəyəsə hazırlaşır. Məlumdur ki, bu hazırlıq Paşinyanı müdafiəyə yönəlməyib.
N.NOVRUZ