29 yaşlı əməkdar artistdən Xatirəyə və Nadirə cavab: " Diqqətli olun"

6 İyun 2018 15:34 (UTC+04:00)

29 yaşında "Əməkdar artist" fəxri adına laiq görülən ifaçı Nigar Şabanova müsahibə verib: 

- Azərbaycanın əməkdar artisti Nigar Şabanova ... Qulağa necə də xoş gəlir, hə ? Təbrik edirəm.

- Var olun. Hə nə yalan deyim bu adı daşıdığım üçün fəxr edirəm. 

- Xəbəri eşidəndə harda idiz, kim ilk zəng etdi ?

- Evdə idim düzü ... Yuxudan təzə durmuşdum, zəng gəldi. Nazirlikdən idi və  dedilər ki, sizə cənab Prezidentimiz fəxri ad verib. Dedim ola bilməz. Həqiqətən inanmırdım. Hamı mənə deyir ki, yalan demə, xəbərin olub. Vallah-billah xəbərim olmayıb. Həmin günü də dövlət tədbiri var idi. Xəbəri alanda anam da yanımda idi, necə ağlayır. Deyirəm ki, ana ağlama yoxsa məndə göz yaşlarımı saxlaya bilməyəcəm. Anam ağlayır deyirəm məni də ağlatmayın.

- Neçə ildi səhnədəsiz?

- Profesional 2007-ci ildən “Xalq ulduzu” yarışmasından başladım. 2011-ci il muğam müsabiqəsində 3-cü yerə laiq görüldüm. Ondan sonra həyatım dəyişdi. Dövlət tədbirləri, xarici səfərlər, başqa abu-havaya düşmək, başqa insanlar, başqa aura, başqa kütlə... Həyatım muğam müsabiqəsindən sonra tam dəyişdi, min şükür !

- Həyatınız dəyişəndən sonra özünüz də dəyişmədiz ? Ulduzluq xəstəliyi, başgicəllənmələr oldumu ?

- Çox istəyərdim olsun. Mən çox reklama meyilli insan deyiləm, bəlkə ona görə daha az tanınıram.. Qalmaqala, piara meyilli insan deyiləm. Danışsalar, soruşsalar danışıram, yox əgər yox. 

- Sizcə bu sizi geriyə atmır?

- Geriyə atır. Elə ona görə sual verirlər ki, nə tez bu yaşda ad aldın, Nigar nə etdi ki, ad aldı. Bilirsiz bu mənə necə pis təsir edir ?! Amma biruzə vermirəm. Çünki taxsirkar özüməm, etdiklərimi göstərməmişəm, mediaya məlumat verməmişəm axı ... Gözüm o qədər toxdur ki ... 29 yaşım olsa da, həyat çox tez yorub məni. Elə olur ki, çamadanım evin ortasında qalır. Bir ayda 3-4 səfərə gedib, gəlirəm. Azərbaycanımı xaricdə təmsiledirəm. Dövlət tədbirlərində laiqincə çıxış edirəm. Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə səfərlərimiz olub. Onun həyəcanını heç nəyə dəyişmərəm. Xırda bir səhv utanc yeri ola bilər. Ona görə aylarla məşq edirəm, öz üzərimdə çalışıram, hər zaman nəysə öyrənməyə çalışıram.

- Məsuliyyət ...

- Bəli, çox məsuliyyət tələb edir. Kənardan asan gəlir. İnstagram səhifələrində şəkil paylaşanda yazırlar ki, kefdəsiz. Amma bu mənim qürur duyduğum işimdir. mənim üçün qürurdu. Düzdü yaşım az olsa da, bu sənətə savad alaraq gəlmişəm.

- Əslində təəssüf deməməlisən. Bu gün sən bəzilərinə nümunəsən. Deyirlər ki, başını aşağı salıb iş görsən uğur əldə etməyəcəksən. Sən sırf öz işinlə məşğul oldun və fəxri ad aldın. Bu dövlətimizin gənclərə dəstəyidir.  

- Çox böyük bir uğurdu, fəxrdi vallah. Çox sağ olsun Prezidentimiz ki, məni bu ada laiq gördü.

- Amma müğənnilər Nadir Qafarzadə və Xatirə İslam belə bir açıqlama verdi ki, bəzi ad alanları heç kəs tanımır. Bizim də yaxşı dostlarımız olsa ad alardıq. Təxmini belə fikirlər idi... Nə deyərdin ?

- Ona görə təəssüf dedim ki, mən də şouya, qalmaqala meyilli olsaydım o zaman daha çox tanınardım. Amma bir yandan da düşünürəm ki, bu sanbalda olmazdım. Ad üstə dava edənlərə isə demək istəyirəm ki, əziyyət çəkmək lazımdır. Və danışıqlarına çox-çox diqqət etsinlər. Bu gün stress keçirirlər, anladım. Amma o adı nə dost, nə tanış, nə də arxanda duran kimsə sənə hədiyyə etmir. O adı bizə dövlət başçımız verir və bunun müzakirəyə heç bir ehtiyacı yoxdur. 8 ildir qar, yağış, boran bilmədən bütün dövlət tədbirlərində varam. Oxuyuram, can qoyuram, elə bayramlar olub, mən öz ailəmlə yox, tanımadığım insanlarla, başqa-başqa ölkələrdə qeyd etmişəm. 

-Nigar müəllimin kim olub?

-Qəzənfər Abbasovdan dərs almışam. İndiyə qədər yanına gedib gəlirəm.Başqa müəllimdən dərs almaq istəyirəm amma alınmır. Mədəniyyət və İncəsənət Universitetində müəlliməm Mələkxanım Əyyubova olub.

- Ad aldın, bəs kim gözünü yolda qoydu ?

-Təəssüflər olsun ki, müəlliməm Mələkxanım Əyyubova məni təbrik etmədi . Qəzənfər Abbasov, Azər Zeynallı, Mənsum İbrahimov, Gülyanaq, Gülyaz bacıları və b. Amma təəssüf ki, Mələkxanım Əyyubova gözümü yolda qoydu.

-İncidin?

- Əlbəttə incidim. Deyirlər uman yerdən küsərlər. Mən ona universitet vaxtından demişdim ki ,az da olsa dəstəyinizi gözləyirəm. Amma özüm ayaqüstə durdum, onun dəstəyi, köməyi olmadan, şükür Allaha !

-Bəs kim birinci təbrik etdi?

- Əməkdar artist Sahib Paşazadə.

- Bundan sonra nə dəyişəcək?

- Allah mənə o qədər sadəlik verib ki, bundan sonra çalışacam fəxri adıma laiyq olum. 

- Toylarda çıxış edirsən?

-Əlbəttə, özüdə çox yüksək səviyyədə ... Amma bəziləri deyir ki, ad aldınsa toya getməməlisən. Azərbaycanda bu sənətin gəliri başqa yerdən yoxdu.

- Niyə sən də bahalı kliplər çəkdirmirsən ?

- Hardan çəkdirim ? Axı mən bu gün o qədər qazanmıram. Və mən düşünürəm ki,  özüm ailə saxlayıram. Mən ailəmin boğazından kəsim 5 minə necə klip çəkdirim ? Ən aşağısı ölü klipin xərci 5 min manatdır. Halal yolla öz ayaqlarım üstə durduğum üçün özümlə fəxr edirəm. Və bu adı da mən Nigar Şabanova zəhmətimlə almışam.