Cənubi Koreya və KXDR cüdoçuları Bakıdakı dünya çempionatında vahid bayraq altında çıxış edə bilərlər

7 İyun 2018 19:30 (UTC+04:00)

 Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikasının (KXDR) cüdo üzrə yığma komandaları bu il Bakıda keçiriləcək dünya çempionatında vahid bayraq altında çıxış edə bilərlər.

“Report”un məlumatına görə, bu barədə Çinin Xux-Xoto şəhərində keçirilən Qran-pri zamanı Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerlə hər iki ölkənin milli federasiyalarının rəsmilərinin görüşü zamanı müzakirə aparılıb. Tərəflər bu istiqamətdə danışıqları davam etdirəcəklərini bildiriblər. Məsələnin iyunun 10-da həllini tapacağı gözlənilir.
Artıq hər iki ölkənin idmançılarının iyunun 9-da Monqolustanın paytaxtı Ulan-Batorda start götürəcək Şərqi Asiya çempionatına vahid komanda şəklində qatılacaqları dəqiqləşib. Bu barədə Beynəlxalq Cüdo Federasiyası məlumat yayıb.
Yarış zamanı idmançılar vahid bayraq altında çıxış edəcəklər. Himn əvəzinə isə Koreya xalq mahnısı “Ariran” ifa olunacaq.
Qeyd edək ki, Bakıdakı dünya çempionatı 20 – 27 sentyabrda keçiriləcək.