Qarabağ erməniləri nicatı Bakıdan gözləyirlər

8 İyun 2018 07:00 (UTC+04:00)

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin çöküşü sürətlənir. Erməni siyasi şərhçi Tevos Arşakyan bildirir ki, İrəvanda baş verən inqilabdan sonra Xankəndindəki ermənilər illərdir üzərlərində olan qorxu atmosferini dağıda bildilər: “Keçrilən etiraz aksiyası Xankəndindəki rejimi qorxuya salıb. İnsanlar rejimin indiyə qədər yaratdığı “Azərbaycan qorxusu”nun da yalan olduğunu anlayır. Hərçənd, müharibə və qan üzərində hakimiyyətə gələn “Qarabağ klanı” “Azərbaycan təhlükəsi”ni qabardaraq, insanları qorxu altında saxlayırdı. “Biz olmasaq, türklər sizi öldürəcək”, onların şüarları belə idi. Lakin zaman keçdikcə amansız rejimin Azərbaycandan daha təhlükəli olduğu ortaya çıxdı və insanlar süni yaradılmış qorxunu dəf etdilər”. Ermənilərin yeni reallığı anlaması və Azərbaycanın təhdid olmadığını bilmələri Qarabağ münaqişəsinin gedişinə nə vəd edir?

Politoloq Natiq Miri ilk əvvəl onu qeyd etdi ki, Dağlıq Qarabağ əhalisi sözün həqiqi mənasında Bako Saakyanın hərbi xuntasından yaxa qurtarmaq niyyətini ortaya qoyub: “Əslində, bütün müharibələrdə yerli əhalinin fikri və prosesə münasibəti böyük strateji əhəmiyyət kəsb edir. O baxımdan düşünürəm ki, Azərbaycan bu yöndə müəyyən mənada Qarabağdakı erməni əhalisilə işləməlidir. Təbii ki, bu birbaşa mümkün olmasa da, Azərbaycanın xüsusi xidmət orqanları, xüsusən hərbi kəşfiyyatının əlilə müəyyən ictimia rəy yaratmaqla ölkəmizə münasibətdə erməni xalqı arasında müsbər fikir yaratmaq mümkündür. Ən azından bunun üçün münbit mühit var. Çünki bu gün işğal olunmuş Dağlıq Qarabağ ərazisində despotik hərbi xunta yerləşir. Onlar da bu ərazidən əsasən narkotik istehsalı, Yaxın Şərqdəki terrorçulara silah satışı üçün «qara dəlik» olaraq istifadə edirlər. Yerli erməni əhalisi də bu müstəvidə narkotik plantasiyalarında kölə kimi işlədilir. Çirkin yolla qazanılan milyonlar isə işğal olunmuş ərazidəki hərbi xunta üzvlərinə və onları Moskvada dəstəkləyən generalitetə çatır. Əhali on illərdir ki, bu prosesi izləyir. Bu mənada separatçı rejimin nəzarət etdiyi ərazilərdə əhalinin yerli qondarma idarəetməyə böyük nifrəti yaranıb. Həmin səbəbdən Ermənistanda baş tutan «məxməri inqilab»a bir növ hərbi xuntadan da qurtulmaq şansı kimi baxırlar.  Məhz Ermənistandakı «məxməri inqilab»dan enerji alan yerli Qarabağ erməniləri də hərbi xuntadan qurtulmaq üçün küçələrə çıxıblar.  
Düşünürəm ki, məsələnin belə gedişində İrəvanda hakimiyyətə gələn Nikol Paşinyanın da böyük rolu vardır. Görünür, Paşinyan da işğal olunmuş ərazidəki hərbi xuntadan qurtulmaq istəyindədir. Çünki hərbi xunta təkcə işğal olunmuş ərazidəki əhali üçün deyil, həm də İrəvan rəhbərliyi üçün də təhlükə törədir. Bunu Serj Sarkisyanın dəfələrlə Qarabağa səfər etməsi və oradakı hərbi xunta rəhbərliyilə görüşdə etdiyi çıxışlarında da müşahidə etmişik. Ona görə fikrimcə, Qarabağ əhalisinin etiraza qalxmasında müəyyən mənada Paşinyanın da rolu vardır”. 
Bu baxımdan ekspert düşünür ki, Azərbaycan yaranan fürsəti dəyərləndirməlidir. Həmçinin, həmsöhbətimiz bildirdi ki, Qarabağın erməni əhalisinin yeni reallığı anlaması və Azərbaycanın təhdid olmadığını bilməsi münaqişənin gedişində ölkəmizin xeyrinə mühüm dəyişikliyin baş verməsinə gətirib çıxaracaq: “Mövcud fürsəti dəyərləndirmək lazımdır. Erməni əhalisi Azərbaycan  dövlətilə yerli hərbi xunta müqayisə edilərkən dövlətimizə üstünlük verirlərsə, bu istiqamətdə yerli əhali ilə müəyyən mənada təbliğat nöqteyi-nəzərindən işləməliyik.  Xüsusən də Azərbaycan televiziyalarında erməni dilində müəyyən proqramlar verilməklə belə təbliğatları yaymalıyıq ki, erməni sakinləri seçim qarşısında qalanda Azərbaycan dövlətindən yana qərar versinlər. Bu, çox əhəmiyyətli məsələdir. O mənada ki, işğalçı ordunun arxasında erməni xalqı olmasa, onlar Azərbaycan Ordusu qarşısında heç bir həftə belə duruş gətirməyəcəklər. Ona görə də yerli əhalini tamamilə təsirsiz hala gətirib, Azərbaycan dövlətinin bərabər hüquqlu vətəndaşı kimi öz tərəfimizə çəkməliyik. Bu istiqamətdə artıq təbliğat aparılmalıdır. Onlara da Azərbaycan dövlətində yaşayan digər vətəndaşlara verilən hüquqların tanınacağı istiqamətində də təbliğat aparılmalıdır.  Bu istiqamətdə hərəkətə keçməyin zamanıdır”. 
Rüfət NADİROĞLU