Avropada Azərbaycanın ekoloji təmiz məhsullarına tələb yüksəkdir

8 İyun 2018 08:00 (UTC+04:00)

Qeyri-neft sektorunun inkişafına Azərbaycan hökumətinin ciddi diqqət yetirməsi qısa müddətdə ölkənin adının Avropa bazarlarında tez-tez səslənməsinə səbəb olub. Çünki, ixrac potebsialının imkanları açılıb və istehsal olunan məhsulların logistik göstəriciləri dünya standartları səviyyəsinə yüksəlib. Bu amil faraş məhsulun vaxtında alıcılara çatdırılmasını təmin etdiyindən onunla maraqlanan şirkətlərin sayı və coğrafiyası sürətlə artmağa başlayıb. 

Bu yaxınlarda İsveçrə Konfederasiyası Azərbaycandan kənd təsərrüfatı məhsullarının idxalında maraqlı oduğunu bildirib. 313 filialı fəaliyyət göstərən və illik dövriyyəsi 800 milyon İsveçrə frankı olan “Migrolino” mağazalar şəbəkəsi ölkəmizdən idxal olunan məhsulların satışını təşkil etməyi öhdəsinə götürüb. “Migrolino” İsveçrənin ən iri marketlər şəbəkəsi olan və illik dövriyyəsi 40 milyard İsveçrə frankı təşkil edən “Migros” konserninin törəmə şirkətidir. Konserin nümayəndəsi ilə Azərbaycanın bu ölkədəki səfirliyinin görüşündə idxal-ixrac əməliyyatları və məhsulların çeşidi müzakirə mövzusu olub.  
Avropa bazarı varlı və nəhəng olduğu qədər də tələbkar və etibarlıdır. Bu cəmiyyətdə yüksək zövq və mükəmməllik, ekotərbiyə və bioloji müxtəliflik diqqətlə izlənilir və ona can atılır. Buna görə də son bir neçə ildə Azərbaycanın kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar, həmçinin hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar inkişaf etmiş ölkələrin ticarət təşkilatları tərəfindən diqqət mərkəzində saxlanılır və təqdir olunur.  Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları bir çox ölkələrdə brend kimi tanınması və ixrac olunan məhsullara bu bazarlarda tələbatın artması İsveçrənin iş adamlarının da diqqətini cəlb edib.  
“Migrolino” mağazalar şəbəkəsinin rəhbərliyi ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının həmin mağazalar şəbəkəsində satışının həyata keçirilə, istehlakçılardan gələcək tələbatdan asılı olaraq satışın həcminin və çeşidinin artırıla biləcəyini bəyan edib.
Azərbaycan 2017-ci ildə İsveçrəyə 143 milyon ABŞ dolları həcmində qeyri-neft məhsulları ixrac edib. Ölkənin xarici ticarətində İsveçrə qeyri-neft məhsullarının ixracı üzrə Türkiyə və Rusiyadan sonra üçüncü yeri tutub.
Ümumiyyətlə, Avropanın bir çox ölkələri eyni mövqedən çıxış edir. Yəni, Azərbaycanın kənd təsərrüfatı məhsullarının idxalına maraq göstərir. Buna səbəb nədir? 
Ekoloji təmiz kənd təsərrüfatı sahəsində nəzəri-metodoloji məsələlərin müəyyən edilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, bu sahədə mövcud vəziyyətin təhlili və müvafiq normativ-hüquqi bazanın monitorinqinin aparılması, ekoloji təmiz kənd təsərrüfatı sahəsində beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi imkanlarının sistemli təhlili və qiymətləndirilməsi istiqamətində SWOT təhlilin aparılması, qısa, orta və uzunmüddətli dövrləri əhatə edən tədbirlərin müəyyən edilməsi bu sahədə iki mühüm sənədin meydana çıxması ilə nəticələndi. Belə ki, “Ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsinə dair təkliflər layihəsi” konsepsiyası, “Azərbaycan Respublikasında ekoloji təmiz kənd təsərrüfatının inkişafı strategiyası və fəaliyyət planı (2014-2020)” layihələri təsdiq olundu. “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasında bu sənədlər dəqiqliklə əksini tapıb. İstiqamətin seçilməsi istehsalda köklü dəyişikliklərə səbəb olmaqla yanası məhsulun müasir simasının formalaşmasını təmin edib. Buna görə də Avropa alıcısı zövqlü və dadlı Azərbaycan məhsullarını məmnunluqla istehlak edir.
Avropa bazarlarına çıxış Azərbaycana da xeyli iqtisadi üstünlüklər qazandırıb. İlk növbədə ölkənin iqtisadi mədəniyyəti yüksəlib. İxrac potensialı artıb. Dünyada qeyri-neft ixracatçısı olan ölkələrin sırasına qoşulub. Yerli istehsalçıların müasir standartları mənimsəməsinə və yüksək texnologiyalara yiyələnməsinə yollar açılıb. Ən əsası isə dövlətə valyuta qazandıran istehsal sahələrinin sayı artıb.
N.NOVRUZ