Ermənistan Qarabağ məsələsində özünü dalana salır

8 İyun 2018 09:30 (UTC+04:00)

Rusiyalı politoloq Oleq KuznetsovCənubi Qafqazdakı vəziyyətlə bağlı  “Pravda.ru” saytına açıqlamasında deyib: “Ermənistan bu gün Rusiya və ABŞ-ın geostrateji maraqlarının toqquşduğu arenadır”.  O, sözünə davam edərək bildirib ki, əgər Paşinyan Saakaşvili kimi Rusiyanın Ermənistan ərazisindəki hərbi mövcudluğuna son qoysa, bu, Vaşinqtonun Ön Asiyadakı geosiyasi təsirini itirməsinə kompensasiya olacaq. Rusiyanın Ermənistandakı təsirini itirməsinin Moskva üçün iki ciddi nəticəsi var: Birincisi, Rusiyanın daxili siyasi proseslərində erməni lobbisinin təsiri zəifləyəcək. Bu da hakimiyyətdə iki əsas erməni lobbisti olan Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Federasiya Şurasının rəhbəri Valentina Matviyenkonun vəzifədən getməsi ilə nəticələnəcək. İkincisi isə Azərbaycan Qafqazda Rusiya ilə münasibətləri xoş olan yeganə ölkə olacaq və nəticədə Kremlin Cənubi Qafqazda seçim etmək şansı qalmayacaq. Ermənistan-Azərbaycan qarşıdurması bundan sonra daha da artacaq”.

Kuznetsov hesab edir ki, Rusiyanın Ermənistandan çəkilməsi Moskvanın Qarabağın azad edilməsi üçün Bakıya yaşıl işıq yandıracağı ehtimalını artırır: “Moskva işğal edilmiş ərazilərin azad edilməsi üçün Azərbaycanın hərbi əməliyyatlarına dəstək verə və regionda Rusiya-Azərbaycan-Türkiyə təhlükəsizlik üçbucağının qurulması reallaşa bilər”.
Politoloqun dedikləri hazırda proses halını almasa da gedən proseslər belə ehtimallar irəli sürülməsini stimullaşdırır. Çünki, başda ABŞ olmaqla Qərblə Rusiyanın arasında təcə konkret hadisələr üzrə yox, həm də ümumi mövqelər üzrə fikir ayrılıqları getdikcə güclənir. Qərb Rusiyanıln dünyadakı, ayrı-ayrı regionlardakı nüfuzuna kəskin hücumlarını davam etdirir. Ermənistanda hazırda baş verənlər bu mübarizənin tərkib hissəsidir. Çünki, ABŞ-ın Yaxın Şərq projesinin iflasa uğramasında Türkiyə və Rusiya əsas rol oynayıblar. İndi beynəlxalq səhnədə amerikalıların qarşısında ən güclü maniə türklər və ruslardır. Türkiyəni “sındırmaq” üçün bu ölkə ilə Rusiyanın arasını vurmağı bacarmayan Qərb indi də Kremlin bölgədəki əlini kəsməklə Türkiyəni mühasirəyə alıb təkləmək məqsədini güdür. Erməni inqilabının sualtı mənbəyinin Qərb olması indi heç kimdə şübhə doğurmur. 
Belə bir mənzərə Ankara-Moskva arasında münasibətləri daha da yaxınlaşdırmağa sövq edir. Bu isə Dağlıq Qarabağ münaqişəsinin həlli fonunda məqbul görünür. Münaqişənin həlli mərkəzində Azərbaycanın olduğu Türkiyə-Rusiya müttəfiqliyini regional supergüc timsalında dünyada gedən proseslərə güclü təsir edən siyasi format yarada bilər. Ehtimal edilən belə bir nəticə Ankaraya və Moskvaya bu gün çox lazımdır. 
Eyni zamanda Paşinyanın Qərbə üz çevirməklə yanaşı Dağlıq Qarabağ münaqişəsinin həllində sülhü rədd edən mövqe sərgiləməsi, aydındır ki, bu ehtimalın əleyhinədir. Düzdür, Paşinyan kimdir ki, onun sözü ilə Azərbaycan erməni separatçıları stol arxasına buraxsın. Amma Minsk qrupu Qərbi təmsil etməklə bu amildən istifadə edib sülh danışıqlarını və nəticə etibarı ilə Türkiyə və Rusiyanın müttəfiqliyə qədər yaxınlaşmasını pozmağa nail olar. Məsələnin bu axarı isə müharibənin labüdlüyünü ortaya qoyur. Bunu bir sıra rus ekspertlər də mümkün görürlər.     Hazırda Moskvada səfərdə olan Ermənistanın Xarici işlər naziri Zohrab Mnasakanyan səfər öncəsi “Dağlıq Qarabağ danışıqlar masasında əsas sözə sahib olmalıdır”, - açıqlamasını verib. Güman ki, Mnasakanyan Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdə də bu məsələni gündəmə gətirəcək. Halbuki, bu, münaqişə zonasında müharibəni yenidən tətikləməkdir.
Moskva Dövlət Universitetinin dünya siyasəti və beynəlxalq təhlükəsizlik kafedrasının dosenti Aleksey Fenenkonun sözlərinə görə, Ermənistan rəhbərliyi hiyləgər oyun oynayır: “İrəvan Dağlıq Qarabağ ətrafında idarəolunan böhran yaratmaq istəyir. Bununla həm də Rusiyanın qarşısında sual qoyur: “Qarabağa görə bizimlə döyüşəcəksiniz? Əgər döyüşməyəcəksinizsə, NATO ilə əməkdaşlığımıza mane olmayın”.
Ekspert Dmitri Verxoturov hesab edir ki, İrəvan danışıqlarda iki erməni tərəfini əyləşdirmək istəyir: “Məlumdur ki, Azərbaycan separatçıların danışıqlara cəlb edilməsinə heç vaxt razı olmayacaq. Doğrudur, Azərbaycan Ermənistanın bu təklifinə cavab olaraq deyə bilər ki, danışıqlarda öz doğma yurdlarından qovulmuş və bu torpaqların qanuni sahibləri olan Dağlıq Qarabağın Azərbaycanlı icması da iştirak edə bilər. Bu baş verərsə, danışıqlarda dinamika yarana bilər. Lakin Ermənistanın təklif etdiyi “soyğunu qanuniləşdirmək” cəhdidir. Bu şəraitdə danışıqların aparılması mənasızdır. Beləliklə, Azərbaycan üçün güc variantı alternativsiz olur”. Hər iki ekspertin fikrincə, gec-tez Qarabağda müharibə başlayacaq və münaqişə məhz bu yolla həll olunacaq.
Ermənilərin tələbləri qarşısında Azərbaycanın mövqeyi sərtdir və o, tələb edə bilər ki, madam, belə şərt qoyulursa, erməni silahlı qüvvələri dərhal Azərbaycan ərazilərindən çıxarılsın və Azərbaycan hökuməti öz vətəndaşları ilə onların tələblərini müzakirə edə bilər. Təbii ki, ermənilər də buna gedən deyillər. Bütün bu ehtimalların son ucu yenə də müharibədir. Bu varian isə İrəvanın işğalçılığına son qoymaqla yanaşı, həm də Türkiyə-Azərbaycan-Rusiya formatı üçün əlverişli zəmin hazırlayacaq. Yeri gəlmişkən, Ermənistan da bu üçlüyün kölgəsində özünə isti yuva qura biləcək. Buna görə də İrəvan üçün ən ağıllı variant, münaişəni sülh yolu ilə həll edib özü üçün daha əlverişli mövqe qazanmaqdır. Amma Qərbin qucağına atılmaq arzusunda olan Paşinyanın bu imkanı kəsaddır, ona görə ki, o, artıq kimlərəsə söz verib və yolunu müəyyənləşdirib. İrəvan çıxışı olmayan dalana daxil olub. Geriyə yol isə Azərbaycandan keçir.
N.NOVRUZ